Məhkəmə qərarları › İş №3(5-104)-642/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-642/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-642/2026 28.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri X3 və Nümayəndə3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 06 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş X6 müraciəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2- 115342/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin xx.xx.2026-cı il tarixədək Şəxs MMC tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X2 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaşın müraciəti əsasında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən müraciətin araşdırılması məqsədilə Şəxs ASC-yə həm ƏMAS sistemi, həm də Azərpoçt vasitəsilə sorğu göndərilmiş, lakin sorğuya 7 iş günü ərzində cavab verilməmişdir. Buna görə də inzibati xəta ilə bağlı protokol tərtib edilmişdir. Odur ki, Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X7 bildirdi ki, Bəşirov Tahir ixtisara düşdüyü üçün bir çox orqanlara şikayət ünvanlamışdır. Onlar özləri də vətəndaşın müraciətinin cavablandırılması ƏMAS sistemi üzərindən aparılmışdır və müfəttişliyin onlara göndərdiyi məktub onlara dekabrın 30-u çatmışdır ki, o da məlumat üçün göndərilmişdi, icra üçün yox. Yekunda əməldə inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 protokola etiraz edərək bildirdi ki, 11 dekabr tarixində müfəttişlik tərəfindən ilkin müraciət daxil olub, bu müraciət qarşı tərəf tərəfindən yüklənən poçt sənədlərinə əsasən 30 dekabr tarixdə Şəxs ASC tərəfindən təhvil alınmışdır. Əvvəlcə hüquqi ünvana göndərilmiş, oradan geri qayıtmış, daha sonra isə faktiki ünvana göndərilmişdir, 30 dekabr tarixdə onlara çatmış və tərəflərindən təhvil alınmışdır. Onun əsasında cavab məktubu göndərmişdirlər. Məsələnin təcili olduğunu başa düşərək 30 dekabr tarixdə cavab məktubu təcili şəkildə tərəflərindən göndərilmişdir. Təqdim etdiyi sənəddə də cavab məktubunun təhvil alınmasına dair poçt qəbzi də vardır. Bundan başqa müfəttişlik tərəfindən 7 iş günlük müddət gözlənilməmiş və 6 yanvar tarixində protokol tərtib edilmişdir. Bu hesablanma növbəti iş günündən olmalı idi, belə ki, dekabrın 31-i bayram günü olmuş, 5 gün qeyri iş günü olmaqla yanvarın 5-i ilk iş günü olmuşdur. Digər tərəfdən Əmrah adlı işçinin yerləşdirdiyi linkə daxil olmaq mümkün olmamışdır. Kadrlar şöbəsinin müdiri tərəfindən mail ünvanlanlanmış, əvvəlcə cavab məktubunu yerləşdirmişlər və əlaqə nömrəsi istəmişdirlər ki, əlaqə yaratmaq mümkün deyil, linkə daxil olmaq mümkün deyil. 23 dekabr tarixdə müfəttişlik tərəfindən onlara xəbərdarlıq edilmişdi ki, barələrində protokol tərtib olunmalıdır və zoom vasitəsilə onlayn qoşula biləcəkləri bildirilmişdi və onlar da vaxta qənaət etmək üçün onlayn qoşulmaq istəmişdirlər. Protokolda ƏMAS sistemindən yox, sadəcə Azərpoçtdan çıxarışlar göstərilib, ƏMAS sistemindən çıxarış verilməyib. Son olaraq bildirmək istəyir ki, protokolun tərtibində onların iştirakı təmin olunmayıb, link işləməyib, əməkdaş əlavə korporativ mailini verib və ona heç bir geri dönüş edilməyib. İnzibati xəta protokolunun tərtib olunması barədə məlumat onlara 6 yanvar saat 13:29 tarixində çatıb. Yəni saat 10:00-da olan prosesin məlumatı onlara 13:29 da çatıb. Protokolda təqdim olunan sübutlar Azərpoçtun qəbzləri ilə bağlıdır ki, bu da onların haqlı olduqlarını göstərir.Yekunda əməldə inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X6 müraciəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2-115342/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin xx.xx.2026-cı il tarixədək Şəxs MMC tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-115342/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X6 Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanladığı müraciətinə baxıldığı üçün AR ƏM-nin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X9 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Şəxs MMC-nin elektron kabinetinə yerləşdirilmiş məktubun sürətindən görünür ki, sorğu Şəxs MMC-yə çatdırılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən vətəndaş X6 müraciəti əsasında 3-17-5/2-115342/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub əsasında tələb olunan sənədlər xx.xx.2026-cı il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərəfindən MMC-yə göndərilən sənədlər, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, elektron sistem vasitəsilə rəsmi şəkildə MMC-yə təqdim edilmişdir. Elektron sistemlər vasitəsilə sənədlərin çatdırılması, qanunla müəyyən olunmuş müddət və qaydalara uyğun olaraq hüquqi qüvvəyə malikdir. Hər hansı bir sənədin, xüsusilə əmək müfəttişliyi tərəfindən göndərilən, elektron şəkildə MMC-ə təqdim edilməsi, MMC-nin həmin sənədləri qəbul etdiyi və onlara görə cavab vermək öhdəliyi daşıdığı anlamına gəlir. Azərbaycan Respublikası İXM 539-cu maddəsi, əmək qanunvericiliyinə riayət etməyən şəxslərin hüquqi məsuliyyətini müəyyən edir. Bu maddəyə əsasən, əmək müfəttişliyinin sənədləri MMC-yə təqdim edildikdən sonra, MMC-nin bu sənədlərə cavab verməməsi və ya lazımi tədbirləri görməməsi, onun təqsirini təsdiq edir və qanunvericiliyə zidd fəaliyyətini göstərir. Beləliklə, MMC-nin əmək qanunvericiliyinə riayət etməməsi və bu istiqamətdə müfəttişliyin göndərdiyi sənədləri nəzərə almayaraq hərəkət etməsi, onun məsuliyyətini artırır. Elektron sistemlər vasitəsilə göndərilən sənədlərin MMC-yə çatdırılması, müvafiq şəxslər tərəfindən qəbul edildiyinin və həmin sənədlərlə bağlı müvafiq tədbirlərin görülməsinin vacibliyini önə çəkir. Bu sənədlər MMC üçün müvafiq xəbərdarlıq və bildiriş sayıla bilər. Bu baxımdan, MMC-nin həmin sənədlərə reaksiya verməməsi, əmək qanunvericiliyinin pozulmasına səbəb olmuşdur. Son olaraq, əmək müfəttişliyi tərəfindən MMC-yə təqdim edilən sənədlər, hüquqi baxımdan MMC-nin qəbul etdiyi və ya qəbul etməli olduğu sənədlərdir. Bu sənədlərin qəbul edilməsi ilə MMC-nin müvafiq hüquqi vəzifə və öhdəlikləri yaranmışdır. Əgər MMC bu öhdəliklərini yerinə yetirməyib, müvafiq qaydalara riayət etməyibsə, onun əmək qanunvericiliyini pozduğu və İXM 539-cu maddəsi ilə tənbeh olunması üçün əsas yaranmışdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-50, 114- 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar