Məhkəmə qərarları › İş №3(5-105)-114/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-114/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-114/2026 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X7 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və işə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2026-cı il tarixdə “İnstagram” sosial şəbəkəsində, «Trip Center of Baku” MMC-yə məxsus “travelcenter.baku” adlı səhifədə nümayiş etdirilən reklamlarda qiymətlər Azərbaycan manatı ilə göstərilməmişdir. Bununla da, «Trip Center of Baku” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X5 izahatında tərtib olunmuş protokola uyğun izahat verərək bildirmişdir ki, vətəndaş X3 müraciətindən sonra müvafiq araşdırmalar aparılmış və araşdırmanın nəticəsində Şəxs MMC barəsində İXM-in 428.6-cı maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. X1 Şəxs MMC barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X8 izahatında bildirmişdir ki, o satış üzrə menecerdir və sosial şəbəkədə inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb olmuş paylaşımları özü etmişdir. O həmçinin izahatına əlavə etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qadağadan xəbərdar olmadığı üçün sözügedən pozuntuya yol vermiş və törədilmiş əməl üzrə özünü tam təqsirli bilir. X4 məhkəmədən nümayəndəsi olduğu Şəxs MMC barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: X6 Şəxs MMC-yə məxsus “travelcenter.baku” adlı səhifədə yayımlanmış “Pekin turu 399 USD (4 gecə 5 gün)” məzmunlu reklam barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmişdir. X3 agentliyə daxil olan müraciətinə əsasən araşdırma aparılmış və müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə “İnstagram” sosial şəbəkəsində, Şəxs MMC-yə məxsus “travelcenter.baku” adlı səhifədə nümayiş etdirilən reklamlarda qiymətlər Azərbaycan manatı ilə göstərilməmişdir, bu səbəbdən də hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 428.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 4.9-cu maddəsinə əsasən reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir. Yuxarında qeyd olunan qanunvericilik normasının pozulmasına görə Azərbaycan Respublikası İXM-in 428.6-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 428.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla (rüsumsuz ticarət mağazaları istisna olmaqla) göstərilməməsinə görə fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri İXM-in Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin ikinci bəndinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və qeyd olunan vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC-nin direktoru X9 tərəfindən verilmiş etibarnamədən görünür ki, X8 hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək kimi səlahiyyətlərə malik olduğundan Azərbaycan Respublikası İXM-in 18-ci maddəsinin müddəalarına əsasən o, hazırki vəziyyətdə vəzifəli şəxs statusu daşıyır və nümayəndənin izahatından aydın olur ki, sonuncu tərəfindən edilən hərəkət hüquqi şəxsin maraqları naminə edilmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC barəsində haqlı olaraq Azərbaycan Respublikası İXM-in 428.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 428.6-cı maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə həmçinin hüquqi şəxsin nümayəndəsinin izahatı zamanı bildirdiyi “qanunu bilməməsi səbəbindən inzibati xətanı törətməsi” fikrinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, “Qanunu bilməmək məsuliyyətdən azad etmir”. Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsinə əsasən Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «Trip Center of Baku”Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Teymur-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar