Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-252/2026 11.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, X1 iştirakı ilə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3 və 346.5-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3 və 346.5-ci maddələri ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli qərarının ləğv edilməsi və barəsində olan icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə iclasın qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, inzibati xətanın qeyd olunan törədilmə vaxtında sözügedən nəqliyyat vasitəsi hərəkətdə olmamışdır, bu səbəbdən də tərtib olunmuş qərar əssasız və qanunsuzdur. Aslan Xudiyev hərəkətində hər hansı qayda pozuntusu olmadığını nəzərə alaraq barəsində tərtib olunmuş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi və hüquqi məslələr: Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3 və 346.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayət və ona əlavə edilmiş materialları araşdırıb, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.4-cü maddəsinə əsasən, bildiriş bu Məcəllənin 57.1 – 57.5- ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. 76-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. 134.1.4-cü maddəsinə əsasən, məhkəmə 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması məhkəmə tərəfindən müvafiq inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 346.5-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, şikayətin dolğun araşdırılmasını təmin edən zəruri sənədlər, o cümlədən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin inzibati iş üzrə qərar qəbul etmiş orqan tərəfindən bu yöndə müvafiq addımlar atılmamış, buna cəhdlər edilməmiş, məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandıılmasına baxmayaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Nəticə etibarilə, şikayətin dolğun araşdırılmasına imkan verən zəruri sənədlərin təqdim olunmamasına, həmçinin yalnız şikayətə əlavə edilmiş qərarla mübahisələndirilən hallarla bağlı mühüm məqamları araşdırmaq mümkün olmadığına görə işə baxıb yekun qərar qəbul etmək mümkün deyildir. Çünki şikayətin hərtərəfli, obyektiv araşdırılması üçün zəruri olan sənədlərin təqdim edilməməsi mövcud ziddiyətli halların aradan qaldırılmasında və işin həqiqi hallarının ortaya çıxarılmasında maneə yaratmaqla bərabər faktın araşdırılması imkanını məhdudlaşdırmışdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-in 8-ci maddəsinin İİ hissəsi, təqsirsizlik prezumpsiyası prinsipi). Şikayətçinin əməlində inzibati xətanın olub-olmamasını, inzibati xətanın törədilməsində onun təqsirliliyini, eləcə də işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün faktik məlumatlar, inzibati xətalar haqqında işlər üzrə sübutlar, o cümlədən inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlər səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhz inzibati xəta haqqında qanunvericiliyin məzmunundan da göründüyü kimi inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz səlahiyyətli orqanın üzərinə düşür. Həm milli, həm də beynəlxalq hüququn mövqeyindən çıxış edərək, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, adətən, bütün sübutlar xəta törədən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Yəni inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş orqan şikayətçi tərəfindən mübahisələndirilən məsələ ilə bağlı mövqeyini sübutlarla əsaslandırmalı, həmin sübutları açıq məhkəmə iclasında təqdim etməli idi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilməli, şikayətin dəlillərini araşdırmaq məqsədi ilə iş yenidən baxılması üçün səlahiyyətli orqana - Azərbaycan Respublikasının DİN BDYPİ-ə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının DİN BDYPİ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3 və 346.5-ci maddələri ilə xx.xx.2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana - Azərbaycan Respublikasının DİN-in BDYPİ-ə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Elvin Teymur-Zadə
Məhkəmə qərarları › İş №3(5-105)-252/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-252/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver