Məhkəmə qərarları › İş №3(5-104)-573/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-573/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-573/2026 03.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş EP seriyalı ******* nömrəli 13 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs (VÖEN **********) tərəfindən 23 dekabr 2025-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********6917, **********6918, **********6920 sorğu nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən, Çindən ünvanına idxal olunan 3 (üç) ədəd, 2025-ci il buraxılışlı, “BAİC” markalı minik avtomobilini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 08 dekabr 2025-ci il tarixdə “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsində düzgün olmayan məlumatlar göstərilmişdir. Araşdırma zamanı DGK-nın “VAİS” sisteminə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Şəxs ünvanına idxal olunan 3 (üç) ədəd, 2025-ci il buraxılışlı. “BAİC” markalı minik avtomobili “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postunu xx.xx.2025-cı il tarixdə, 22:27 radələrində 94311891 nömrəli nəqliyyat vasitəsi ilə keçmişdir. Həmin nəqliyyat vasitələrinə dair **********9380 sorğu nömrəli qısa idxal bəyannaməsi 20.11 2025-ci il tarixdə tərtib olunmuşdur. Lakin tərtib olunmuş qısa idxal bəyannaməsinin 21 -ci qrafasında sərhəddən keçən nəqliyyat vasitəsinin nömrəsi düzgün eyniləşdirilməmişdir. Belə ki, Şəxs ünvanına idxal olunan 3 (üç) ədəd, 2025-ci il buraxılışlı, “BAİC” markalı minik avtomobili “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postunu 94311891 nömrəli nəqliyyat vasitəsi ilə keçmiş, lakin qısa idxal bəyannaməsinin 21-ci qrafasında sərhəddən keçən nəqliyyat vasitəsinin nömrəsi 384500 qeyd olunmuşdur. Bu səbəbdən qısa idxal bəyannaməsi sistemdə arxivləşdirilə bilməmişdir. Qısa idxal bəyannaməsi təsdiqlənmədiyi üçün **********6917, **********6918, **********6920 sorğu nömrəli gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuşdur ki, Şəxs tərəfindən qısa idxal bəyannaməsinə düzgün məlumatlar daxil edilməmiş, müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumatlar vermişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin böyük inspektoru Əşrəf Babayev tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn 3 (üç) ədəd GB nömrəsi **********6917, **********6918, **********6920 olan nəqliyyat ss təhəri 'Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan ölkə ərazisinə daxil olarkən qısa idxal bəyannaməsində nəqliyyat nömrəsi səhv qeyd edilib. xx.xx.2025-ci il tarixli **********9384 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, 21-ci qrafada nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi 384500 qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli **********6917, **********6918, **********6920 nömrəli gömrük bəyannamələrindən görünür ki, 21-ci qrafada nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi 94311891 qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar