Məhkəmə qərarları › İş №3(5-104)-740/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-740/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-740/2026 12.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC xətanın törədilməsi zamanı «UAZ 374195-05” minik markalı, **-YD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən şəxs barəsində verilmiş sorğu xx.xx.2025-ci il tarixdə hüquqi ünvan üzrə poçt qutusuna yerləşdirilməsinə baxmayaraq məlumatı nəzərdə tutulmuş müddətdə səlahiyyətli orqana verməmişdir. Bununla əlaqədar Yasamal DYPŞ tərəfindən xx.xx.2026-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Şəxs MMC-nin baş direktoru Cəmil Abbasov tərəfindən xx.xx.2026-cı il tarixli EMİS vasitəsilə məhkəməyə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən tərtib edilmiş protokol: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş ******* nömrəli Protokolda Şəxs MMC-ə mülkiyyətində olan 99YD636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta olunmaması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tərkibində nəzərdə tutulan əməlin törədildiyi, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə həmin məcəllənin 347-ci maddəsində nəzərdə tutulan əməlin tərkibinin törədildiyini iddia edərək Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar verilməsindən ötrü protokol məhkəməyə təqdim edilmişdir. Lakin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən elektron məhkəmə informasiya sistemi üzərindən iş üzrə sənədlərə əlavə edilmiş sənədlərdə təqdim edilmiş sənədlərin çatdırılmasına dair poçt qəbzi tamamilə ayrı sənədin (qoşmada təqdim edilir) çatdırılmasını təsdiq edən poçt qəbzidir, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusunun çatdırılmasına dair poçt qəbzi deyildir. Belə ki, təqdim edilmiş sənəddə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin xx.xx.2025-ci il tarixində Yasamal RPİ, DYPŞ-nə dəvət edilməsini nəzərdə tutan məktub xx.xx.2025-ci il tarixində Şəxs MMC-yə daxil olmuşdur. Nəticə etibarilə məktub nəzərdə tutulmuş dəvət müddətindən 14 gün sonra daxil olmuşdur. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən göndərilən sorğunun poçt qanunvericiliyinin tələblərinin pozmaqla göndərilməsi. İnzibati Xətalar Məcəlləsinin 57.1 -ci bəndinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.10-cu və İnzibati Xətalar Məcəlləsinin 57.1-ci bəndinə əsasən Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən elektron məhkəmə sistemi üzərindən ünvan sahibi tərəfindən imzalı sorğunun çatdırılmasına dair poçt qəbzi təqdim edilməmişdir, təqdim edilən poçt qəbzi sözügedən sorğunun çatdırılmasını deyil, digər sənədin çatdırılmasını (nümayəndənin dəvət edilməsi ilə bağlı) özündə əks etdirir. Qeyd olunanları nəzərə alaraq, inzibati xətalar haqqında işə baxılarkən hakimdən işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirməsini xahiş edir, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdim etdiyi sübutları qiymətləndirilməsini, inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan sorğudan və xəbərnamənin surətindən görünür ki «UAZ 374195-05” minik markalı, **-YD-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən (QİS – Gəncə Ş.İ.Xətai pr və Dədə Qorqud küç kəsişməsi 1) Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə tərtib olunmuş elektron protokol barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətdə həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsini xahiş edilmiş, həmin məktub xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin hüquqi ünvanı üzrə poçt qutusuna yerləşdirilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2026-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.3 və 347-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayədəsi X3 izahatında tərtib edilmiş protokolla bağlı hər hansı narazılıqlarının olmadığını qeyd edərək imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Şəxs MMC-nin xx.xx.2025-ci il tarixli SM-E-1225-237 saylı etibarnaməsindən görünür ki, X2 (Ş/V, Seriya AA N°3008931, FİN: 1N5AZ0R) Şəxs Məhdud Məsuliyyəti Cəmiyyətini (VÖEN: **********) nümayəndə qismində təmsil edərək şirkət adından BDYPİ-də nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün bütün lazımi sənədləri imzalamaq, təqdim edilən sənədləri qəbul etmək, şirkətin adından ərizə yazmaq, şirkətə məxsus nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi, onların silinməsi və utilizasiyası ilə bağlı sənədləri təqdim etmək, qəbul etmək və digər zəruri hərəkətləri yerinə yetirmək həvalə edilmiş, etibarnamənin verildiyi tarixdən 6 (altı) ay müddətində qüvvədə olması göstərilmişdir Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş və iş materiallarına əlavə edilən "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixlı sorğuya cavab məktubundan görünür ki, X7 İdarəsi tərəfindən “STAR MİNİNG" MMC-yə göndərilən “SX076019568AZ” ştrix kodlu məktubun çatdırılıb-çatdırılmamasma~dair məlumat əldə etmək üçün "xxxx" MMC-yə ünvanladığınız xx.xx.2026-ci il tarixli, 3(5-104)-740/2026 nömrəli müraciətə tərəfimizdən baxılmışdır. Sistem üzərindən araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə AZ1122 saylı poçt şöbəsi vasitəsilə X7 İdarəsi “STAR MİNİNG" MMC-yə ünvanlanan “SX076019568AZ” ştrix kodlu məktub, xx.xx.2025-ci il tarixdə AZ1003 saylı Poçt Şöbəs tərəfindən qəbul olunmuş və xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin poçt qutusuna yerləşdirilmişdir. Sözügedən məktubun xəbərnaməsi xx.xx.2025-ci il tarixində AZ1122 saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmin tarixdə X7 İdarəsinin Abbasov soyadlı əməkdaşına təhvil verilmişdir. Beləliklə inzibati xəta haqqında protokolda edilən hal eyni zamanda iş materiallarına əlavə edilmiş poçt göndərişlərinin izlənməsi barədə arayışın surəti və xəbərnamə ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 57-ci maddəsində əsasənn İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi halları qeyd edilmişdir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. İnzibati xəta haqqında iş üzrə sənədin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. İnzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin DYPŞ-nin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Digər tərəfdən iş materiallarında olan poçt göndərişlərinin izlənməsi barədə sənədin surətindən görünür ki, SX076019568AZ kodlu sorğu məktubu xx.xx.2025-ci il tarixdə Şəxs Məhdud Məsuliyətli Cəmiyyətinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC xx.xx.2026-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar