Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-547/2026 02.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 İxtiyar qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 10 dekabr 2025-ci il tarixli, EQ 32553897 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 dekabr 2025-ci il tarixli, EQ 32553897 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X2 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 13:36-da Bakı şəhəri, M.Cəfərov küçəsində ona məxsus HYUNDAİ TUCSON markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. O, dəfələrlə Daxili İşlər Nazirliyinə və Baş X8 İdarəsinə müraciət etmişdir ki, qeyd olunan cərimə qanunsuz olaraq tətbiq edilmişdir. Buna səbəb ondan ibarətdir ki, həmin gün avtomobili idarə edən şəxs o, deyil, X3 olmuşdur. Artıq iki aydan çox müddət keçməsinə baxmayaraq etdiyi müraciətlərə baxılmamış və ona hər hansı cavab verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş şikayət vermə müddəti də ötürülmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq, buraxılmış müddətin bərpa edilməsini və şikayətin baxılması üçün icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Baloğlan İbrahimxəlilov vəsatəti müdafiə edərək əlavə olaraq qeyd etdi ki, inzibati tənbeh vermə haqqında qərar üzrə tətbiq edilmiş cəriməni 2025-ci ilin dekabr ayında ödəsə də,lakin buna baxmayaraq, inzibati xəta üzrə hesablanmış cərimə ballarının onun sürücülük vəsiqəsindən silinmədiyini bildirərək, qərardan şikayət vermək niyyətində olsa da, həmin dövrün bayram günlərinə təsadüf etdiyindən vaxtında şikayət verə bilmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini bildirmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qərardan şikayət vermiş şəxs tərəfindən təqdim edilən əsaslar müddətin bərpası üçün əsas hesab edilə bilməz. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Baloğlan İbrahimxəlilov barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə tətbiq edilmiş cərimə ödənilmişdir. Cərimənin ödənilməsi faktı və ödənişin həyata keçirildiyi tarix nəzərə alınmaqla məhkəmə hesab edir ki, həmin qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü səbəblərlə bağlı olmamışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Baloğlan İbrahimxəlilov tərəfindən buraxılmış prosessual müddətin bərpası üçün hüquqi əsaslar mövcud olmadığından, onun müddətin bərpasına dair vəsatətinin təmin edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 10 dekabr 2025-ci il tarixli, EQ 32553897 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayəti üzrə buraxılmış prossesual müddətin bərpası barədə vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 10 dekabr 2025-ci il tarixli, EQ 32553897 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi barədə şikayəti üzrə buraxılmış prossesual müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(5-105)-547/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-547/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver