Məhkəmə qərarları › İş №3(5-105)-139/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-139/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-139/2026 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1964-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2584/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Şəxs 22.000 (iyirmi iki min) manat və dövlət rüsumu üçün ödənilmiş 156 (yüz əlli altı) manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs tərəfindən nəzərdə tutulmuş məbləğdən ötən ay 100 (yüz) manat ödəniş həyata keçirilmişdir. Sonuncu üzrsüz səbəbdən icra vərəqəsi üzrə öhdəliyini icra etməmiş bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs protokolla tanış olmuş və imzalamışdır. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2584/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Şəxs 22.000 (iyirmi iki min) manat və dövlət rüsumu üçün ödənilmiş 156 (yüz əlli altı) manat pul vəsaitnin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs öhdəlik üzrə ümumilikdə 22.156 (iyirmi iki min yüz əlli altı) manat məbləğində borcu yaranmışdır. Müvafiq icra vərəqəsi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, həmin tarixdə tələbin könüllü icrası ilə bağlı Şəxs bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixdə öhdəlik könüllü yerinə yetirilmədiyindən borcluya xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixdə borclunun yerinin məlum olmaması səbəbindən onun axtarışı haqqında qərar qəbul edilmişdir. Qətnamənin icra edilməsi üçün görülən tədbirlər heç bir nəticə vermədiyindən və Şəxs icra sənədini qərəzli olaraq icra etmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi üzrə protokol tərtib olunmuşdur. Sonda icra məmuru Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, nəvəsinin avtomobil almaq üçün pula ehtiyacı olduğundan o, Zərərçəkmiş şəxs 22.000 (iyirmi iki min) manat pul borc almışdır. Səhhəti ilə əlaqədar olaraq işləyə bilmir, heç bir qazancı yoxdur. Məhkəmədən qərar qəbul edilən zaman dediklərinin nəzəə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxs ona borcu olduğunu və ona heç bir ödəniş etmədiyini bildirmiş, barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-2584/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Şəxs 22.000 (iyirmi iki min) manat və dövlət rüsumu üçün ödənilmiş 156 (yüz əlli altı) manat pul vəsaitnin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs öhdəlik üzrə ümumilikdə 22.156 (iyirmi iki min yüz əlli altı) manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, həmin tarixdə tələbin könüllü icrası ilə bağlı Şəxs bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixdə öhdəlik könüllü yerinə yetirilmədiyindən borcluya xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixdə borclunun yerinin məlum olmaması səbəbindən onun axtarışı haqqında qərar qəbul edilmişdir. Sübutların tədqiqi və hüquqi məsələlər: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmurunun, zərərçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, Şəxs öhdəliyinin könüllü surətdə icra edilməsi üçün müvafiq bildirişlə xəbərdar edilmiş, lakin buna baxmayaraq sonuncu öhdəliyin icra edilməsi üzrə heç bir hərəkət yerinə yetirməmişdir.Şəxs tərəfindən iddia edilən 100 (yüz) manat məbləğində ödənişin həyata keçirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən məbləğin ödənilməsi faktını təsdiq edən hər hansı yazılı və ya elektron sənəd mövcud olmadığından məhkəmə həmin məbləği ödənilməmiş məbləğ kimi qiymətləndirir. Bundan başqa köçürülməsi iddia olunan həmin vəsait Şəxs tərəfindən ödənilsə belə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsinə dair məhkəmə qərardadının iş materiallarında olmaması sonuncuya özünün müəyyən etdiyi üsul və qayda ilə qətnamənin icrasını həyata keçirməsinə əsas vermir, bu da öz növbəsində göstərilən fakt Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən yerinə yetirilmədiyini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından da, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin verdiyi izahatdan da görünür ki, Şəxs əməlində inzibati xətanın tərkibi vardır, bununla bağlı icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya bildiriş göndərilmişdir. Lakin, borclu icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirməmiş, nəticə olaraq əməlində inzibati xətanın tərkibi yaranmışdır. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs üzrsüz səbəbdən, qərəzli olaraq icra qeydini icra etməmişdir. Sonuncu tərəfindən icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi sübut olunduğundan onun əməlində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğuna görə onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs səhhəti ilə bağlı vəziyyəti onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Teymur-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar