Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-885/2026 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X10 əməkdaşı X4, X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X10 10 yanvar 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X10 10 yanvar 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 09 yanvar 2026-cı il tarixində DİN 102 Xidmət Mərkəzinə məlumat verərək “Hyundai Elantra” markalı **-YC-*** avtomobilin onun “Hyundai Creta” markalı **-XT-*** qeydiyyat nişanlı avtomobili ilə toqquşması haqqında məlumat vermişdir. Lakin protokol səhvən digər tərəfə deyil də ona yazılmışdır. Məhkəmə nəzarət qaydasında şikayət etmiş və işə yenidən baxılması üçün avtomobilinə dəymiş zərərin sığortası tərəfindən ödənilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Əsassız qərarı nə ilə əlaqələndirməyinin sübutları vardır. Sübut ondan ibarətdir ki, həmin günü o avtomobilini tamamilə düzgün park etməyinə baxmayaraq digər avtomobil ondan sağda parklamış və avtomobilindən çıxmağının qarşısını almışdır. O da 4 dəfə 102 yə yığıb şəxs haradadır deyə axtarış tədbirlərinə başlamışdır. Lakin heç bir cavab gəlməmişdir. Məlum olmuşdur ki, yoldaş Yasamal Rayon məhkəməsindədir. Yoldaş gec gəldiyi üçün onu çox çətin bir vəziyyətdə qoymuşdur. O mama-ginekoloq kimi fəaliyyət göstərir və acil durumda olan təcili doğuş ehtiyyacı olan bir pasient olmuşdur. İki saat onu yubatdığı üçün məcburi pasienti başqa həkimə yönləndirmişdir. Bu məzuliyyətsiz sürücü Aida Rəsulova az qalmışdır ki, bir ailəni ocağı yeni doğulmuş körpəsiz evi anasız bacısız qoysun. O məsuliyyətsiz insanlara nifrət edir. Avtomobili park şəklində sürüşüb azca cızıb. Təhlükəsiz şəhər kamerasından da göründüyü kimi 2 on həcmində olan avtomobilini əlləri ilə saxlamaq istəyir. Lakin bunu bacarmır. Xanım onunla aqressiv danışmışdır. Demişdir ki, nəvəsi yatır. OMD-də xəstədir. O da demişdir ki, sevə sevə kömək edər. Azərbaycan qadını özəldir gözəldir. Azərdaycan qadınlarına canı da qurban. O hamını başa düşür. Allah onu zahiri gözəlliklə dəyərləndirdiyi kimi daxili gözəlliklə də dəyərləndirib. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X10 10 yanvar 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X10 tərtib etdiyi 10 yanvar 2026-cı il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, heç bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X10 əməkdaşı X6 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X10 10 yanvar 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 “Hyundai Creta” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 09 yanvar 2026-cı il tarixdə saat 15:35-də Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində baş verib. “Hyundai Creta” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olmayan, yani parklanma vəziyyətində olan “Hyundai Elantra” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. İş materiallarına əlavə olunmuş fotoşəkillərə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdir ki, “Hyundai Creta” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxa-arxaya hərəkət etdirərkən “Hyundai Elantra” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin qanunun 50.1-ci maddəsinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə – qırx manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X10 10 yanvar 2026-cı il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(5-104)-885/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-885/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver