Məhkəmə qərarları › İş №3(5-105)-559/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-559/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-559/2026 20.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Prortokol tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsnə bilavasitə tabe olan YPX Alayının 1-ci Tağımının polis baş serjantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Füzuli rayonunun Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Füzuli rayonu, Əbdürrəhmanlı ərazi dairəsi, Kürdlər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair tərtib edilmiş 19 fevral 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsnə bilavasitə tabe olan YPX Alayının 1-ci Tağımının polis baş serjantı Yaşar Mehralızadə izahat verərək bildirdi ki, Şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 2080” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı mikroavtobus tərəflərindən saxlanılmış və aparılmış araşdırma zamanı onun nəqliyyat vasitəsini idarə edən sürücülük vəsiqəsində “B1”, “B”, “C1” və “C” kateqoriyalarının mövcud olduğu müəyyən edilsə də, lakin ümumi istifadədə olan sərnişindaşıma nəqliyyat vasitəsini idarə etmək hüququ verən “D” kateqoriyasının olmadığı aşkar edilmişdir. Göstərilən halı nəzərə alaraq, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı özünü qismən təqsirli bilərək, qeyd etdi ki, o, Ceyranbatan ərazisində yerləşən Socar petrolun yanında “Mercedes Benz 2080” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və bu zaman onun sərnişindaşıma nəqliyyat vasitəsini idarə etmək hüququ verən “D” kateqoriyasının olmadığı aşkar olunmuşdur. O, törətdiyi əməlindən səmimi peşmanlıq hissi keçirdiyini və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında” 19 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 19 fevral 2026-cı il tarixdə idarə etdiyi “Mercedes Benz 2080” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı mikroavtobus tərəflərindən saxlanılmış və aparılmış araşdırma zamanı onun nəqliyyat vasitəsini idarə edən sürücülük vəsiqəsində “B1”, “B”, “C1” və “C” kateqoriyalarının mövcud olduğu müəyyən edilsə də, lakin ümumi istifadədə olan sərnişindaşıma nəqliyyat vasitəsini idarə etmək hüququ verən “D” kateqoriyasının olmadığı aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzbati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatı və digər sənədlər ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görəon beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Belə ki, məhkəmə iclasında iş materialları və araşdırma zamanı əldə edilmiş sübutlarla müəyyən edilmişdir ki, “Mercedes Benz 2080” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Şəxs adına verilmiş sürücülük vəsiqəsində “B1”, “B”, “C1” və “C” kateqoriyaları mövcud olsa da, həmin vəsiqədə ümumi istifadədə olan sərnişindaşıma nəqliyyat vasitəsini idarə etmək hüququ verən “D” kateqoriyası nəzərdə tutulmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 20 fevral 2026-cı il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın “həbs” növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar