Məhkəmə qərarları › İş №3(5-104)-806/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-806/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-806/2026 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 12 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vətəndaş X1 şikayəti əsasında Şəxs MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-102420/2025 saylı məktub göndərilərək sənədlər tələb olunmuş, lakin tam (tabellər) təqdim edilməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt müəssisəyə göndərilmiş sorğu məktubunun çatmasını təsdiq edən sənəd ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, hüquqi şəxs Şəxs tabel cədvəllərini təqdim etməmişdir, tələb olunan sənədlər tam şəkildə təqdim olunmadığına görə də müvafiq protokol tərtib olunmuşdur. Şirkətə sorğu məktubu göndərilmiş, məktubda iş vaxtının uçotu cədvəllərinin də təqdim olunması göstərilmiş, ancaq şirkət təqdim etməmişdir, göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, sorğuya cavab vermişlər, lazım olan sənədlər səlahiyyətli orqana təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında Şəxs MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-102420/2025 saylı məktub göndərilərək sənədlər tələb olunmuş, lakin tam (tabellər) təqdim edilməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt müəssisəyə göndərilmiş sorğu məktubunun çatmasını təsdiq edən sənəd ilə təsdiq edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-102420/2025 nömrəli məktubdan görünür ki, vətəndaş X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulması barədə X6 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktub xx.xx.2025-ci il tarixdə MMC-nin ünvanına çatdırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-8056/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Şəxs MMC tərəfindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış 10 fevral 2026-cı il tarixli ərizədən görünür ki, icraatda olan 3(5-104)- 806/2026 saylı iş üzrə bildirilir ki, X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs barəsində xx.xx.2026-cı il tarixli, ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Nəzərinizə çatdırılır ki, inzibati orqanın barələrində tərtib etmiş olduğu protokol tamamilə qanunsuz və əsassızdır. Çünki tərəflərindən X3 daxil olan məktuba nəzərdə tutulmuş müddətdə izahat təqdim edilmişdir. Həmin izahata inzibati orqan tərəfindən tələb olunan bütün kadr uçotu sənədləri qoşma olaraq əlavə edilərək göndərilmişdir. İnzibati orqan tərtib etmiş olduğu protokolda sənədlərin tam şəkildə təqdim edilmədiyini, iş tabel cədvəlinin təqdim edilmədiyini qeyd etsə də, tərəflərindən müfəttişliyə göndərilən sənədlərə tabel cədvəli də daxil idi. İnzibati orqanın tərəflərinə edilmiş bütün müraciətlərin hamısı lazımi qaydada cavablandırılmışdır, lakin orqan onların cavablarını, izahatlarını və təqdim etmiş olduqları sənədləri görməzdən gələrək daşıdığı yeganə məqsədə - əsaslı-əsassız cərimə tətbiq etmək məqsədinə xidmət edən protokol tərtib edərək qərardad qəbul etmişdir. Hüquqi şəxs tərəfindən tələb olunan bütün sənədlər tam şəkildə inzibati orqana təqdim edilmişdir. Buna baxmayaraq, yenə də barələrində protokol tərtib olunması və işin müvafiq olaraq qərar verilməsi üçün məhkəməyə göndərilməsi sırf şablon və formal xarakterlidir. Qeyd edirlər ki, inzibati orqanın yeganə məqsədi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri haqlı və ya haqsız, qanuni və ya qanunsuz olmasından asılı olmayaraq, cərimələməkdir. İnzibati orqanın fəaliyyəti sırf cərimə tətbiq etməyə yönəlmişdir. Bu ondan məlum olur ki, işçi Şəxs MMC barəsində şikayət ilə müfəttişliyə müraciət etmişdir. Öz müraciətində qeyd etdiyi halları sübut edəcək heç bir sənəd və ya digər vəsaiti təqdim etməmişdir. Bundan əlavə, inzibati orqan da inzibati xətaya dair protokolun tərtib tərtib edilməsi zamanı inzibati xətanın törədilməsini əsaslandıracaq və Məcəllənin 76.1-ci maddəsində sadalanan sübutlardan heç birini məhkəməyə təqdim etməmişdir. Məlumdur ki, şirkətə məktubun həqiqətən çatmasına dair poçt göndərişinin izləmə kodu şirkət tərəfindən tabel cədvəlinin göndərilmədiyini sübut edən və onun barəsində protokol tərtib etməyə əsas kimi çıxış edə bilməz. Onsuzda məktubun şirkətə çatıb çatmaması yox, sadəcə 1 kadr uçotu sənədinin şirkət tərəfindən müfəttişliyə təqdim edilib-edilməməsi mübahisəli haldır ki, həmin halı müfəttişlik sübut etməlidir. Amma inzibati orqan sadəcə formal olaraq protokolu tərtib etmiş və inzibati xətanın törədilməsini sübut edəcək heç bir sənəd əlavə etmədən məhkəməyə göndərmişdir. Görünür ki, inzibati orqan hər hansı sübuta və sənədə əsaslanmaq ehtiyacı belə hiss etmədən, sadəcə öz subyektiv fikirlərinə və ehtimal olunur ki, daxili inamına əsasən hüquqi şəxsin cərimələnməsi üçün məhkəməyə qərardad göndərmişdir. Ümumiyyətlə, inzibati orqana sübutetmə yükü mövhumunu izah etmək ehtiyacını hiss edirlər ki, əgər işçi əmək müqaviləsi olmadan işə cəlb edildiyini iddia edirsə, həmin iddiasını təsdiqləyəcək sübutları da təqdim etməlidir. Bunların heç biri olmadan inzibati orqana müraciət edir, inzibati orqan da heç bir sübut tələb etmədən icraatına götürür və şəxsləri cərimələmək fürsətini əldən verməmək üçün reallıq nə olursa olsun, protokol tərtib edərək inzibati cərimənin tətbiq edilməsinə dair qərardad qəbul edir. Necə ki həmin inzibati orqan öz iddiasını sübut etmək öhdəliyinin də mövcud olduğunu bilmir və uyğun olaraq göndərmiş olduğu məktuba münasibətdə tərəflərindən hər hansı sənədin göndərilmədiyini sübut edəcək heç bir təsdiqedici sənədi məhkəməyə təqdim etmir. Buna baxmayaraq, onlar qeyd etdikləri bütün halları təsdiq edəcək sənədləri bu ərizəyə qoşma kimi əlavə edərək təqdim edirlər. AR İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində qeyd olunur ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, 3(5-104)-806/2026 saylı iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Şəxs MMC tərəfindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış 16 fevral 2026-cı il tarixli məlumatdan görünür ki, icraatda olan 3(5-104)- 806/2026 saylı iş üzrə bildirilir ki, inzibati orqan inzibati xətaya dair tərtib etmiş olduğu protokolda əmək müqaviləsində əmək haqqının 430 manat qeyd edildiyini, lakin 400 manat üzərindən əmək haqqı ödənildiyi qeyd edilmişdir. Buna münasibətdə bildirməlidirlər ki, əgər inzibati orqan araşdırma aparmaq üçün tələb etdiyi iş materialları ilə, xüsusilə işə qəbul və işdən azad etməyə dair əmrlə tanış olsaydı görərdi ki, X5 müəssisədə xx.xx.2025-xx.xx.2025-ci il tarixləri aralığında çalışmışdır. Məlumdur ki, əmək haqqında qeyd edilən əmək haqqı məbləği tam 1 ay üçün nəzərdə tutulan məbləğdir. İşçi əgər tam bir ay işləmədiyi halda inzibati orqan hansı əsasla ödənişin qanuni şəkildə hesablanaraq ödənilməsi halında barələrində inzibati protokol tərtib edir? İşçinin işlədiyi günlərə münasibətdə hesablanaraq və qanunvericilik üzrə vergi, mdssh və digər dövlət ödənişləri tutulduqdan sonra tam şəkildə əmək haqqı son haqq hesab işçiyə tərəflərindən ödənilmişdir. İnzibati orqan iş materialları ilə tanış olmadan sadəcə ona protokol tərtib etməyə bəhanə olacaq əksik sənəd axtarmağa diqqətini cəmlədiyi üçün işçinin hansı tarix aralığında işlədiyini gözdən qaçırmışdır. Göründüyü kimi, tərəflərindən işçinin işdən çıxma proseduru tam və qanunun tələblərinə uyğun şəkildə rəsmiləşdirilərək təmin edilmiş, həmçinin inzibati orqan tərəfindən tələb olunan bütün sənədlər müvafiq müddət ərzində əksiksiz şəkildə inzibati orqana təqdim edilmişdir. Qeyd olunan hallara nəzər yetirilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Məhkəmə, tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən təqdim edilmiş ərizədə inzibati orqanın protokolu əsassız və sübutlara söykənməyən kimi qiymətləndirilsə də, iş materialları ilə tanışlıq zamanı həmin iddialar öz təsdiqini tapmamışdır. İnzibati xətaya dair protokol səlahiyyətli orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş və inzibati icraat çərçivəsində toplanmış materiallara əsaslanmışdır. Protokolun özü inzibati xəta haqqında ilkin sübut mənbəyi olmaqla, onun əsassız sayılması üçün konkret və inandırıcı dəlillər təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı şikayəti əsasında Şəxs MMC-yə 3-17-5/2-102420/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək, şikayətin araşdırılması məqsədi ilə lazımi sənədlərin 7 iş günü ərzində idarəyə təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilən məktub xx.xx.2025-ci il tarixdə hüquqi şəxsə rəsmi olaraq çatdırılmışdır. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən göstəriş tam icra edilməmişdir. Belə ki, MMC tərəfindən sənədlərin təqdim edildiyi iddia olunsa da, həmin sənədlərin inzibati orqana tam və qanunvericiliyin tələblərinə uyğun şəkildə daxil olmasını təsdiq edən obyektiv sübutlar iş materiallarında mövcud deyildir. Poçt göndərişinin izləmə kodunun mövcudluğu yalnız məktubun göndərilməsini təsdiq edir, lakin zərfin daxilində konkret hansı sənədlərin olduğu və onların tam həcmdə təqdim edilib-edilmədiyi barədə mübahisəni aradan qaldırmır. İnzibati orqan tərəfindən tələb edilmiş sənədlərin tam həcmdə təqdim olunmaması inzibati məsuliyyət üçün əsas yarada bilər. Bundan əlavə, inzibati orqanın “cərimə tətbiq etmək məqsədi güdməsi” ilə bağlı iddialar subyektiv mülahizə xarakteri daşıyır və hüquqi qiymətləndirmə üçün əhəmiyyətli sübut kimi qəbul edilə bilməz. İnzibati icraat zamanı sübutetmə yükü tərəflər arasında bölüşdürülür və hüquqi şəxsin öz mövqeyini təsdiqləyən sənədləri aydın, dəqiq və yoxlanıla bilən formada təqdim etməsi zəruridir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC-nin İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar