Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-51/2026 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə X1 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32896789 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32896789 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Renault Megane 3” markalı Az ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən öz sağında avtobus zolağının olduğunu bilib sağ zolağı boş saxlayaraq hərəkət etmişdir. “SMS RADAR” proqramı ilə ona göndərilən fotoşəkildə də (yuxarıdan kamera ilə çəkildiyi halda) xətt aydın görünmədiyi halda, sutkanın qaranlıq saatında və hava asfalt örtüyü yağıntı nəticəsində yaş olarkən o, avtomobilin sağ təkərinin həmin xəttin üzərinə düşməsini hesablaya bilməzdi. Dövlət yol polisi əvvəlcə aidiyyəti qurumdan xətlərin aydın çəkiləməsini tələb edib sonra sürücülərə cərimə yazmalıdır. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 21 dekabr 2010-cu il Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 4-cü bəndində göstərilir ki, “’’Hərəkətdə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan nişanlanma sürücülər tərəfindən asanlıqla və vaxtında anlaşılmalıdır. O, gündüz və gecə vaxtı görünməlidir. Belə nişanlanmanın, xüsusən kifayət dərəcədə işıqlandırılmayan sahələrdə işıqqaytarıcı olması tövsiyyə olunur.” Azərbaycan Respublikası İXM-nin 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. 129.5. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda göstərilənləri və İXM-ninn 128-137-ci maddələrini rəhbər tutaraq, onun inzibati məsuliyyətə cəlb olunmağı barədə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32896789 nömrəli elektron qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32896789 nömrəli elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 32896789 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 18:09:43-də 8-ci km FHN hospitalı yaxınlığında “Renault Megane 3 minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə AR İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Təqdim edilmiş videogörüntüdən və fotoşəkildən görünür ki, “Renault Megane 3 minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda idarə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun: 1-ci maddəsinin 42-ci bəndinə əsasən, məhdudiyyətli görünmə — duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun 300 metrdən az məsafədə görünməsidir. 36-cı maddəsində sürücünün vəzifələri sırasında göstərilir ki, sürücü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Məhkəmə şikayət ərizəsini və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X1 AR İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32896789 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilikdə qaranlıq və ya hava şəraitinin yağışlı olması yol nişanlanmasının (asfalt örtükdə) görünməsinin çətinləşdiyi üçün sürücünün məsuliyyətdən azad edilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilən normalar (“Yol hərəkəti haqqında” Qanununun 1 və 36-cı maddəsi) birbaşa onu təsbit edir ki, yağışlı hava, qaranlıq vaxt və yaş asfalt örtüyü şəraitində diqqət və ehtiyatlılıq dərəcəsinin artırılması sürücünün birbaşa vəzifəsidir. Şikayətdə qeyd edilən “xəttin aydın görünməməsi” arqumenti də hüquqi baxımdan əsassızdır. Çünki yol nişanlanması yalnız vizual rahatlıq üçün deyil, hərəkətin təşkilinə xidmət edən məcburi normadır və sürücü yolun konkret hissəsində xüsusi zolağın (avtobus zolağı) mövcud olduğunu bildiyi halda, bu zolağa yaxın hərəkət zamanı daha ehtiyatlı davranmalı idi. Təqdim edilmiş videodiskdə olan görüntünüdən göründüyü kimi “Renault Megane 3 minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda idarə edilmişdir. Məhkəmə sübutları müqayisəli şəkildə təhlil edərək X1 əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X1 AR İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32896789 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 AR İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32896789 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-51/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-51/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver