Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-891/2026 26.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Lənkəran rayonu, Balaşürük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Lənkəran rayonu, Kosalar Ərazi Dairəsi, Balaşürük kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 24 yanvar 2026-cı il tarixdə saat 11:51 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində “Kia” markalı, **-SS-*** d.q.n avtomobili idarə edərkən işıqforun qadağanedici siqnalında hərəkət etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman ona qayda pozuntusu izah edilərkən mobil telefonu ilə çəkiliş aparmağa başlamış, o polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək, ictimai yerdə insanların diqqətini çəkmək məqsədi ilə qeyri-adekvat hərəkətlər etməyə başlamışdır. Dəfələrlə nizam intizama dəvət edilsə də polisin heç bir qanuni tələblərinə tabe olmamış, mübahisə etmişdir. Polis əməkdaşları onu Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nə gətirmişdirlər. Bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 24 yanvar 2026-cı il tarixdə saat 11:51 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində “Kia” markalı, **-SS-*** d.q.n avtomobili idarə edərkən işıqforun qadağanedici siqnalında hərəkət etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman ona qayda pozuntusu izah edilərkən mobil telefonu ilə çəkiliş aparmağa başlamış, o polis əməkdaşlarına qarşı nalayiq ifadələr səsləndirmişdir. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, 24 yanvar 2026-cı il tarixdə saat 11:51 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində “Kia” markalı, **-SS- *** dövlət qeudiyyat nişanlı avtomobili idarə edərkən onunla birlikdə həyat yoldaşı və uşağı olmuşdur. İşıqforun qadağanedici siqnalında keçməmişdir, ona görə də mübahisə başlamışdır. O YPX əməkdaşlarından videogörüntü istəmiş, lakin ona təqdim olunmamışdır material. YPX əməkdaşı ona gedib Bakı şəhər DYP-yə müraciət etməyi və oradan tələb etməyi söləmişdir. Həmçinin YPX əməkdaşları onunla çox kobud davranmışlar, üstünə qışqırıblar. Lakin buna baxmayaraq onun səhvi olub, o, istəmədən hirsli olduğu üçün polis əməkdaşının ünvanına bir dəfə nalayiq ifadə işlətmişdir. Həmin ifadəyə görə üzr istəyir məhkəmə iclasında. Həmin ifadəni işlətməsinə görə səmimi peşmandır. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X4 izahatında bildirmişdir ki, Şəxs 24 yanvar 2026-cı il tarixdə saat 11:51 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində “Kia” markalı, **-SS-*** d.q.n avtomobili idarə edərkən işıqforun qadağanedici siqnalında hərəkət etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman ona qayda pozuntusu izah edilərkən mobil telefonu ilə çəkiliş aparmağa başlamış, güya polis əməkdaşları ondan pul tələb etmişlər. Şəxs işıqforun qadağanedici siqnalında hərəkət etməsi həm xüsusi qurğu vasitəsi ilə qeydə alınmış, həm inzibati xəta haqqında tənbeh veriləndə şəhər təhlükəsizliyi kamerası vasitəsi ilə görüntülər əldə ediləcək. Hadisə yerində təqsirləndirilən şəxsə dəfələrlə hüquq və vəzifələr izah olunmuş, lakin vətəndaş ancaq mübahisə edib kamera ilə polis əməkdaşlarını hədələyirdi. Həmçinin polis əməkdaşlarının xidməti fəaliyyətini həyata keçirməyə mane olmuşdur, məcbur olmular PPX-nin əməkdaşlarını köməyə çağırsınlar. Ən əsası odur ki, vətəndaş polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, bu isə yolverilməzdir. Bir xanım olduğu üçün hazırda onun üzr istməsini qəbul edir, lakin Şəxs ciddi şəkildə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi şəxsin özünün etirafı, xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Şəxs xx.xx.2013-cü il təvəllüdlü X1 adlı uşağı vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf edərək peşman olmasını, azyaşlı uşağının olmasını olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-104)-891/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-891/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver