Məhkəmə qərarları › İş №3(5-105)-283/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-283/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-283/2026 12.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/000700 nömrəli 09.01,2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə 3420 (üç min dörd yüz iyirmi) AB$ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Bas Gömrük İdarəsindən hüquqi şəxs Şəxs MMC-yə ünvanına “konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair 3-33-1100/2-007716/2024 nömrəli xx.xx.2024-cü il tarixli xəbərdarlıq və 3-33- 1100/2-007941/2024 nömrəli xx.xx.2024-cü il tarixli bildiriş məktubları göndərilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC BƏƏ-də fəaliyyət göstərən "X4 Tradinq LLC” şirkəti ilə bağlanılmış 11/23 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük İdarəsində **********6654 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 3420 (üç min dörd yüz iyirmi) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, yəni ixrac olunma tarixdən 180 gün ərzində Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. 3420 (üç min dörd yüz iyirmi) ABŞ dolları məbləğində pul vəsaiti Şəxs MMC-nin müvəkkil edilmiş bankının hesabına xx.xx.2025-ci il tarixdə köçürülmüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, qeyd olunan inzibati xəta haqqında protokol üzrə müəssisənin təqsiri yoxdur. Belə ki, konsiqnasiya yolu ilə edilmiş ödənişin geri qaytarılması ilə bağlı qarşı tərəfə həmin ödənişin geri qaytarılması üçün ölkə qanunverciliyində 180 gün müddətin nəzərdə tutulduğu dəfələrlə izah edilməsinə baxmayaraq həmin şirkət tərəfindən ödəniş 180 gün içində deyil, həmin müddətdən 40 gün sonra geri qaytarılmışdır. Lakin qeyd etdiyi kimi həmin inzibati xəta hadisəsinin törədilməsi müəssisənin təqsirindən baş verməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, lakin səlahiyyətləri orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64 və 112.1.4-cü maddələrinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 yanvar 2025-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən ixrac edilən malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin köçürülməsi haqqında 3-33-1100/2-007941-2024 saylı 18 dekabr 2024-cü il tarixli bildiriş Şəxs MMCnin ünvanına göndərilmiş, lakin Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac edilən malların müqabilində vəsaitlərin bəyan olduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. **********6654 sorğu nömrəli, 01 iyul 2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən X2 yerləşən “X4 LLC”-ə ümumi invoys dəyəri 3420 dollar olan malları göndərmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin inzibati xəta haqqında protokol, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Lakin əməlin tərədilməsindən bir il müddət keçdiyindən Şəxs MMC barəsində başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən **********6654 sorğu nömrəli, 01 iyul 2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən “X2 yerləşən “X4 TRADİNG LLC”-ə ümumi invoys dəyəri 3420 dollar olan malları göndərmişdir. Lakin qanunvericiliyə əsasən həmin vəsaitin 180 gün ərzində müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən olunmuşdur. Odur ki, köçürülmənin 01 iyul 2024-cü il tarixdə həyata keçirildiyini nəzərə alaraq inzibati xətanın həmin müddətdən 180 gündən sonra yəni, 01 yanvar 2025-ci il tarixdə baş verdiyi müəyyən olunmuşdur. Beləliklə, Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq olunsa da, inzibati xətanın törədildiyi gündən, yəni 01 yanvar 2025-ci il tarixdən 1 il artıq müddət keçdiyindən, məhkəmə hesab edir ki, onun barəsində inzibati tənbeh verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar