Məhkəmə qərarları › İş №3(5-104)-808/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-808/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-808/2026 09.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə X3 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixində ünvan 1 ünvanında idarə etdiyi BMW 530e plug in hybrid minik markalı və (20-00-027) dövlət qeydiyyat nişanlı avtomobili ilə AzParking dayanacağına daxil olmaq istədiyi vaxt Bakı şəhər X8 İdarəsi, Yol Patrul Xidməti Baş İnspektoru Polis X1 xidməti avtomobilində onun idarə etdiyi avtomobilə yaxınlaşaraq, “nə üçün yolun 2-ci istiqamətində dayanmısan” soruşmuşdur. O da avtomobilini tərk etmədən parklanma etdiyini bildirmişdir. Yoldaş leytenant ona protokol tərtib edəcəyini bildirdi. O isə öz növbəsində heç bir qanun pozuntusu etmədiyi halda, necə ona protokol tərtib edilə bilər deyə soruşmuşdur. İnzibati xətanın törədildiyi halda foto və video olmalıdır. Bakı şəhər Baş X8 İdarəsinə müraciət etmiş, orada da ona heç bir izah verə bilmədilər. Odur ki, məcbur qalıb məhkəməyə üz tutmuşdur. Ona qanunsuz tətbiq olunmuş protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 izahatında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, başqa avtomobilin dayanacağı tərk etməsini gözləyərək öz avtomobilini park etmək istəyərkən polis əməkdaşı ona yaxınlaşıb, ikinci cərgədə saxladığını bildirmiş və barəsində heç bir əsas olmadan, qanunsuz protokol tərtib etmişdir. Odur ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin etibarnamə nümayəndəsi Nümayəndə bildirmişdir ki, şikayət əsassızdır, belə ki, video görüntüyə baxış zamanı da 20OO027 dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayandığı aydın görünür. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu, odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X5 xx.xx.2026-cı il tarixdə, saat 15:22-də ünvan 1 istiqamətində “BMW 530E Plug-İn Hibrid minik” markalı, 20OO027 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə təqsirli bilinərək AR İXM-nin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Təqdim edilmiş video görüntülərə baxış zamanı “BMW 530E Plug-İn Hibrid minik” markalı, 20OO027 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayandığı görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında hakim tərəfindən qərar qəbul edilir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 7-ci bəndinə əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər. 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması – adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması – əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. 6-cı maddəsinin İİ hissəsinə əsasən Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır: 1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək; 5) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. 69-cu maddəsinin 6-cı bəndinin 1.1-ci hissəsinə əsasən üfiqi nişanlanma xətləri — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Məhkəmə inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 tərəfindən verilmiş izahatda göstərilən hallara tənqidi yanaşaraq hesab edir ki, həmin izahat onun məsuliyyətdən yayınmasına yönəlmişdir və iş üzrə müəyyən edilmiş həqiqi hallar ilə uyğunluq təşkil etmir. Belə ki, X5 şikayətində nəqliyyat vasitəsini “başqa avtomobilin dayanacağı tərk etməsini gözləyərkən park etmək məqsədi ilə” yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxladığını bildirsə də, bu hal onun inzibati məsuliyyətini istisna etmir və qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun əsaslandırılmır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş video-görüntülərdən aydın olur ki, “BMW 530E Plug-İn Hybrid” minik markalı, 20OO027 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Sözügedən video sübutlarla təsdiq edilir ki, nəqliyyat vasitəsinin bu formada saxlanılması zəruri olan vaxtla məhdudlaşmamış, yol hərəkətinin normal və təhlükəsiz təşkilinə real maneə yaratmışdır. O da qeyd edilməlidir ki, qanunvericiliyə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına riayət edilməsi sürücünün birbaşa vəzifəsidir. Göstərilən halların məcmusu nəzərə alınaraq, məhkəmə X3 əməlində inzibati xəta haqqında qanunvericilikdə nəzərdə tutulmuş müvafiq maddənin tərkibinin olmasına dair qənaətə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X3 AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan AR İXM-nin 134.1.1-ci maddəsinə əsasən şikayət təmin edilmədən və qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar