Məhkəmə qərarları › İş №3(5-105)-446/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-446/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-446/2026 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlun Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiala baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Məhkəməsinin icraatına Abşeron Rayon Polis İdarəsi DYPŞ tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, AP ******* nömrəli protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Ona görə ki, İnzibati Xətalar Məсəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Lakin iş materiallarında qeyd edilən sorğunun Şəxsnə çatdırılmasına dair mötəbər sübut yoxdur. Məhkəməyə təqdim olunmuş “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədə isə sorğunun kim tərəfindən təhvil alınmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə həmin poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə ( onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin iş materiallarında olan poçt xəbərnaməsində İXMnin göstərilən tələblərinəpriayət edilməmişdir. Həmçinin poçt xəbərnaməsində göndərişin şəxsən təqdim edildiyi göstərilsə də, onu qəbul etmiş şəxsin adı və soyadı qeyd olunmamış, yalnız “imza” göstərilmişdir. Bu səbəbdən göndərişi qəbul edən şəxsin kimliyi, hüquqi statusu və müvafiq təşkilatda hansı vəzifəni tutduğu müəyyən edilə bilmir. Odur ki, inzibati xətanı törətmiş nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatın təqdim edilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusunun Şəxsnə lazımi qaydada çatdırılması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, sözügedən maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Lakin protokol tərtib edən orqan tərəfindən qeyd edilən qanunverciliyin tələblərinə əməl edilməmişdir. İnzibati orqan hüquqi şəxsin səlahiyyətli nümayəndəsini inzibati araşdırmada iştiraka cəlb etməməklə hüquqi şəxsin qeyd edilən hüquqlarını əlindən almış və prosessual pozuntuya yol vermişdir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol - həmin Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən pozuntuları isə işə baxılarkən aradan qaldırmaq mümkün deyildir. Buna görə də, inzibati xəta haqqında tərtib edilmiş protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələlərini həll edir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron rayon Polis İdarəsinə geri qaytarılsın. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ Abşeron rayon Polis İdarəsinə izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar