Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-32/2026 08.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Tələbkarın nümayəndəsi: X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1976-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 08 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov protokolu müdafiə edərək bildirmişdir ki, Salyan regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində bağlanmış icra qeydinə əsasən Zərərçəkmiş şəxs xeyrinə Şəxs vaxtında ödənilməmiş 3200 manat pul tutulması müəyyən edilmişdir. Həmin icra qeydi 22 may 2025-ci il tarixdə 8 İ-6175№ ilə informasiiya sisteminə daxiledilmişdir. Həmin icra qeydi 26 may 2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, bundan sonra borclunun Salyan rayonunda yaşamadığı müəyyən edildiyindən 15 iyul 2025-ci il tarixdə icra sənədi aidiyyatı üzrə borclunun qeydiyyatda olduğu ünvan üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu Şəxs hazırda ödənilməmiş 1725 manat borcu mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, bildirdi ki, o, hazırkı icra qeydi üzrə ödənişlərin vaxtında həyata keçirilməməsinin səbəbini maddi vəziyyətinin çətinləşməsi ilə izah edir. Bildirir ki, borclu olduğu icra sənədi üzrə bu gün 1500 (bir min beş yüz) manat məbləğində ödəniş etmişdir. Qalan borcun isə qısa müddət ərzində hissə-hissə ödəyəcəyinə dair məhkəməyə söz verərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Könül Yusifova izahat verərək bildirdi ki, borclu Şəxs icra sənədi üzrə 1500 (bir min beş yüz) manat məbləğində ödəniş etsə də, həmin məbləğlə razı deyil və borcun tam ödənilməsini tələb edir, əks halda barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Salyan regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində bağlanmış icra qeydinə əsasən Zərərçəkmiş şəxs xeyrinə Şəxs vaxtında ödənilməmiş 3200 manat pul tutulması müəyyən edilmişdir;
2. Salyan regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində bağlanmış icra qeydi 22 may 2025-ci il tarixdə 8 İ-6175№ ilə informasiiya sisteminə daxil edilmişdir.
3. Salyan regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində bağlanmış icra qeydi 26 may 2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, bundan sonra borclunun Salyan rayonunda yaşamadığı müəyyən edildiyindən 15 iyul 2025-ci il tarixdə icra sənədi aidiyyatı üzrə borclunun qeydiyyatda olduğu ünvan üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir;
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs tərəfindən öhdəliyin bir hissəsinin icra edilməsi məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilmiş, əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra sənədlərinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Şəxs icra qeydi üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etməmişdir. Borclu ödənişlərin həyata keçirilməməsini maddi imkanlarının yetərli olmaması və digər hallarla əsaslandırsa da, məhkəmə bunları icra sənədinin üzrsüz icra edilməməsi faktını aradan qaldıran səbəb kimi qəbul etmir. Eyni zamanda, borclunun məhkəmə iclasında 1500 (bir min beş yüz) manat məbləğində ödəniş etməsi və qalan borcun hissə-hissə ödənilməsinə dair verdiyi söz onun gələcəkdə öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərir. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov