Məhkəmə qərarları › İş №3(5-105)-378/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-378/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-378/2026 10.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1, inzibati xəta barədə protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1997-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1874/2024 saylı 09 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladı xx.xx.2023-cü il təvəllüdlü X5 ilə hər həftənin şənbə günləri saat 15:00-dan 18:00-dək ünsiyyət hüququnun təmin edilməsi qərara alınmışdır. Lakin qeyd olunan icra sənədi uşağın anası Şəxs tərəfindən icra edilmir. Belə ki, o, övladını atası Zərərçəkmiş şəxs ilə tək görüşməsinə icazə vermir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, icra sənədini icra etməkdən yayınmır. Abşeron Rayon İcra şöbəsində iki dəfə övladı ilə atası arasında ünsiyyət hüququnu təmin etmiş lakin uşaq hər dəfə ağlayaraq onu yanında istəmişdir. Uşaq sonuncu dəfə atasını 40 günlüyündə görmüşdür, onu tanımır. O, Zərərçəkmiş şəxs bir neçə dəfə onun iştirakı ilə görüşməyi, uşaq atasına öyrəşdikdən sonra onun istədiyi qədər görüşməyinə etiraz etməyəcəyini bildirsə də qarşı tərəf bununla razılaşmır. Halbuki uşaq onun yanında olmadan atasını görəndə ağlayır və iki yaşlı uşaq üçün bu artıq psixoloji bir problemə çevrilir. Qərəzli heç bir hərəkət etmədiyini, məqsədi uşağının sağlamlığını qorumaq olduğunu, uşaq atasına öyrəşdikdən sonra onunla görüşə etiraz etməyəcəyini bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, iki dəfə Abşeron Rayon İcra şöbəsində uşaqla görüşmüş, uşaq 40 dəqiqə ağlamadan onun yanında qalmış və sonradan anasını istəmişdir. Eynilə ikinci görüşdə də analoji vəziyyət yaşanmışdır. Daha sonra o evdən gəlib uşağı götürmək istəyən zaman uşağın anası Şəxs uşağı ona verməkdən imtina etmiş, uşağın ağlayacağını bildirmişdir.Şəxs ancaq özünün iştirakı ilə uşaqla görüşə icazə verir.Odur ki,ondan şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını, məqsədinin övladının sağlamlığını qorumaq olduğunu, eynilə atanın da övladının sağlamlığını düşünərək Şəxs ilə arasında razılıq əldə etməli olduğunu bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Abşeron Rayon Məhkəməsinin 2(012)-1874/2024 saylı 09 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladı xx.xx.2023-cü il təvəllüdlü X5 ilə hər həftənin şənbə günləri saat 15:00-dan 18:00-dək ünsiyyət hüququnun təmin edilməsi qərara alınmışdır. 15 sentyabr 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə qəsdən təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın: 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, laqeydlik göstərməsi, icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, qərarda ananın iştirakı olmadan görüş nəzərdə tutulmasına baxmayaraq barəsində icraat aparılan şəxsin israrlı şəkildə onun iştirakı ilə görüşə razı olması əks təqdirdə uşağın görüşünə mane olması tərəflərin izahatları, məhkəmə iclasında telefon danışıqlarının audioyazıları ilə tam təsdiq edilir. Belə olduqda məhkəmə onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını, Şəxs cəmiyyətdən təcrid etmədən islah olunmasının mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar