Məhkəmə qərarları › İş №3(5-105)-328/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-328/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-328/2026 05.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis leytenantı X3 iştirakı ilə, xx.xx.1982-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 04 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X5 oğlu izahat verərək bildirdi ki, Şəxs 04 fevral 2026-cı il tarixdə saat 16:50 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Abşeron RPİ-nin NH-nə durmadan zəng edərək iş fəaliyyətini pozmuş və hüquq mühafizə orqanlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hadisə vaxtı içkili olduğundan özünü idarə edə bilməmiş, əsəblərinə hakim olmamışdır. Törətdiyi əməldən peşman olduğunu və İİ qrup əlil olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 müdafiə etdiyi şəxsin əməlindən peşman olduğunu, əlil olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. İnzibati xəta haqqında 04 fevral 2026-cı il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs 04 fevral 2026-cı il tarixdə saat 16:50 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Abşeron RPİ-nin NH-nə durmadan zəng edərək iş fəaliyyətini pozmuş və hüquq mühafizə orqanlarının ünvanına nalayiq ifadələr işlətmişdir.

2. İnzibati qaydada tutma haqqında 04 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 04 fevral 2026-cı il tarixdə saat 20:30 dəqiqədə inzibati qaydada tutulmuşdur.

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs ona qarşı irəli sürülmüş maddələrlə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətini yüngülləşdirən müəyyən olunmadı. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətini ağrılaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə Şəxs törətdiyi xətanın birbaşa cəmiyyətin mənafeyi ilə bağlı, həmçinin ictimai qaydanı əsaslı səbəb olmadan pozaraq nəlayiq və təhqiredici ifadələr işlədərək, xırda xuliqanlıq etməsi ilə bağlı əməl olmasını,həmçinin İİ qrup əlil olmasını nəzərə alaraq Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 50 (əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar