Məhkəmə qərarları › İş №3(5-104)-667/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-667/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-667/2026 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Azərbaycan Əməliyyat Şirkətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə "xxxx" Azərbaycan Əməliyyat Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X6i Şöbəsi "xxxx" Azərbaycan Əməliyyat Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 17 sentyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" Azərbaycan Əməliyyat Şirkətinin istifadəsində olan “NİO ES6” markalı, 90YE536 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci ildə İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Azərbaycan Əməliyyat Şirkətinin etibarnamə üzrə nümayəndəsi X3 bildirmişdir ki, "xxxx" Azərbaycan Əməliyyat Şirkəti fəaliyyətini dayandırdıqdan sonra onun nəzdində olan bütün avtomobillər dövlət qurumlarına təhvil verilməlidir. Protokolda qeyd olunmuş “NİO ES6” minik markalı, 90YE536 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi başqa bir dövlət qurumuna – Qaradağ Rayon İcra Hakimiyyətinə 13 mart 2025-ci il tarixdə fiziki şəkildə təhvil verilmiş, ancaq balans olaraq onlardadır, çünki Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən həmin avtomobil hələ də qeydiyyata alınmamışdır. Yasamal rayon DYPŞ-na da bu barədə məlumat verilmiş, ancaq buna baxmayaraq DYPŞ tərəfindən barələrində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X6i Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X6i Şöbəsi tərəfindən “NİO ES6” minik markalı, 90YE536 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi "xxxx" Azərbaycan Əməliyyat Şirkətindən xahiş olunmuşdur; DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrə, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır; DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, “NİO ES6” minik markalı, 90YE536 dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir; SX047774388AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X6i Şöbəsinin sorğu məktubu 15 avqust 2025-ci il tarixdə “Səfərov” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X6i Şöbəsinin polis leytenantı X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 17 sentyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, "xxxx" Azərbaycan Əməliyyat Şirkətinin istifadəsində olan “NİO ES6” markalı, 90YE536 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci ildə İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3(5-104)-667/2026 saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən axtarış zamanı məlum olmuşdur ki, X6 İdarəsi tərəfindən 29.07 2025-ci il tarixində AZ1122 saylı poçt şöbəsi vasitəsilə "xxxx" Azərbaycan Əməliyyat Şirkətinə ünvanlanmış SX047774388AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, xx.xx.2025-ci il tarixdə ünvan üzrə xidmət göstərən AZ 1025 saylı poçt şöbəsinə daxil olmuş, xx.xx.2025-ci il tarixində müəssisənin əməkdaşına (Səfərov) təhvil verilmişdir. Sözügedən məktubun xəbərnaməsi xx.xx.2025-ci il tarixində AZ1122 saylı poçt şöbəsi tərəfindən göndərici tərəfə təqdim edilmişdir. 13 mart 2025-ci il tarixli, 54 nömrəli təhvil-təslim aktından görünür ki, "xxxx" Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “NİO ES6” minik markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin balansına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən barəsində inzibati icraat aparılan "xxxx" Azərbaycan Əməliyyat Şirkətinə mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu “Şəxs” tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, "xxxx" Azərbaycan Əməliyyat Şirkəti İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, nəqliyyat vasitələrinin hər hansı dövlət orqanına təhvil-təslim aktı əsasında fiziki olaraq təqdim edilməsi, eləcə də həmin nəqliyyat vasitələrinin etibarnamə və ya yol vərəqəsi olmadan idarə edilməsi barədə məlumatlarının olmaması hüquqi baxımdan avtomatik olaraq bu nəqliyyat vasitələrinin mülkiyyət hüququnun dövlət orqanına keçməsi anlamına gəlmir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun başqasına keçməsi rəsmi reysterdə qeydiyyatla təsdiqlənməlidir. İş materiallarından da göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən nəqliyyat vasitələrinin müəssisənin balansından çıxarılması və ya dövlət orqanının mülkiyyətinə keçirilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Bu isə həmin nəqliyyat vasitələrinin hüquqi baxımdan hələ də "xxxx" Azərbaycan Əməliyyat Şirkətinin mülkiyyətində olduğunu təsdiq edir. Belə olan halda, nəqliyyat vasitəsinin inzibati xəta törədilməsi zamanı kim tərəfindən idarə edildiyi barədə məlumatın verilməsi öhdəliyi mülkiyyətçi kimi məhz "xxxx" Azərbaycan Əməliyyat Şirkətinin üzərində qalır. Bu öhdəliyin qanunla müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi isə İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına əsas verir. Beləliklə, nəqliyyat vasitəsinin faktiki istifadəyə verilməsi mülkiyyət hüququnun keçməsini sübut etmədiyindən və tələb olunan məlumatın vaxtında təqdim edilməməsi inzibati xəta tərkibini tam formalaşdırdığından, "xxxx" Azərbaycan Əməliyyat Şirkətinin inzibati məsuliyyətə cəlb edilməsi hüquqi və faktiki baxımdan əsaslı hesab edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" Azərbaycan Əməliyyat Şirkətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Azərbaycan Əməliyyat Şirkəti İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 3-25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Azərbaycan Əməliyyat Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar