Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-219/2026 27.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Teymur-X3 Şəxs barəsində Abşeron RPİ-nin Mehdiabad PB-in polis sahə rəisi, polis leytenantı X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala işin məhkəmədə baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron RPİ-nin Mehdiabad PB-in polis sahə rəisi, polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməyə dair xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, inzibati protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsinə əsasən inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqdim olunmuş protokolda törədilməsi ehtimal olunan inzibati xətanın törədildiyi yer, vaxt, inzibati xətanın mahiyyəti, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin fərdi identifikasiya nömrəsi göstərilməmiş və bununla da Azərbaycan Respublikası İXM-in 100-cü maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılmasının əsası inzibati xəta haqqında tərtib olunmuş protokoldur. İnzibati xəta haqqında protokol inzibati icraatın başlanılması üçün ilkin və əsas sənəd olmaqla, inzibati xəta hadisəsinin mahiyyətini, hadisənin törədilmə yerini, vaxtını və iş üzrə əhəmiyyət kəsb edən digər halların tam və dəqiq əks etdirilməsini təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bildirir ki, məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokolda əks olunan natamamlıqlar işə mahiyyəti üzrə baxılıb ehtimal olunan inzibati xətanın törədilibtörədilməməsi məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini mümkünsüz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Abşeron RPİ-nin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati protokol və ona əlavə edilmiş materiallar Abşeron RPİ-yə geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrar müraciət etmək olar. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Elvin Teymur-Zadə
Məhkəmə qərarları › İş №3(5-105)-219/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-219/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver