Məhkəmə qərarları › İş №3(5-104)-463/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-463/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-463/2026 03.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 20 dekabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:10-da “BYD Qing Plug-İn hibrid” minik markalı, 77SG038 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İXM-nin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşı onu saxlamış və içki içib-içməməyi barədə soruşmuşdur. Qarşılığında bildirmişdir ki, içki içməmiş və əgər lazımdırsa, həkim yoxlanışından da keçməyə hazırdır. Ancaq polis əməkdaşları buna razı olmamış və onu alkoqol miqdarını ölçən cihazdan da keçirməyərək demişlər ki, o, içkili olduğu barədə yazı yazmalıdır. Bu zaman ona qarşı təzyiq də göstərmişlər. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq içkili olmağını etiraf etməyi barədə yazını ona məcburi qaydada yazdırdıqlarını bildirmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə materiala səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 20 dekabr 2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:10-da “BYD Qing Plug-İn hibrid” minik markalı, 77SG038 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İXM-nin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İXP ******* nömrəli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Vİİİ tağımının YPX inspektoru polis serjantı Abbasov Sabir xx.xx.2025-ci il tarixdə saat 10:10-da bu protokolu tərtib etmişdir ona görə ki, BYD markalı, 77SG038 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.1984-cü ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında yaşayan Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmiş, müayinə nəticəsində vətəndaş Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin sərxoşluq nəticəsi 0.330 promil qeyd edilmişdir. Protokolun müayinə olunan şəxsin izahatı, imzası qrafasında olan yazıdan görünür ki, Şəxs bir daha spirtli içki qəbul edib avtomobil idarə etməyəciyini, həkimə ehtiyac olmadığını, 3 bakal pivə içdiyini, əməlindən peşman olduğunu bildirmiş və protokolu imzalamışdır. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 2/72570 nömrəli saat 12:00-da verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs tibbi müayinədən keçən zaman onun ayıq olması müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntünün 1-ci dəqiqəsinin 32 saniyəsinə baxış keçirilərkən görünür ki, Şəxs həkim müayinəsindən keçmək təklif olunur, lakin o, buna ehtiyac olmadığını bildirir və Şəxs protokola imza edərək heç bir etiraz bildirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Məhkəmə Şəxs polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi, alkoqol miqdarını ölçən cihazdan keçirilməməsi və izahatın məcburi yazdırılması barədə verdiyi izahatı iş materialları ilə uzlaşmayan və inandırıcı olmayan hesab edir. Belə ki, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan açıq şəkildə görünür ki, şikayətçi xüsusi texniki vasitədən keçirilmiş, müayinə nəticələri rəsmiləşdirilmiş və protokolda onun izahatı, imzası və razılığı əksini tapmışdır. Videogörüntüdə də Şəxs protokolu könüllü şəkildə imzaladığı, etiraz bildirmədiyi və ona həkim müayinəsindən keçməyin təklif olunduğu, lakin özünün buna ehtiyac olmadığını bildirdiyi müəyyən edilir. Bu hal onun sonradan məhkəmədə verdiyi izahatla ziddiyyət təşkil edir və izahatın məsuliyyətdən yayınmağa cəhd olduğunu göstərir. Eyni zamanda, protokolda Şəxs öz əli ilə “3 bakal pivə içdiyini” yazaraq etiraf etməsi, həkim müayinəsinə ehtiyac olmadığını bildirməsi və əməlindən peşman olduğunu qeyd etməsi inzibati xəta tərkibinin mövcudluğunu təsdiq edir. Bu cür açıq etiraf və könüllü imza şəraitində izahatın məcburi yazdırılması barədə iddialar sübutlarla təsdiqini tapmır. Əksinə videogörüntüyə baxış keçirilərkən onun məcbur edilməsi müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən nəzərə alınır ki, Şəxs hadisədən təxminən 2 saat sonra tibbi müayinədən keçmiş və həmin vaxt onun ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Lakin bu hal inzibati xəta faktını istisna etmir. Məhkəmə hesab edir ki, 0,330 promil spirtli içki göstəricisinin zaman keçdikcə metabolik proseslər nəticəsində azalması tibbi cəhətdən mümkün və qəbul edilmiş haldır. Bu baxımdan, hadisə vaxtı xüsusi texniki vasitə ilə müəyyən edilmiş alkoqol göstəricisi ilə sonradan aparılmış tibbi müayinə nəticələrinin fərqli olması inzibati xətanın mövcudluğuna şübhə yaratmır və onu təkzib etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol, videogörüntü və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə baxışı zamanı öz təqsirini etiraf etməməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.1-ci maddəsi ilə məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar