Məhkəmə qərarları › İş №3(5-104)-533/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-533/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-533/2026 28.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X12 iclas katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X4, Qərardan şikayət vermiş şəxsin nümayəndəsi, vəkil Nümayəndə1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən MN №1871981 nömrəli xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən guya o, AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, Azərbaycan Respublikası Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixində institutlarında iki qadın əməkdaş arasında yüngül şəxsi münaqişə baş vermişdir. Həmin münaqişə işçilər tərəfindən öz aralarında həll edilmiş və heç bir ağır nəticə yaranmamışdır. Lakin buna baxmayaraq onun guya AR İXMnin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi qeyd edilmişdir və o, min üç yüz manat məbləğində cərimə edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qeyd olunan tarixdə institutda heç bir istehsalatda bədbəxt hadisə baş verməmişdir. İki qadın əməkdaş arasında baş verən şəxsi xarakterli yüngül münaqişə AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş ’’istehsalatda bədbəxt hadisə” anlayışına uyğun gəlmir və bu məfhum altına düşmür. İstehsalatda bədbəxt hadisə dedikdə əmək prosesi zamanı işçinin sağlamlığına zərər vuran, onun əmək qabiliyyətini itirməsinə və ya ölümünə səbəb olan hadisə başa düşülür. Qeyd olunan tarixdə baş verən münaqişə nəticəsində heç kim sağlamlıq itkisinə məruz qalmamış, heç bir tibbi yardıma ehtiyac yaranmamış və hadisə işçilər tərəfindən öz aralarında həll olunmuşdur. Belə olan halda bu hadisəni "istehsalatda bədbəxt hadisə" kimi təqdim etmək və onun tərəfindən həmin hadisənin gizlədilməsini iddia etmək tamamilə əsassızdır. Bundan əlavə, o, bu hadisə ilə əlaqədar heç bir məlumatı gizlətməmişdir, çünki gizlətməyə ehtiyac yaradan hər hansı bədbəxt hadisə baş verməmişdir. İnzibati orqan tərəfindən inzibati xəta hadisəsinin mahiyyəti düzgün müəyyən edilməmiş, faktiki hallar təhrif olunmuş və o, əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdi. Qeyd olunan faktlar əsasında belə hesab edir ki, o, həmin inzibati xətanın subyekti deyil, çünki qanunda nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir və bu əsas da inzibati qərarın qanunsuz olmasına dəlalət edir. Nə üçün o, törətmədiyi və faktiki əsası olmayan qanunsuz bir qərara görə inzibati qaydada cəzalandırılmalıdır. Hazırki vəziyyətdə istehsalatda bədbəxt hadisə baş vermədiyi halda AR İXM-nin 555.1-ci maddəsinin tətbiqi qeyri-mümkündür. İki əməkdaş arasında baş verən şəxsi xarakterli münaqişə qanunda nəzərdə tutulmuş inzibati xəta tərkibini təşkil etmir. İnzibati orqan tərəfindən faktiki hallar düzgün araşdırılmadan, sübutlar qiymətləndirilmədən və inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmədən qərar qəbul edilmişdir. Odur ki, xx.xx.2025-ci il tarixli, MN1871981 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin nümayəndəsi, vəkil Nümayəndə1 verdiyi izahatında göstərmişdir ki, X16 İnstitutunda şöbə müdiri vəzifəsində çalışan, 65 yaşında bir şəxsdir, Elnurə Hüseynova isə Nərgiz xanıma yaşlı qadın olduğu üçün kompüter işlərində, əsərlərin yerləşdirilməsində kömək edirmiş. Oktyabr ayının 20-də nahar fasiləsinə 5 dəqiqə qalmış Elnurə xanım Nərgiz xanımın otağına gələrək kitabları yerə tullayıb, “al sox gözünə” ifadəsini işlətmişdir. Nərgiz xanım isə “bu nə hərəkətdir edirsən” demiş, bu zaman Elnurə Nərgiz xanımın saçını yolmuş və aralarında yüngül mübahisə yaşanmışdır, bu mübahisəyə iş yoldaşları da şahid olmuşdur. X14 Xidməti isə İXM 555.1-ci maddəsinin tələbinin pozulması ilə bağlı olaraq X6 cərimələmişdir. Bədbəxt hadisə dedikdə maraqlıdır ki, X14 nəyi nəzərdə tutur? Bu şəxslər arasında yüngül mübahisə olmuşdur. Ekspert rəyi ilə də sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcə müəyyən edilməmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.10-cu maddəsində göstərilir ki, istehsalatda bədbəxt hadisə – sığorta olunanın əmək funksiyalarını yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı kimi müəyyən edilmişdir. Yəni bir elmi işçinin əmək fəaliyyətinin yerinə yetirməsi zamanı, yəni onun hər hansı bir elmi əsəri oxuyarkən, məqalə yazarkən, müzkirələr apararkən bədbəxt hadisə yaşanmasını nəzərdə tutur və bu hadisə heç bir maddənin təsiri altına düşmür. Odur ki, qərarın ləöv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Bildirdi ki, inzibati tənbeh vermə haqqında qərar qanunidir və əsaslıdır. Əmək Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinin pozulmasına görə İXM-nin 555.1-ci maddəsi ilə pozuntu müəyyən edilmişdir. Əmək məcəlləsinin 217.1-ci maddəsində göstərilir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda bədbəxt hadisənin baş verib-verməməsini X14 Xidməti müəyyən edir. Hadisə barədə X14 Xidmətinə dərhal məlumat verilməli və müfəttişlik tərəfindən komissiya yaradılaraq araşdırma aparılmalı və tədqiqat aktı çıxarılaraq hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olub-olmadığını müəyyən edilir. Hər bir halda xəsarətin ağırlıq dərəcəsindən asılı olmayaraq həmin gün onlara məlumat verilməli idi. Araşdırma isə X7 ərizəsi əsasında aparılıb. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X3 adına Dilçilik İnstitutunun əməkdaşı X7 xx.xx.2025-ci il tarixdə iş yerində xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin araşdırılması üçün DƏMX-ə məlumat vermədiyinə görə, İXM-in 555.1ci maddəsi ilə təqsirli bilinib 1300 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)- 439/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarına əsasən X13 İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərarda olan Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X19 xx.xx.2025-ci il tarixli, 898 nömrəli ekspert rəyindən görünür ki, X10 bədən səthində aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin qançır-şişkinliyi, sol gözaltı və yanaq nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənməklə xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Belə ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.2-ci bəndinə görə işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.7-ci bəndinə görə işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X14 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X14 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndinə görə ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X14 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X14 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, işə götürən, işçilər arasında baş verən xəsarət halları barədə müvafiq orqanlara məlumat verməyərək, qanunvericiliyin tələb etdiyi məlumatlandırma öhdəliyini pozmuşdur. Bu, yalnız xəsarət alan şəxsin hüquqlarını zədələmək deyil, eyni zamanda əmək müfəttişliyinin həmin hadisəni araşdırmaq və lazım olan tədbirləri görmək imkanını məhdudlaşdırır. Həmin məlumat verilmədikdə, həm işçinin hüquqlarının qorunması, həm də bu cür hadisələrin təkrarlanmasının qarşısının alınması çətinləşir. İşə götürənin bu davranışı, əmək hüququnu pozan bir hərəkət kimi qiymətləndirilə bilər, çünki dövlət orqanlarına məlumat verilməməsi həm hüquqi, həm də etik baxımdan doğru deyil. Əmək müfəttişliyinin və digər müvafiq qurumların hadisəyə müdaxiləsi, xəsarət alan şəxsin sağlamlığını qorumaq və hüquqlarını təmin etmək üçün vacibdir. Eyni zamanda, bu məlumatın vaxtında verilməməsi, gələcəkdə oxşar hadisələrin qarşısının alınması üçün müvafiq hüquqi tədbirlərin görülməsini çətinləşdirir. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, xəsarətlərin nə qədər ciddi və ya yüngül olmasından asılı olmayaraq, işə götürənin bu hadisə barədə müvafiq dövlət orqanlarına məlumat verməsi tələb olunur. Əgər işə götürən bu öhdəliyi yerinə yetirməyib və əmək müfəttişliyinə məlumat verməyibsə, o zaman qanunvericiliyi pozmuş olur və bu cür pozuntu ciddi hüquqi nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar