Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-59/2026 12.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2, inzibati xəta barədə protokol tərtib etmiş Ekoloji nəzarət bölüyü polis baş serjantı X1 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci X7, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekoloji Nəzarət Bölüyü polisinin daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekoloji Nəzarət Bölüyü polisindən daxil olmuş 08 yanvar 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 08 yanvar 2026-cı il tarixdə saat 17:40 dəqiqədə idarə etdiyi “X8 Minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtombili idarə edərkən saxlanılmış və avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ekoloji nəzarət bölüyü polis baş serjantı X4 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Şəxs 08 yanvar 2026-cı il tarixdə onun tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Şəxs özünü qeyri-adekvat tərzdə aparmışdır. Qeyd edir ki, şəxs taksi fəaliyyət ilə məşğuldur. Şəxsdən spirtli içki qoxusu gəlməsə də hərəkətlərinin normal olmadığını müyyən etmişdir. Daha sonra şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, 2-3 gün əvvəl toy məclisində narkotik vasitə qəbul etmişdir. Bundan sonra həmin şəxs Sumqayıt şəhərində yerləşən narkoloji dispanserə aparılmış, müayinə nəticəsində narkotik vasitənin təsiri altında avtomobili idarə etdiyi müəyyən edilmişdir. Odur ki, barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, narkotik vasitənin təsiri altında avtomobili idarə etmişdir. Əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı övladır vardır və taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Sevda Abbaszadə müdafiə etdiyi şəxsin əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində daha yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 08 yanvar 2026-cı il tarixli 46 nömrəli aktdan görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman narkotik vasitələrin təsiri altında olmuş, marixuana qəbulu faktı aşkar eidlmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov DYPŞ tərəfindən tərtib edilmiş 10 iyul 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Şəxs 10 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və barəsində həmin maddələrdə əzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə “600” manat məbləğində cərimə edilmə haqqında tənbeh tədbiri qəbul olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 33-cü maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal kimi hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsilə nəzərdə tutulan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilməmişdir, belə ki, İXM-in 33.3-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Şəxs barəsində tətbiq edilmiş yüngül inzibati tənbeh tədbirindən nəticə çıxarmayaraq eyni xətanı yenidən törətməsini, narkotik vasitə qəbul edərək taksi fəaliyyəti ilə məşğul olaraq sərnişinlər və digər hərəkət iştirakçıları üçün təhlükəli olduğunu nəzərə alaraq, ona barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş xüsusi hüququn məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 44 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 12 yanvar 2026-cı il, saat 12:50-dən dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 44 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(5-105)-59/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-59/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver