Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-302/2026 02.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İxtiyar qızının katibliyi ilə Barəsində izibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi: X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə Azərbaycan Respubikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respubikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib edilmiş 26 yanvar 2026-cı il tarixli EP ******* (00100-00337/26) nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/000740 nömrəli xx.xx.2026-cı il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs (VÖEN **********) ünvanına Gürcüstandan gətirilən mallar **********7041 saylı xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 22-ci qrafasında idxal olunan malların ümumi invoys dəyəri 1512 ABŞ dolları qeyd olunduğu halda, **********4642 saylı qısa idxal bəyannaməsinin 22-ci qrafasında idxal olunan malların ümumi invoys dəyəri 1392 ABŞ dolları göstərilmişdir. Aparılan araşdırma zamanı qeyd olunan bəyannamələrə və həmin bəyannamələrə əlavə edilmiş sənədlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, idxal edilən malların ümumi invoys dəyəri **********7041 saylı xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsində düzgün göstərilmiş, həmin ümumi invoys dəyəri əsasında malların gömrük rəsmiləşdirilməsi aparılmışdır. **********4642 saylı xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafasında idxal olunan malların ümumi invoys dəyəri düzgün göstərilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Elvin Əsgərov bildirmişdir ki, idxal edilən malların ümumi invoys dəyəri gömrük bəyannaməsində yalnış qeyd edilməsini qəbul edir və barələrində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Şəxs (VÖEN **********) tərəfindən xx.xx.2025-ci il tarixli, **********4642 saylı gömrük bəyannaməsinin 22-ci qrafasında idxal olunan malların ümumi invoys dəyəri 1392 ABŞ dolları kimi göstərilmişdir;
2. Şəxs (VÖEN **********) tərəfindən xx.xx.2025-ci il tarixli, **********7041 saylı gömrük bəyannaməsinin 22-ci qrafasında idxal olunan malların ümumi invoys dəyəri 1512 ABŞ dolları kimi göstərilmişdir;
Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respubikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 26 yanvar 2026-cı il tarixli EP ******* (00100-00337/26) nömrəli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.1-ci maddəsinə əsasən Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Gömrük bəyannaməsi bəyannaməçi tərəfindən tərtib edilərək gömrük orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtda təqdim edilməlidir və həmin bəyannamədə göstərilən məlumatlar təhrif olunmamalıdır (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1, 146, 148-ci maddələri). Yəni, bəyannamənin düzgün tərtib edilməməsi ilə bağlı məsuliyyət bəyannaməçinin üzərinə düşür və bu səbəbdən də İXM-in 485.1-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumatın verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Nəticə etibarilə qısa idxal bəyannaməsi risklərin təhlili və gömrük nəzarətinin düzgün aparılmasının təşkili üçün dəqiq tərtib edilməlidir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs ünvanına gələn və Bakı Baş Gömrük İdarəsində **********041 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklə bağlı **********4642 saylı, 22 dekabr 2025-ci il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafasında uyğunsuzluğa yol verilmiş, bununla da MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 40, 43, 48-51, 114 , 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.
Hakim: Abusət Qasımov