Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-316/2026 09.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, T.Xəlilbəyli küçəsi, ev 146, mənzil 1-də qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında “Belvedere” yaşayış kompleksinin işçiləri ilə mübahisə etmiş, səs-küy salmışdır, bundan başqa o, mütəmadi olaraq həmin binanın sakinlərini narahat edir və onlara qarşı xırda xuliqanlıq əməlləri törətmişdir. Bununla bağlı Polis Şöbəsinə çağırılmışdır. Polis əməkdaşları onu dəfələrlə nizamintizama dəvət etsələr də, o, polislərin tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra polis əməkdaşları onu 26-cı Polis Bölməsinə gətirmişlər. Bununla da o, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, bu şəxs barədə dəfələrlə məlumat almışdır bina rəhbərliyindən və orada çalışan əməkdaşlardan. Belə ki, Şəxs müxtəlif tarixlərdə ünvan 1 ünvanında “Belvedere” yaşayış kompleksinə daxil olub, yuxarı mərtəbələrə qalxıb, cəmaata söz atıb, xanımlara baxıb və hətta bir dəfə xanımlar üçün işçi personal otağına daxil olmuşdur. xx.xx.2026-cı il tarixdə isə yenidən həmin yerə gələrək binanın komendantı və təhlükəsizlik əməkdaşı onu axtaran zaman, o, Zərərçəkmiş şəxs2 hücum etmiş, onu vurmağa başlamış və nalayiq ifadələr işlətmişdir. Bu hadisənin videogörüntüsü də var. Digər zərərçəkmiş şəxs telefonuna qeyd eləmişdir. Şəxsin ciddi qaydada cəzalandırılması zəruridir. Hadisə yerinə gələn polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, lakin o, nalayiq ifadələr işlətmiş, aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də, polislərin tələblərinə tabe olmamışdır. Bununla da o, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, əməlindən peşmandır, istəməzdir ki belə bir hadisə baş versin o, hazıda da hələ içkilidir. ünvan 1 ünvanında “Belvedere” yaşayış kompleksinə dəfələrlə gəlib amma heç kimə sataşmayıb. Həmin evdə onun tanışları yaşayır, arada gəlir ora, həmçinin marketin parklanma yerleri həmin binaın altındadır. Binanın komendantı ilə dalaşmaq istəməmiş, özü də bilməmişdir ki, necə belə mübahisə yarandı. Əvvəllər məhkumluğu olub. Özü həmin bina ilə üzbəüz həyət evində icarədə yaşayır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında bildrimişdir ki, ünvan 1 ünvanında “Belvedere” yaşayış kompleksində təhlükəsizlik əməkdaşı kimi çalışır. Bu vətəndaş barədə çoxsaylı şikayətlər daxil olub və komendant Oqtayla birlikdə onu axtarırdılar. Həmin hadisə baş verəndə ona yaxınlaşıb bu binada nə etdiyini soruşmuşlar, o isə cavab vermədən uzaqlaşıb binadan. Sonradan zirzəmidə yenidən ona yaxınlaşanda Oqtaya hücum edərək əl qaldırmış və əlində olan biçaqla xəsarət yetirmək istəmişdir. O, özü Oqtayın köməyinə gəlmiş və şəxsi oradan uzaqlaşdırmışlar. Dəfələrlə bu insan barədə sahə rəisinə məlumat vermişdir. Biçaq bilmir hardadı, amma dava zamanı şəxsin üstündə idi. Hazırda şikayətçidir, şəxsin barəsində ciddi tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında bildrimişdir ki, ünvan 1 ünvanında “Belvedere” yaşayış kompleksində komendant vəzifəsində çalışı. Məhkəməyə gətirilən vətəndaş barədə sakinlərin çoxsaylı şikayətləri daxil olub. Şəxs inzibati binaya daxil olur, xanımlara baxır, söz atır, zirzəmidə düşür gəzir, insanları narahat edir və hətta bir dəfə xanımlar üçün işçi personal otağına daxil olmuşdur. Şikayətlərdən sora Bəhruzla birlikdə bu şəxs barədə polisə məlumat vermişlər. Hadisə baş verən günü buna dəfələrlə binaya niyə gəldiyi və binanı tərk etməyi söyləmişlər, buna əməl etməyib. Sonra onu zirzəmidə görəndə dərhal dalaşmağa başlamış, ona hücum eləmiş, əlində olan əşyalarla başından zərbə vurmuşdur. Hətta əlindəki biçaqla ona zərbə endirməyə çalışmışdır. Bəhruz da orada olmuş və dərhal köməklik göstərmişdir. Bundan sonra polis əməkdaşları bu şəxsi polis bölməsinə aparmışlar. Hazırda şikayətçidir, şəxsin barəsində ciddi tədbirin görülməsini xahiş edir. Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 13.13-cü bəndinə əsasən qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı YPX inspektorunun qanuni tələbini icra etməkdən imtina etdikdə, habelə əsassız iddialar və tələblər irəli sürməklə konfliktli vəziyyət yaratdıqda rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədi ilə YPX inspektoru növbətçi hissəyə və birbaşa rəisinə məlumat verir. Azərbaycan Respublikasının İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən Raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2026-cı il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:30 radələrində tutulmuşdur. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın xarakteri nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 09 yanvar 2026-cı il tarixdən saat 09:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-104)-316/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-316/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver