Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-19/2026 16.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X2 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və MN ******* saylı inzibati qərar qəbul edilərək 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Lakin həmin inzibati qərar ona rəsmi qaydada təqdim edilməmiş, inzibati icraatın aparılması, işə baxılması və qərarın qəbul edilməsi barədə ona hər hansı bildiriş verilməmişdir. Bu səbəbdən qanunvericiliklə nəzərdə tutulmuş müddətdə inzibati qaydada və ya məhkəməyə şikayət vermək imkanı obyektiv səbəblərdən mümkün olmamışdır. O yalnız Abşeron Rayon İcra və Probasiya Şöbəsindən barəsində 1000 manat məbləğində inzibati cərimənin icraya yönəldildiyini öyrəndikdən sonra inzibati qərarın mövcudluğundan xəbər tutmuşdur. Həmin vaxta qədər pensiyasından tutulan məbləğlərin kredit öhdəlikləri ilə əlaqədar olduğunu düşündüyündən, inzibati cərimə ilə bağlı olduğunu bilməmişdir. Yalnız sonradan müəyyən edilmişdir ki, barəsində məlumatı və iştirakı olmadan, müdafiə hüququ təmin edilmədən inzibati icraat aparılmışdır. Beləliklə, inzibati qərardan şikayət vermə müddətinin buraxılması onun iradəsindən asılı olmayan, üzrlü və obyektiv səbəblərlə bağlı olmuşdur. Barəsində qəbul edilmiş inzibati qərarın ona təqdim edilməməsi, müdafiə hüququnun pozulması və qərardan gec xəbər tutması müddətin bərpası üçün kifayət qədər hüquqi əsas yaradır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı inzibati qərardan şikayət vermək üçün buraxılmış müddətin üzrlü səbəblərə görə bərpa edilməsi və müddət bərpa edildikdən sonra təqdim etdiyi inzibati qərardan şikayət ərizəsinin icraata qəbul edilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1 -1 ci maddəsi (elektron əmək müqaviləsinə keçidlə bağlı qanunvericiliyin tələblərinin pozulması) əsasında barəmdə inzibati xəta haqqında protokol tərtib edilmiş və nəticədə MN ******* saylı inzibati qərar qəbul edilərək 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Bildirir ki, həmin inzibati icraatın heç bir mərhələsi barədə mənə məlumat verilməmişdir. Nə inzibati xəta haqqında protokolun tərtib edilməsi, nə izahat vermək üçün çağırılma, nə də işə baxılması və qərarın qəbul edilməsi barədə ona hər hansı rəsmi bildiriş təqdim edilməmişdir. O yalnız Abşeron Rayon İcra və Probasiya Şöbəsindən barəsində 1000 manat məbləğində inzibati cərimənin icraya yönəldildiyini öyrənmişdir. Həmin vaxta qədər pensiyasından tutulmuş məbləğlərin kredit borcu ilə əlaqədar olduğunu düşündüyündən buna əhəmiyyət verməmişdir. Sonradan məlum olmuşdur ki, barəsində əsassız və qanunsuz şəkildə inzibati icraat aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı inzibati qərarın ləğv edilməsi və barəsində aparılmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası müvafiq olaraq təyin edilmiş, şikayətçi və inzibati qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsinin və şikayətçinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. X2 iş materiallarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin ötürülməməsinə dair sübutları əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilmədiyindən X2 tərəfindən verilmiş vəsatət təmin olunmamalı, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti təmin edilməsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının təmin olunmaması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(5-105)-19/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-19/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver