Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-609/2026 23.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi:İslamov Elçin Rəfail oğlunun katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: X2 iştirakları ilə xx xxxxxx 1989-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş 23 fevral 2026-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2 (001)-4736/2024 saylı, 09.12. 2024-ci il tarixli icra sənədinə əsasən X1 14 yanvar 2009-cu il təvəllüdlü X7 və 18 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 4 iyul 2024-cü il tarixdən hesablanmaqla cavabdeh X1 hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2024-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, borclunun qeydiyyatda olduğu ünvana bildiriş və qərar göndərilmiş, tələbin könüllü icrası üçün müddeət müəyyən edilmişdir. Lakin borclu tərəfindən öhdəliyin icrası təmin edilməmişdir. Nəticədə 8710 manat aliment borcu yaranmışdır. Protokol tərtib edilərək məhkəməyə verildikdən sonra tələbkar ərizə ilə müraciət edərək borclu ilə aylıq 200 manat ödəniş barədə aralarında razılıq olduğunu bildirmiş, şikayətinin olmadığını qeyd etmişdir. Protokolda qeyd edilənləri və işin faktiki hallarını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 bildirmişdir ki, övladları ilə əlaqəsi vardır aliment formasında ödənişlər etməsə də, daimi olaraq onlarla maraqlanmış maddi köməklik etmişdir. Barəsində protokol tərtib edildikdən sonra tələbkarla əlaqə saxlamış, razılığa gəldikləri üçün sonuncu şikayətini geri götürmüşdür. Nəzərə alınmasını və yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2(001)-4736/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X1 14 yanvar 2009-cu il təvəllüdlü X7 və 18 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 4 iyul 2024-cü il tarixdən hesablanmaqla cavabdeh X1 hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir.
2. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2(001)-4736/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, borclunun qeydiyyatda olduğu ünvana bildiriş və qərar göndərilmiş, tələbin könüllü icrası üçün müddeət müəyyən edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, X2 icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə X2 əməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsini ağılabatan müddət ərzində ödəmək niyyətində olmaması, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra sənədlərinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, X5 məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etməmişdir. Borclu ödənişlərin həyata keçirilməməsini maddi imkanlarının yetərli olmaması və digər hallarla əsaslandırsa da, həmçinin tələbkarla aralarında razılıq əldə edilməsini bildirsə də, məhkəmə bunları icra sənədinin üzrsüz icra edilməməsi faktını aradan qaldıran səbəb kimi qəbul etmir. Bunları nəzərə alaraq, məhkəmə törədilmiş inzibati xətaya görə X5 barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, tələbkar ərizə ilə müraciyət edərək razılıq əldə edildiyini bildirmiş, şikayətçi olmamışdır. Lakin tələbin icrası tam aparılmadığı üçün İXM 528.1-ci maddəsinin qeydinin tətbiqi yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov