Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-79/2026 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 339.1 və 347-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X2 Şöbəsinin 10 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs MMC mülkiyyətində olan “X1 Prado” markalı **-PQ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verdikdən sonra onu təkrar dövlət qeydiyyatından keçirməmişdir. Bundan başqa Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibranamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, İXM-in 339.1-ci maddəsi alternativ əlamətli inzibati xətadır. Belə ki, alternativ əlamətli inzibati xəta tərkibini o xətalar yaradır ki, orada başa çatmış inzibati xətanın tərkibinin olması üçün İXM-in müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli inzibati xəta tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə xətanın başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq inzibati xətanın törədilməsi kimi qiymətləndirilir. İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan alternativ əlamətlərdən biri də sahibi tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onun təkrar dövlət qeydiyyatından keçirilməməsidir. Şəxs MMC də məhz bu əsasla, yəni nəqliyyat vasitəsinin icarə və digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilməsi, lakin onu təkrar dövlət qeydiyyatından keçirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Əvvəla qeyd edilməlidir ki, Şəxs MMC-nin balansında olan **-PQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin başqa şəxsə icarə və ya digər əşya hüquqlarına dair müqavilə müqaviləsi əsasında verilməsi iş materiallarından görünmür, səlahiyyətli orqan bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən həmin nəqliyyat vasitəsinin digər əşya hüquqlarına dair müqavilə əsasında da başqa şəxsə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə ki, mülki qanunvericiliyin tələbləri baxımından nəqliyyat vasitəsinin yol vərəqəsi əsasında və ya bununla bağlı verilmiş etibarnamə əsasında idarə edilməsi qanuna uyğundur və bu cür sənədlər əşya hüququna dair müqavilə deyil, bir tərəfli əqd hesab olunur (Mülki Məcəllə 324, 325, 362.5). Bundan başqa, Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMC-yə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “X1 Prado” markalı **-PQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 19 noyabr 2025-ci il tarixdə, saat 14:30-da Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Poçt göndərişinin verilməsi haqqında “SX076008260AZ” saylı sifarişli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin sorğusu “İmtina edilib.” qeydləri ilə geri qaytarılmışdır. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 13 yanvar 2026-cı il tarixli, 14-5-10/2-71/2026 qeydiyyat nömrəli cavab məktubundan müəyyən edilir ki, Sistem üzərindən araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə AZ1122 saylı poçt şöbəsi vasitəsilə X2 idarəsi tərəfindən “Comcon" MMC-yə ünvanlanan SX076008260AZ ştrix kodlu məktub, xx.xx.2025-ci il tarixdə AZ1073 saylı Poçt şöbəsi tərəfindən qəbul olunmuş lakin, qeyd olunan yaşayış ünvanında olan xidmətçi məktubu qəbul etməkdən imtina etmişdir. Sözügedən məktub xx.xx.2025-ci il tarixində AZ1122 saylı poçt şöbəsi tərəfindən X3 idarəsinin Abbasov soyadlı əməkdaşına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatların təqdim edilməsi barədə səlahiyyətli orqanın MMC-ə ünvanladığı müvafiq sorğusu və sorğunun Şəxs MMC-yə təqdim edilməsini (çatdırılmasını) təsdiq edən sübutlar iş materiallarına əlavə edilərək məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş xəbərnamənin üzərində “İmtina edilib.” xanalarına işarə qoymaqla təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Beləliklə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsi ilə inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 339 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X3 Şöbəsi tərəfindən tərtib olunmuş 10 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(5-104)-79/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-79/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver