Məhkəmə qərarları › İş №3(5-104)-942/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-942/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-942/2026 02.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2026-cı il tarixdə qərar qəbul olunmuşdur ondan ötrü ki, "X8 MMC"-nin (VÖEN: **********) direktoru X4 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şahid1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aşpaz köməkçisi kimi işlərin görülməsinə cəlb etmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Nümayəndə1 bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC Şahid1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aşbaz köməkçisi kimi əmək müqaviləsi olmadan işə cəlb etmişdir. Burada əsas sübut kimi Şahid2, Şahid1 və elektron informasiya sistemi vasitəsilə əldə olunmuş əmək müqaviləsi məlumatları ilə təsdiq olunmuşdur. Belə ki, X1 izahatı alınması üçün dəvət olunsa da, o, izahat vermək üçün gəlməmişdir. Şahid2 da qeyd etmişdir ki, Ağdam rayonunda tikinti sahəsində çalışan işçiləri qida məhsulları ilə təmin edən şirkət rəhbəri X2r. Onun işlədiyi müddət ərzində əməkhaqqı 1350 manat təşkil etmişdir və sentyabr ayının 5-dən 30-dək Şahid1 onun yanında qeyri-rəsmi olaraq aşbaz köməkçisi kimi əmək müqaviləsiz çalışmışdır. Araşdırma zamanı Şahid2 təqdim etdiyi videogörüntülərin əks olunduğu diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs MMC-nin Ağdam rayonunda yerləşən ofisində qeydə alınmış videogörüntüdə əks olunan şəxs Şahid1 olduğu bildirilir. Şahid1 aid məlumatlar elektron informasiya sistemi vasitəsilə yoxlanıldıqda onun həmin vaxtlar əmək müqaviləsi bağlamadan işə cəlb olunduğu müəyyən olunmuşdur. Bununla da İXM-nin 192.1-ci maddə ilə nəzərdə tutulmuş əmək müqaviləsi olmadan işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 qərarla razılaşmayaraq göstərmişdir ki, belə görünür ki, iş üzrə Ruhiyyə xanımın izahatı yoxdur. Rəşad bəyi isə prokurorluq orqanına dəvət etmişdilər. Lakin həmin vaxt Rəşad bəyin əmisi vəfat etdiyindən rayona getmişdi. O, onlara bu barədə məlumat verib və başqa tarix təyin etmələrini xahiş edib. Onlar isə ona bildiriblər ki, başqa tarix deyəcəklər, lakin birdə məlumatları olub ki, artıq onları məhkəməyə veriblər. Protokola etiraz edirlər və qəbul etmirlər. Videogörüntü şəxsin telefonu ilə çəkilib və təcrübəsinə əsasən, bildirmək istəyir ki, telefonla edilmiş videoçəkilişlərin saatına, tarixinə müdaxilə etmək mümkündür. Bildirmək istəyir ki, Ruhiyyə xanım rəsmi şəkildə çalışıb. Əmək bildirişi də mövcuddur. Layihənin bitməsi ərəfəsində özü ilə qarşılıqlı razılaşma əsasında işdən azad olunub. Şəxs MMC layihələrlə işləyən bir şirkətdir. Layihəyə uyğun olaraq işçi işə qəbul edilir və işdən azad edilir. Ruhiyyə xanım rəsmi şəkildə işləmiş bir əməkdaş olmuşdur və bu əmək müqaviləsi və əmək bildirişi ilə öz əksini tapmışdır. Hətta işdən çıxarıldıqdan sonra Şahid2 ona vədlər verərək rəhbərliklə danışacağını, onu işə düzəldəcəyini deyərək bir neçə dəfə şirkətə dəvət edib və qərəzli şəkildə onun barəsində videoçəkilişlər edib. Şahid2 işlədiyi dövrdə müxtəlif çəkilişlər həyata keçirib. Şirkət direktoruna şantaj xarakterli müraciət göndərib ki, “mənimlə razılaşmasanız, işlədiyiniz şirkətlərə, layihələri icra etdiyiniz şirkətlərə sizin şirkət barəsində neqativ məlumatlar ötürəcəm, mən sizin şirkətinizin işgüzar nüfuzuna xələl gətirəcəm.” Bu yazışmalar və Səbuhi bəyin telefonundan götürülmüş videoçəkilişlər hamısı şirkətdə var. Şahid2 işdən çıxıb və şirkətə qarşı 40000 manat məbləğində iddia qaldırmışdır. Bu zəmində bir çox orqanlara müraciət edib. Bu orqanlara müraciət etməmişdən öncə birinci təşəbbüsü direktora etmişdir ki, şirkətin barəsində yalan-yanlış məlumatları ictimailəşdirəcək və şirkəti şantaj edəcək, əgər bunu etməyini şirkət istəmirsə, bunun müqabilində müəyyən məbləğdə pul vəsaiti verməli olduğunu deyib. Təbii ki, şirkət bununla razılaşmamışdır. Bu səbəbdən də Şahid2 artıq başqa yerlərə müraciət edib. Eyni zamanda onların onunla əmək mübahisələri də var. Ruhiyyə xanım layihə çərçivəsində şirkətdə işləyib, işdən çıxıb. Onlar Ruhiyyə xanımla telefonla əlaqə saxlayıblar. Ondan izahat verib-vermədiyini və onun şikayətinin olub-olmadığını soruşublar. Ondan gəlib izahat verməsini xahiş ediblər. Ruhiyyə xanım isə işlədiyini, telefon vasitəsilə əlaqə saxlayaraq onlayn şəkildə izahat verə biləcəyini bildirib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, 3(5-104)-942/2026 saylı inzibati xəta haqqında işin başlanmasına səbəb Şəxs MMC-də aşbaz köməkçisi vəzifəsində çalışmış Şahid2 Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı əsassız şikayət olmuşdur. Şahid2 ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixində xxxxxxx000300 nömrəli müddətli əmək müqaviləsi bağlanmış və o, aşbaz köməkçisi vəzifəsinə qəbul edilmişdir. Qeyd edilir ki, Şahid2 şirkətdə əmək fəaliyyəti göstərdiyi müddət ərzində dəfələrlə əmək intizamını pozmuş, habelə işəgötürənə qarşı qərəzli münasibəti ilə seçilmişdir. Belə ki, müəssisədə baş vermiş çörək oğurluğu faktı ilə bağlı aparılmış araşdırma zamanı o, məsul şəxslərdən biri kimi müəyyən edilmiş və bu səbəbdən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixində ona rəsmi xəbərdarlıq edilmişdir. Məlumdur ki, bu kimi hallara yol vermiş işçinin sonradan işəgötürənə qarşı obyektiv və qərəzsiz mövqe nümayiş etdirməsi real hesab edilə bilməz və bu fakt Şahid2 hazırkı davranışlarının motivlərini açıq şəkildə ortaya qoyur. Bununla yanaşı, Şahid2 xx.xx.2025-ci il tarixindən sonra, yəni müddətli əmək müqaviləsinin qüvvədə olma müddəti başa çatdıqdan sonra, işəgötürəni əvvəlcədən məlumatlandırmadan və hər hansı üzrlü səbəb göstərmədən işə gəlməmişdir. Bununla da Şahid2, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələblərini pozaraq işəgötürəni azı bir həftə əvvəl xəbərdar etmək öhdəliyini yerinə yetirməmişdir. Yalnız xx.xx.2025-ci il tarixində müəssisəyə yaxınlaşaraq yazılı ərizə təqdim etmiş və nəticədə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Qeyd edilməlidir ki, işəgötürən kimi şirkətlərinin Şahid2 üzrsüz səbəbdən işə gəlməməsinə görə əmək intizamını pozduğuna əsasən intizam məsuliyyətinə cəlb etmək və əmək müqaviləsinə xitam vermək hüququ mövcud olmuşdur. Buna baxmayaraq, şirkət tərəfindən humanist və loyal mövqe nümayiş etdirilərək bu hüquqdan istifadə edilməmişdir. Lakin əmək münasibətlərinə xitam verildikdən sonra Şahid2 qərəzli mövqeyini davam etdirərək şirkət barəsində məhkəmə orqanları və digər dövlət qurumları qarşısında əsassız iddialar irəli sürməyə davam etmişdir. Şahid2 əsassız müraciətlərindən biri də hazırkı inzibati xəta işinin başlanmasına səbəb olmuş Şahid1 guya Şəxs MMC-də əmək müqaviləsi olmadan çalışması barədə iddiasıdır. Bildirirlər ki, Şahid1 xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək şirkətdə xadimə vəzifəsində əmək müqaviləsi əsasında çalışmışdır. Onunla bağlanmış əmək müqaviləsinə iş həcminin azalması və işçinin öz təşəbbüsü əsasında, qanunvericiliyin tələblərinə uyğun qaydada xitam verilmişdir. Daha sonra Şahid1 yenidən işə qəbul olunmaq məqsədilə şirkətə müraciət etmiş və bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün müəssisəyə yaxınlaşmışdır. Məhz bu vəziyyətdən sui-istifadə edən Şahid2 planlı şəkildə videoçəkiliş aparmışdır. Onun məqsədi şirkətə qarşı qanunsuz iddialar irəli sürmək, təzyiq və şantaj xarakterli materiallar toplamaq olmuşdur. Şahid2 Şahid1 hüquqi savadsızlığından istifadə edərək ona müəyyən ifadələrin işlədilməsini təlqin etmiş, bununla da etibardan sui-istifadə etməklə şirkətə qarşı əsassız və həqiqətə uyğun olmayan ittihamların irəli sürülməsinə bilərəkdən təhrik etmişdir. Bu baxımdan, Şahid1 səsləndirdiyi iddiaların onun sərbəst və müstəqil iradəsini deyil, Şahid2 yönləndirici və manipulyativ təsirini əks etdirdiyi açıq şəkildə görünür. Şahid2 tərəfindən müxtəlif vaxtlarda şirkət barəsində əsassız iddialar irəli sürülmüş, habelə şirkətin işgüzar nüfuzuna zərər vura biləcək dezinformasiya xarakterli məlumatların “TikTok” və digər sosial şəbəkələrdə yayılacağı ilə bağlı şirkət rəhbərlik hədələnmişdir. Eyni zamanda, Şahid2 tərəfindən şirkətin kommersiya fəaliyyəti çərçivəsində iştirak etdiyi layihələr üzrə kontragent tərəflərə şirkət haqqında həqiqətə uyğun olmayan məlumatların ötürüləcəyi bildirilməklə şantaj xarakterli hərəkətlərə yol verilmiş, bu vasitə ilə şirkət rəhbərliyindən pul vəsaiti tələb edilmişdir. Nəticə olaraq, Şahid2 Şəxs MMC barəsində irəli sürdüyü iddialar faktiki hallara və mövcud sübutlara ziddir. Xüsusilə, Şahid1 səsləndirdiyi iddiaların onun sərbəst iradəsinin ifadəsi olmadığı, onun əmək müqaviləsi olmadan şirkətdə işləmədiyi, habelə ifadələrinin Şahid2 qərəzli mövqeyi və yönləndirici təsiri nəticəsində formalaşdığı aydın şəkildə müəyyən edilir. Bu səbəbdən, əməldə inzibati xəta tərkibi mövcud olmadığından, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Şahid2 izahatında bildirmişdir ki, Ruhiyyə xanım 2025-ci il 5 sentyabr tarixdə Şəxs MMC-yə işə gəlib. O, onun köməkçisi kimi çalışırdı. Servis olmadığına görə o biri xanımlar gələ bilməyib və orada qaldığına görə onu gətiriblər. 1 oktyabrda o, işdən azad edilmişdir, o həmin vaxta qədər müqaviləsiz şəkildə orada işləyib. Əlavə verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, şəxsi işə menecer gətirib, o, indi şirkətdə işləmir, aralarında məhkəmə mübahisəsi var. O, öz haqqını tələb edib, bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmiş və araşdırma zamanı bu məlum olub. Araşdırma zamanı faktları qeyd etdi, belə bir halın olduğunu qeyd etdi. O, bunu qəsdən planlaşdırmamış, şirkətə qarşı məhkəmədə iddia qaldırmışdır. Videonu çəkməkdə məqsədi o idi ki, onun səlahiyyətində olan işçidir, səhər saat 8-dən axşam saat 8-ə kimi onun yanında köməkçi işləyib. Heç bir sənədi, müqaviləsi yoxdur, onun başına bir iş gəlsə kimsə cavab verməlidir. Onu çəkib bugünki gündə onu sübut etmək istəyir ki, bu adam müqaviləsiz işləyir. Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında bildirmişdir ki, bu yazını onun qızı yazıb, onun iradəsini ifadə edir, imza ona məxsusdur. 2024-cü ilin iyun ayından 2025ci ilin aprel ayına kimi o çalışmışdır. Ondan sonra çalışmamışdır, heç bir fəaliyyəti olmayıb. Səbuhinin onunla bağlı niyə şikayət etdiyini bilmir. Onun xəbəri olmadan gizlin videosunu çəkib. Onun "Best Food" şirkəti ilə heç bir problemi olmayıb, hər ay vaxtında kart vasitəsilə əmək haqqını almışdır. Hazırda “Best Food" şirkətinə qarşı hər hansı şikayət və tələbi yoxdur. O, heç vaxt şikayət verməmişdir və hər hansı araşdırma orqanına izahat verməmişdir. Əlavə verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Səbuhinin onunla bağlı niyə şikayət etdiyini bilmir. Onun xəbəri olmadan gizlin videosunu çəkib. Hazırda “Best Food” şirkətinə qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona prokurorluq orqanları tərəfindən zəng edilməyib. Səbuhi onun icazəsiz videosunu çəkdiyi üçün ondan şikayətçidir. Qeyd olunan şirkətdə sentyabr ayında işləməsi barədə bir söz deməyib. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən Şahid1 əmək müqaviləsi məlumatları Elektron Prokurorluq informasiya Sistemi vasitəsilə ilə yoxlanıldıqda sonuncu ilə “X8 MMC arasında əvvəlki tarixlərdə əmək münasibətlərinin olduğu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. xx.xx.2026-cı il tarixli Şahid1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizdən görünür ki, o Şəxs MMC şirkətində xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək işləyib, daha sonra işdən çıxıb. İşdən çıxdığı andan Şəxs MMC ilə heç bir əmək münasibətləri olmayıb. Orada heç bir əmək fəaliyyəti ilə məşğul olmayıb. Şahid2 onunla bağlı etdiyi şikayətdən xəbəri olmayıb. Heç bir orqana nə şikayət, nə də izahat təqdim etməyib. Heç bir orqanda nə telefon danışığında, nə də yazılı qaydada heç bir sorğu-sualda iştirak etməyib. Şahid2 onun barəsində təqdim etdiyi videoçəkilişdən xəbəri olmayıb və onun icazəsi və razılığı olmadan gizli çəkilişlə çəkiliş edib. Həmin videoçəkilişə etiraz edir. Ümumiyyətlə, onun adının və onunla bağlı gizli çəkilmiş videogörüntülərin məhkəmə mübahisəsində istifadə olunmasına etiraz edir. Onun keçmişdə çalışdığı iş yeri ilə heç bir problemi olmayıb. Kiminsə şəxsi öz qərəzi və maraqlarına görə onun adını hallandırmalarına, onun xəbəri olmadan gizli çəkiliş edilməsinə etiraz edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iş üzrə məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri tədqiq edib, toplanmış sübutları məcmu halda qiymətləndirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı işin halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, şəxsin inzibati məsuliyyətə cəlb olunması yalnız onun əməlində inzibati xəta tərkibinin mövcudluğu mötəbər və kifayət qədər sübutlarla təsdiq edildiyi halda mümkündür. Azərbaycan Respublikası İXM-nin müvafiq müddəalarına əsasən inzibati xəta haqqında iş üzrə sübutlar işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə imkan verən faktiki məlumatlardan ibarət olub, həmin məlumatlar inzibati xəta haqqında protokol, şahid ifadələri, izahatlar, maddi sübutlar, sənədlər və digər materiallarla müəyyən edilir. Həmin sübutlar qanuni qaydada əldə edilməli və onların etibarlılığı şübhə doğurmamalıdır. İş materiallarından görünür ki, Şəxs MMC barəsində inzibati icraatın başlanmasına səbəb hüquqi şəxsin keçmiş əməkdaşı olmuş Şahid2 Azərbaycan Respublikası Baş Prokurorluğuna etdiyi müraciət olmuşdur. Məhkəmə iclasında verilmiş izahatlardan və iş materiallarından müəyyən edilir ki, Şahid2 əvvəllər Şəxs MMC-də əmək fəaliyyəti göstərmiş, sonradan tərəflər arasında əmək münasibətlərinə xitam verilmiş və bundan sonra o, müxtəlif dövlət orqanlarına müraciətlər etmişdir. Şahid2 məhkəmə iclasında da şirkətə qarşı məhkəmə mübahisəsinin mövcud olduğunu təsdiq etmişdir. Bu hal onun təqdim etdiyi məlumatların obyektivliyinin qiymətləndirilməsi baxımından məhkəmə tərəfindən nəzərə alınmalı mühüm hal kimi qiymətləndirilir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı hüquq pozuntusunun baş verməsini təsdiq edən əsas sübut kimi Şahid2 tərəfindən çəkilmiş videogörüntülərə istinad edilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həmin videogörüntülər Şahid1 xəbəri və razılığı olmadan çəkilmişdir. Bu hal həm Şahid1 məhkəmə iclasında verdiyi izahatla, həm də onun tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizə ilə təsdiq olunmuşdur. Şahid1 həmin ərizədə və məhkəmə iclasında bildirmişdir ki, onun barəsində təqdim edilmiş videogörüntülər gizli şəkildə çəkilmiş, bu çəkilişə onun razılığı olmamış və o, həmin materialların məhkəmə mübahisəsində istifadə edilməsinə etiraz edir. Məhkəmə hesab edir ki, həmin videogörüntülərin hansı tarixdə və hansı şəraitdə çəkildiyi, həmin görüntülərdə əks olunan şəxsin hansı fəaliyyətlə məşğul olduğu və bunun əmək münasibətlərini təsdiq edən hal olub-olmaması barədə dəqiq və birmənalı nəticə çıxarmağa imkan verən məlumatlar mövcud deyildir. Bundan əlavə, həmin videogörüntülərin şəxsin razılığı olmadan gizli şəkildə çəkilməsi və bununla bağlı Şahid1 etiraz etməsi də həmin materialların sübut kimi etibarlılığına şübhə yaradır. Ona görə də həmin videogörüntülər inzibati məsuliyyətə cəlb etmə üçün yeganə və həlledici sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Şəxs MMC-də yalnız xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi əsasında çalışmış, həmin tarixdən sonra isə şirkətlə hər hansı əmək münasibəti olmamışdır və 2025-ci ilin sentyabr ayında həmin şirkətdə işləməmişdir. O, həmçinin şirkətə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, iddia edilən hüquq pozuntusunun birbaşa aid olduğu şəxs tərəfindən həmin halın təsdiq edilməməsi və əksinə olaraq təkzib edilməsi iş üzrə təqdim edilmiş sübutların etibarlılığına şübhə yaradır. Elektron informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlar isə yalnız həmin dövr ərzində tərəflər arasında əmək müqaviləsinin bağlanmadığını göstərir. Lakin bu hal öz-özlüyündə fiziki şəxsin faktiki olaraq işə cəlb olunmasını sübuta yetirmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə məsuliyyətin yaranması üçün işəgötürənin fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən faktiki olaraq işə cəlb etməsi sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə belə nəticəyə gəlmək üçün kifayət edən mötəbər və birbirini tamamlayan sübutların məcmusu mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunma yalnız ehtimallara deyil, mötəbər və bir-birini tamamlayan sübutların məcmusuna əsaslana bilər. İş üzrə təqdim edilmiş sübutlar isə Şəxs MMC tərəfindən Şahid1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunmasını şübhədən kənar şəkildə təsdiq etmir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı, tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar