Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-653/2026 16.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X3 tərəfindən Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 19 fevral 2026-ci il tarixli TP ******* saylı inzibati qərardan verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 19 fevral 2026-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Orxan Qasımov tərəfindən verilmiş, şikayət ərizəsinin məzmunundan görünür ki, o, xx.xx.2026-cı il tarixdə saat 21:15 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospektində YPX_i əməkdaşı tərəfindən saxlanılmış, barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.3 cü maddələri ilə inzibati protokol tərtib edilmiş, həmin protokol əsasında qərar qəbul edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozmaqla inzibati xəta törətdiyi halda barəsində maddi hüquq normasının düzgün tətbiq edilmədiyini bildirmiş, həmin maddə ilə barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərardan şikayət verilmiş şəxsə və qərarından şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına şikayət verən şəxs gəlməmiş, inzibati orqan nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş şəxsin və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 19 fevral 2026-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2026-cı il tarixdə saat 21:15 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospektində CHANGAN UNİ-V minik markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormuz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi müəyyən edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 150 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayəti və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə yüz əlli manat məbləğində cərimə edilir. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qəbul edilərkən şəxsin iştirakı təmin edilməmiş, həmçinin inzibati orqan tərəfindən tələb olunan materiallar məhkəməyə təqdim edilməmiş, nümayəndəsi iştirak etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə və şikayətçinin sübutlarına baxış keçirmədən qərar qəbul etmiş, bu isə öz növbəsində X2 şikayətinin qismən təmin edilməsinə əsas olmuş, barəsinə inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı ilə yenidən araşdırılma aparılmasına və qərar qəbul edilməsinə zərurət yaratmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏRARA ALDİ:
X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 19 fevral 2026-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abusət Qasımov