Məhkəmə qərarları › İş №3(5-105)-217/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-217/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-217/2026 27.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-in polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron RPİ-nin İTŞ-in polis sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsi yaxınlığında bacısı Zərərçəkmiş şəxs yüngül zərərvurmaya səbəb olmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-in polis sahə rəisi, polis mayoru X3 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək və Abşeron RPİ-yə ərizə ilə müraciət edərək qardaşı Raminin onun üz nahiyəsinə xəsarət yetirməsi barədə məlumat vermiş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmışdır. “Cinayət işinin başlanmasının rədd olunması haqqında” qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-ə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Natiq İsmayılov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan əməlin (İXM 157) törədilməsində özünü təqsirli bilməmiş və məhkəmədən barəsində olan icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati tənbeh tətbiq etmə müddəti keçdiyindən onun barəsində olan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs izahatından görünür ki, xx.xx.2025ci il tarixdə, saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsidə qardaşının dostu Ceyhuna məxsus avtomobildə olarkən evimiz yandığı üçün ata evində qalmaq istədiyini bildirən zaman qardaşı onu vuraraq üz nahiyəsinə xəsarət yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli Abşeron Rayon Polis İdarəsinin tədqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul olunmuş qərardan görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1923 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər üst dodağın selikli qişasının sol hissəsinin səthi əzilmiş yarası küt əşya (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində əl zərbəsinin təsirindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır və tərəfindən verilən izahat tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Bu səbəblə Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, müvafiq protokol isə xx.xx.2026-cı il tarixdə tərtib edilmiş, nəticə etibarilə cinayət işinin başlanmasının rəddi qərarının qəbul olunması tarixindən 3 (üç) aydan artıq müddət keçmiş və beləcə İXM-in 38-ci maddəsinin tələbi pozulmuşdur. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Teymur-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar