Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-552/2026 16.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən hüquqi şəxs “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsinin qərb hissəsində yerləşən tikinti obyektində xx.xx.2025-ci il tarixdə saat 10:55 radələrində işçi Şahid (FİN: xxxxxxx) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da “X19” MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X12 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək “X19” MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə bildirmişdir ki, Şahid “X19” MMC-də işçi olmamış, sadəcə olaraq tikinti aparılan əraziyə gələrək dəmir yığmışdır. Onlar həmin şəxsi danışdırmış və onunla bağlı polis orqanına da şikayət etmişlər. Şahid özü də etiraf etmişdir ki, “X19” MMC ilə heç bir əlaqəsi yoxdur, tikinti aparılan əraziyə dəmir yığmağa gəlmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin əmək müfəttişi X2 tərtib etdiyi 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsinin qərb hissəsində yerləşən tikinti obyektində xx.xx.2025-ci il tarixdə saat 10:55 radələrində işçi Şahid (FİN: xxxxxxx) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da “X19” MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan görünür ki, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X10 X1 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 25 noyabr 2025-ci il tarixli 3- 45/3-2-47/2025 nömrəli qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsinin qərb hissəsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətində (VÖEN: **********) qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2025-ci il 04 dekabr tarixli akt tərtib edilmişdir. Yoxlama zamanı 18 şəxs yoxlanıldı. Tikinti obyektinin sifarişçisi X7 (VÖEN: **********) tərəfindən 2 şəxs əmək müqaviləsi bağlanılmaqla işə cəlb edilmişdir (Cədvəl 1). Tikinti obyektinin podratçısı Şəxs MMC tərəfindən 7 şəxs əmək müqaviləsi bağlanılmaqla, 1 şəxs isə əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi müəyyən edilmişdir (Cədvəl 1, Cədvəl 2). Tərəflər arasında bağlanılmış mülki-hüquqi müqavilə təqdim edilmişdir. QEYD: Tikinti ərazisində yoxlamaya cəlb olunmuş digər 8 şəxs işə qəbul ilə bağlı gəldikləri üçün kənar şəxs olduqları müəyyən edildi. Növbə kağızı verilmiş və özünü “X13” kimi təqdim edən şəxs yoxlama prosesinə cəlb olunmadan ərazini tərk etmişdir. Sahibkarın nümayəndəsinə dəfələrlə həmin şəxsin dəvət olunması xahiş edilsə də tanımadıqlarını bildirdilər. Yanlış ad verən həmin şəxs ərazidə olmadığı üçün şəxsiyyətini doğrulamaq mümkün olmayıb. Məlumat üçün bildirilir ki, həmin şəxsi yoxlama qrupu əməkdaşları tikilməkdə olan binadan gətirib növbə kağızı verərək yoxlamadan keçməsi üçün yoxlayıcıya yönləndiriblər (video görüntülər əlavə olunur). Yalan ad verərək ərazini tərk etmiş olması əmək müqaviləsi olmadan çalışdığına ciddi şübhələr yaradır. Habelə, əmək müqaviləsi olmadan işə cəlb edilən 1 işçi (Şahid) yoxlama qrupu əməkdaşları tərəfindən tikintisi davam edən binanın 2-ci mərtəbəsindən növbə kağızı verilərək yoxlamadan keçməsi üçün aşağıya (tikinti ərazisinə) yönləndirilib. Məlumat üçün bildirilir ki, Şahid də başqa ad (X11) verərək ərazini tərk etmişdir. Lakin yoxlamaya cəlb edilərək şəxsiyyəti müəyyən olunmuş, əmək müqaviləsinin olmadığı aşkar edilmişdir (ərazini tərk etdikdən sonra iş paltarını dəyişdirmişdir - videogörüntülər əlavə olunur). Arayışa əlavə edilmiş cədvəl 2-dən görünür ki, “X19” MMC tərəfindən Şahid (FİN: xxxxxxx) əmək müqaviləsi olmadan və ya hüquqi qüvvəyə minmədən işə cəlb edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 25 noyabr 2025-ci il tarixli, 3-45/3-2-47/2025 nömrəli qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsinin qərb hissəsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətində (VÖEN: **********) 2025-ci ilin 3-5 dekabr tarixlərində (3 gün müddətində) bu qərar ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X10 X1 şöbəsi tərəfindən plandankənar yoxlama (monitorinq) həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 25 noyabr 2025-ci il tarixli KY252468786 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsinin qərb hissəsində yerləşən tikilməkdə olan çoxmənzilli yaşayış binasında plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 04 dekabr 2025-ci il tarixli yoxlama aktından görünür ki, yoxlama zamanı 18 nəfər şəxs yoxlamaya cəlb olunmuşdur. Yoxlanılan şəxslərdən 7 nəfər Şəxs MMC, 2 nəfər fiziki şəxs X7 (VÖEN **********) tərəfindən müqavilə bağlanılmaqla işə cəlb edilmiş, 1 nəfər şəxs isə Şəxs MMC tərəfindən müqavilə bağlanılmadan işə cəlb olunmuşdur. Tikinti ərazisində 8 nəfər kənar şəxs aşkar edilmişdir. Növbə kağızı verilmiş X5 özünü təqdim edən şəxs yoxlamadan yayınmışdır. Podrat müqavilələri təqdim olunmuşdur. Bütün prosesin video görüntüləri materiallara əlavə olunur. Aktın sahibkarın izahatı, iradı və ya etirazı hissəsində - sahibkar bildirmişdir ki, işçi siyahısında adı göstərilən Şahid Əliyar oğlu hər hansı işlərin yerinə yetirilməsinə işçi kimi cəlb olunmayıb, özü də deyir ki, o, işçi deyil, 1 nəfər şəxsin əmək müqaviləsi bağlanmadan işi kimi cəlb edilməsi halı ilə razı deyil, bütün işçilərlə müqavilələri var, müqaviləsiz işçi cəlb etməmişlər, yoxlama aktı ilə razı deyil. 01 iyul 2024-cü il tarixli AH 030/24 nömrəli podrat müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən “Sifarişçi” adlandırılacaq Fiziki şəxs X6 şəxsində, digər tərəfdən (bundan sonra mətində ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər”adlandırılacaq) Azərbaycan Respublikası qanunvericiliyi və qeydə alınmış Nizamnaməsi əsasında fəaliyyət göstərən bundan sonra mətində “Podratçı” adlandırılacaq Şəxs direktoru X15 şəxsində aşağıdaki şərtlərlə bağlandı. Müqavilənin predmeti - “Podratçı” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 127 saylı sərəncamına və İcazə № Tİ-10/24 seriya nömrəli xx.xx.2024 “Sifarişçi”nin icarəsinə verilən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsinin qərb hissəsində yerləşən 0.70 ha torpaq sahəsində tikintisinə icazə verilmiş 1 girişli, 1 mərtəbəli qaraj və binanın “0” səviyyəsindən yuxarı 10 mərtəbəli yaşayış (texniki mərtəbə xaric) binasını tikib bu müqavilədə müəyyən edilmiş şərtlər daxilində “Sifarişçi”-yə verməyə, “Sifarişçi” isə bu müqavilədə müəyyən edilən qaydada və məbləğdə “Podratçının” gördüyü işlərin əvəzini ödəməyi öz öhdələrinə götürürlər. Bu müqavilə üzrə binanın inşası üçün zəruri olan bütün tikinti materialları, avadanlıqlar, maşın və mexanizmlər (həmin maşın və mexanizmlərin sürücüləri və operatorları ilə birlikdə) “Sifarişçi” tərəfindən onun vəsaitləri hesabına təchiz olunur. “Podratçı” müqavilənin 1.1-ci bəndində qeyd edilən binanın layihəyə uyğun tikilib təhvil verilməsini, o cümlədən kommunal infrastrukturun yaradılması da daxil olmaqla bu məqsədlə zəruri olan bütün işlərin görülməsini 30 (otuz) ay müddətində başa çatdırılmasını təmin edir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X15 “X19” MMC-də əmək müqaviləsi üzrə direktor olmaqla xx.xx.2024-cü il tarixdə işə başlamışdır. AR DİN Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi tərəfindən X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 54-3/2-Ə-6713/8/25 nömrəli məktubdan görünür ki, məktubun mətni “sizin, xx.xx.2025-ci il tarixli müraciətiniz icraatıma daxıl olmuşdur. Həmin müraciət əsasında şikayət etdiyiniz xx.xx.1980-cı il təvəllüdlü, Beyləqan rayonu, Aşıq Alılar kənd sakini, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsində kirayə yaşayan, Şahid Əliyar oğlu müəyyən olunaraq izahatı alınmış və müəyyən olunmuşdur ki, yaxınlıqda kirayə yaşayır, tez-tez sizə məxsus tikinti sahəsindən təmir qırıntıları yığır və təhvil verərək dolanışığını çıxarır. xx.xx.2025-ci il tarixində yenə də həmin tikinti sahəsində tanımadığı naməlum şəxslə tikinti sahəsində dəmir qırıntıları yığarkən monitorinq qrupunun işçiləri tikinti sahəsinə daxil olarkən onların geyimindən polis işçiləri olduğunu zənn edib qorxularından oradan qaçmışlar. Sonradan onu tikinti işçiləri tanıdığından çağırmış, lakin yanındakı adını bilmədiyi şəxs qaçıb çıxıb getmişdir. Vət. ŞahidƏ oğlu həmin tikintidə çalışmadığını bildirmiş və yalnız oradan dəmir qırıntıları topladığını bildirmişdir. Vət. Şahid Əliyar oğlunun əməlində heç bir əməlin tərkibi olmadığından müraciətinizlə bağlı aparılan araşdırma 32-ci PB-də işə alımnmışdır” məzmunda olmuşdur. AZEMİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şahid Əliyar oğlunun aktiv əmək müqaviləsi yoxdur. Təqdim edilmiş diskdə olan videogörüntülərdən görünür ki, plandankənar yoxlama aparılan tikinti sahəsi hər tərəfdən dəmir hasar ilə əhatə olunmuş, qapının girişində mühafizə xidməti olmuşdur. Bundan başqa plandankənar yoxlama zamanı Şahid Əliyar oğlu fəhlə geyim formasında dayanaraq özünün ad, soyad və doğum tarixini yalnış bildirərək 1978-ci ildə anadan olduğunu və X4 olduğunu bildirir, həmçinin tikintisi davam edən binanın 2-ci mərtəbəsində olduğunu etiraf edir. Sonrakı görüntüdə isə görünür ki, Şahid Əliyar oğlu paltarını dəyişmiş və özünü Şahid Əliyar oğlu kimi təqdim edərək, 1980-ci ildə anadan olduğunu bildirərək “X19” MMC-də işləmədiyini və həmin ərazidə dəmir qırıntıları yığdığını, təxminən səhər saat 10:00 radələrində həmin əraziyə gəldiyini bildirir. “X19” MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş diskdə olan videogörüntüdən görünür ki, Şahid Əliyar oğlu tikintisi davam edən binanın 6-cı mərtəbəsində dəmir qırıntıları yığdığını, lakin adı çəkilən MMC-də işləmədiyi bildirir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işə götürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən - əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu əmək münasibətlərinə və mülkihüquqi münasibətlərə geniş və ətraflı izah vermiş, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərin daxil olduğu hüquqi münasibətlərin bir qayda olaraq əmək münasibətləri olaraq çıxış etməsini göstərmişdir. Məhkəmənin mövqeyi: İş üzrə toplanmış sübutlar ayrı-ayrılıqda, qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirildikdə belə nəticəyə gəlmək mümkündür ki, Şahid “X19” MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə faktiki olaraq cəlb edilmişdir və bu hal iş materialları ilə tam təsdiq olunur. Belə ki, 01 iyul 2024-cü il tarixli podrat müqaviləsindən görünür ki, “X19” MMC çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirən podratçıdır və əsas fəaliyyət sahəsi tikinti işləridir. Monitorinq aktında və videogörüntülərdə Şahid tikintisi davam edən binanın 2ci, 6-cı mərtəbələrində və həmin binanın digər yerlərində metal (dəmir) qırıntıları topladığı təsdiqini tapmışdır. Tikinti prosesində dəmir qalıqlarının toplanması, materialların çeşidlənməsi və ərazinin təmiz saxlanılması istehsalat prosesinin ayrılmaz tərkib hissəsidir və tikinti fəaliyyətinə birbaşa aiddir. Bu baxımdan Şahid gördüyü iş müstəqil, təsadüfi və ya üçüncü şəxsin fəaliyyəti deyil, podratçının əsas fəaliyyət sahəsinə inteqrasiya olunmuş əmək funksiyasıdır. Bu hal Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsi baxımından münasibətlərin əmək münasibətləri kimi qiymətləndirilməsi üçün əsas əlamətlərdən biridir. Bundan başqa, monitorinq aktında açıq göstərilir ki, Şahid tikintisi davam edən binanın 2-ci mərtəbəsindən yoxlama qrupunun əməkdaşları tərəfindən müəyyən edilərək aşağıya yönləndirilmişdir. Digər videogörüntüdə isə o, 6-cı mərtəbədə dəmir qırıntıları topladığını etiraf edir. Əgər şəxs sadəcə kənardan gəlmiş metal toplayan biri olsaydı, həmin şəxsin tikintisi başa çatmamış, mərtəbələrarası təhlükəli zonaya daxil olması, üst mərtəbələrdə hərəkət etməsi və fəaliyyət göstərməsi real və məntiqli hesab edilə bilməz. Bu hal onun tikinti prosesində faktiki iştirakını və obyektə sərbəst çıxış imkanının olduğunu göstərir. Videogörüntülərdən və materiallardan görünür ki, tikinti sahəsi dörd tərəfdən dəmir hasarla əhatə olunmuş, girişdə mühafizə xidməti təşkil edilmişdir. Belə olan halda, kənar və təsadüfi şəxsin mühafizəni keçərək, heç bir nəzarət olmadan tikinti binasının içərisinə daxil olması, 2-ci və 6-cı mərtəbələrə qalxması və metal toplaması həyat təcrübəsinə və obyektiv məntiqə uyğun deyil. Əgər Şahid həqiqətən də müəssisə ilə heç bir əlaqəsi olmayan kənar şəxs olsaydı, mühafizə və məsul şəxslər tərəfindən əraziyə buraxılmaması və ya dərhal uzaqlaşdırılması gözlənilən idi. Onun ərazidə sərbəst hərəkət etməsi faktiki əmək münasibətinin mövcudluğuna dəlalət edir. Bundan əlavə, monitorinq zamanı ilk videogörüntüdə Şahid fəhlə (usta) geyimində olduğu görünür. Sonrakı görüntüdə isə paltarını dəyişmiş və daha səliqəli geyimdə izahat verir. Təsadüfi dəmir toplayan şəxsin tikinti binasının daxilində fəhlə geyim formasında olması və qısa müddət sonra geyimini dəyişməsi inandırıcı deyil. Bu hal onun tikinti prosesində işçi qismində iştirak etdiyini, yoxlama zamanı isə bunu gizlətməyə cəhd göstərdiyini sübut edən mühüm obyektiv dəlildir. Həmçinin, videogörüntüdə Şahid ilkin olaraq özünü “X4”, 1978-ci il təvəllüdlü kimi təqdim edir. Sonradan isə əsl şəxsiyyətini bildirir. Şəxsin yoxlama zamanı yanlış ad, soyad və doğum tarixi deməsi onun monitorinqdən yayınmaq və məsuliyyətdən qaçmaq niyyətini açıq şəkildə göstərir. Əgər o, sadəcə metal toplayan və heç bir hüquq pozuntusu törətməyən şəxs olsaydı, şəxsiyyətini gizlətməsinə ehtiyac olmazdı. Bu davranış onun faktiki əmək münasibətini gizlətmək məqsədi daşıdığını göstərir və sonradan monitorinq və polis bölməsinə verdiyi izahatlarının mötəbər və mümkün olmadığını göstərir. Şahid izahatında saat 10 radələrində əraziyə gəldiyini bildirir. Monitorinq aktında onun artıq binanın mərtəbəsində iş başında olduğu müəyyən edilir. Bundan başqa, əvvəlcə 2-ci mərtəbədə, digər görüntüdə isə 6-cı mərtəbədə olması onun ərazidə müəyyən müddət fəaliyyət göstərdiyini göstərir. Qısa zaman ərzində hasarlı, mühafizəli obyektə daxil olub, mərtəbələrə qalxıb, metal toplayıb, sonra da təsadüfi şəkildə tutulduğunu iddia etməsi real və məntiqli görünmür. Bununla yanaşı, 25 noyabr 2025-ci il tarixli qərara əsasən aparılmış plandankənar monitorinq nəticəsində 18 nəfər yoxlanılmış, onlardan 1 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən edilmiş və həmin şəxs cədvəldə konkret olaraq Şahid kimi göstərilmişdir. Bu akt dövlət orqanı tərəfindən səlahiyyət çərçivəsində tərtib edilmiş rəsmi sənəddir və videogörüntülərlə dəstəklənir. Həmçinin, AZEMİS elektron məhkəmə sistemindən çıxarış isə Şahid aktiv əmək müqaviləsinin olmadığını təsdiq edir. Bu isə faktiki işləmə ilə hüquqi rəsmiləşdirmə arasında uyğunsuzluğu göstərir. Əmək Məcəlləsinin 7-ci maddəsinə və bu maddənin tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, münasibətlərin hüquqi mahiyyəti onların faktiki xarakterinə görə müəyyən edilməlidir. Bu işdə: fiziki şəxs mövcuddur; o, işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş görür; iş yerində, tikinti obyektində aşkar edilir; müəssisədaxili nəzarət zonasındadır; işçi geyimindədir; əmək müqaviləsi mövcud deyil. Bu əlamətlərin məcmusu əmək münasibətinin faktiki mövcudluğunu göstərir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, yoxlama qanuni şəkildə aparılmış və “X19” MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “X19” MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X19” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-552/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-552/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver