Məhkəmə qərarları › İş №3(5-105)-666/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-666/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-666/2026 06.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibat xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxs "xxxx" ASC-in nümayəndələri X7 və X2 iştirakları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra DƏMX-in BŞİ) tərəfindən "xxxx" ASC (hüquqi ünvanı: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 11, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DƏMX-in BŞİ-nin əmək müfəttişi X3 tərəfindən "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən vətəndaş X4 "xxxx" ASC-dən şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq müəssisəyə xx.xx.2026-cı il tarixli, 3-17-5/2-637/2026 nömrəli sorğu məktubu göndərilərək, məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-in BŞİ-yə təqdim edilməsi tələb edilmişdir. Sorğu məktubu işəgötürənin elektron kabinetinə də göndərilmiş, lakin müvafiq sənədlər qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində təqdim olunmamışdır. Nəticədə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, bu səbəbdən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib olumuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş DƏMX-in BŞİ-in nümayəndəsi X10 inzibati protokolu müdafiə edərək izahatında göstərmişdir ki, müvafiq sorğu xx.xx.2026-cı il tarixdə verilmiş, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində müvafiq hüquqi şəxs tərəfindən sorğuya cavab verilməmişdir. O həmçinin bildirmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 62.2-ci maddəsinə əsasən, elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayıldığından, DƏMX-in BŞİ-nin ünvanladığı sorğu "xxxx" ASC-yə təqdim olunmuş sayılmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, DƏMX-in BŞİ tərəfindən "xxxx" ASC-yə X9 barəsində sənədlərin təqdim edilməsi məzmununda xx.xx.2026-cı il tarixli, 3-17-5/2-637/2020 nömrəli məktub azərpoçt və ya "Əmək və Məşğulluq altsistemi (ƏMAS)” platforması vasitəsilə "xxxx" ASC-yə daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına inzibati xətalar haqqında işlar üzrə sənədlər hakim və ya salahiyyətli organ (vəzifəli şəxs) tərəfindən "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. X11 Xidməti tərəfindən məhkəməyə təqdim edilən sənədlərin içərisində də sözü gedən məktubun poçt vasitəsi ilə "xxxx" ASC-yə göndərilməsi və ya çatdırılması barədə sənəd və ya poçt qəbzi yoxdur. O, sonda qeyd olunanları nəzərə alaraq "xxxx" ASC barəsində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X12 izahatında bildirmişdir ki, DƏMX-in BŞİ tərəfindən tərtib edilən xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokolda qeyd olunur ki, "xxxx" ASC xx.xx.2026-cı il tarixli 3-17-5/2-637/2026 nömrəli sorğu məktubuna cavab verməyərək inzibati xəta törətmişdir və bu fakt avtomatlaşdırılmış sosial informasiya sistemi vasitəsilə işəgötürənin elektron kabinetinə göndərilmişdir və bununla təsdiq edilir. Avtomatlaşdırılmış sosial informasiya sistemi vasitəsilə işəgötürənin elektron kabinetinə göndərilmiş məktubların şəxsi kabinetdə öz əksinın tapmadığı barədə "xxxx" ASC tərəfindən vaxtında aidiyyəti üzrə məlumat verilmiş və texniki problemlərin mövcudluğu müvafiq instansiyalara dəfələrlə bildirilməklə yanaşı, məsələ ilə bağlı lazımi addımlar atılmışdır. Belə ki, 2026-cı ilin yanvar ayından etibarən X11 Xidmətindən və onun tabeliyində olan qurumlardan "xxxx" ASC-yə ünvanlanmış rəsmi məktublar mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə "Əmək və Məşğulluq altsistemi” (ƏMAS) üzərindən, "rəsmi yazışmalar bölməsinin" daxil olan məktublar hissəsində əks etdirilmir. Problem davamlı olduğu üçün xx.xx.2026-cı il tarixində "xxxx" ASC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142" Çağı mərkəzinə müraciət edilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən xx.xx.2026-cı il tarixində 116/K-2026 nömrəli məktub ilə X11 Xidmətinə rəsmi məktubla müraciət olunmuş, lakin buna baxmayaraq problem bugünkü günə kimi öz həllini tapmamışdır. O, sonda qeyd olunanları nəzərə alaraq "xxxx" ASC barəsində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-17-5/2-637/2026 nömrəli məktubundan görünür ki, vətəndaş X9 "xxxx" ASC -də əmək hüquqlarının pozulması barədə idarəyə şikayət ilə müraciət etmişdir. Müraciətə baxılması məqsədi ilə Vüsal İbadova aid sənədlərin 7 (yeddi) iş günü ərzində X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Müvafiq sorğuya "xxxx" ASC tərəfindən 7 (yeddi) iş günü ərzində cavab verilmədiyi üçün sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-105)-666/2026 nömrəli qərardının icrası ilə əlaqədar "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, X11 Xidmətindən və onun tabeliyində olan qurumlardan "xxxx" ASC-yə ünvanlanmış rəsmi məktublar mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə "Əmək və Məşğulluq altsistemi” (ƏMAS) üzərindən, "rəsmi yazışmalar bölməsinin" daxil olan məktublar hissəsində əks etdirilmir. Həmçinin məhkəməyə təqdim olunmuş sənədlərdən aydın olur ki, "xxxx" ASC tərəfindən mövcud problemin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəhbərliyinə rəsmi qaydada müraciət edilmiş, lakin mövcud problem öz həllini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, inzibati xəta üzrə icraat aparan orqan tərəfindən sorğunun hüquqi şəxsə məhz xx.xx.2026-cı il tarixdə təqdim edildiyini təsdiq edən hər hansı rəsmi sənəd, sübutedici materiallar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati xətanın mövcudluğu, habelə inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsiri inzibati icraatı aparan orqan tərəfindən sübut edilməlidir. İnzibati xətaya dair iş üzrə sübutetmə yükü barəsində icraat aparılan şəxsin üzərinə deyil, inzibati protokol tərtib etmiş orqanın üzərinə düşür. Bundan başqa məhkəmə inzibati orqanın nümayəndəsinin istinad etdiyi - “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 62.2-ci maddəsinə əsasən, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayıldığından, DƏMX-in BŞİ-nin ünvanladığı sorğu "xxxx" ASC-yə təqdim olunmuş sayılmalıdır – fikrinə münasibətdə bildirir ki, həmin Qanunun 3.2.2-ci bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Göründüyü kimi, DƏMX-in BŞİ-nin nümayəndəsinin mövcud araşdırma predmetinə aidiyyəti olmayan normativ hüquqi akta istinad etməklə tərtib edilmiş inzibati xəta haqqında protokolu əsaslandırmağa çalışması inzibati orqan tərəfindən inzibati xəta hadisənin törədilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş sübutetmə öhdəliyinin yerinə yetirə bilməməsini təsdiq etmiş olur. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olur ki, müvafiq sorğu "xxxx" ASC-yə elektron formada və ya poçt vasitəsilə çatdırılmamışdır. Bu fakt isə özü-özlüyündə inzibati xəta hadisəsinin mövcudluğunu istisna edir. Hazırkı iş üzrə inzibati xətanın obyektiv tərəfinin, yəni sorğunun vaxtında təqdim edilməməsi faktının mövcudluğunu təsdiq edən mötəbər və kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu hal inzibati xətanın tərkibinin müəyyən edilməsi imkanını istisna edir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyət yalnız inzibati xətanın tərkibi tam və dəqiq sübuta yetirildiyi hallarda tətbiq edilə bilər. İş üzrə təqdim olunmuş materiallar inzibati xətanın baş verməsini təsdiq etmədiyindən hüquqi şəxs barəsində inzibati icraatın davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının İXM-in 53.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105 və 114-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə "xxxx" ASC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elvin-Teymur-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar