Məhkəmə qərarları › İş №3(5-105)-70/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-70/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-70/2026 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional Şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə 04 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 protokolda göstərilənləri təstiq edərək, əlavə olaraq qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılmış təhlillər zamanı Şəxs tərəfindən qüvvədə olan əmək müqavilələrini elektron sənəd formasına keçirilməsinin təmin edilmədiyi müəyyən edilmişdir. Bu barədə xəbərdarlıq məktubu göndərilsə də, Şəxs nümayəndəsi araşdırma prosesində iştirak etməmiş, ona görə də onların iştirakı olmadan MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aradan bu qədər müddət keçməsinə baxmayaraq MMC tərəfindən bu günə kimi də qüvvədə olan əmək müqavilələrini elektron sənəd formasına keçirilməmişdir. Göstərilən halları nəzərə alaraq “Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 539.1-1ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirini şərti tətbiq etmə barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasınında iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə barələrində tərtib edilmiş protokolla bağlı özlərini təqsirli bilərək əlavə olaraq qeyd etdi ki, inzibati xəta hadisəsinin olması və səhlənkarlıq səbəbindən indiyə qədər tələbin təmin edilməməsindən məlumatlı olduqlarını bildirərək, ən qısa müddət ərzində qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçiriləcəyini bildirərək cərimənin şərti tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, “Əmək və məşğulluq” altsisteminə baxış zamanı qüvvədə olan əmək müqavilələrini elektron sənəd formasına keçirilmədiyi müəyyən edilmiş və həmin müqavilələrin elektron sənəd formasına keçirilməsi üçün 5 iş günü müddət müəyyən edilmişdir. Tələbin icrası təmin edilmədiyi üçün eyni məzmunlu yeni məktub ünvanlayaraq əks halda inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 04 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılmış təhlillər zamanı Şəxs tərəfindən qüvvədə olan əmək müqavilələrini elektron sənəd formasına keçirilməsinin təmin edilmədiyi müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə inzibati xəta haqqında protokol, sənədlərin tələb edilməsi barədə məktub və digər sənədlərlə, həmçinin DMC KOMPANİ” MMC-nin nümayəndəsinin etirafına əsasən inzibati xəta əməli tam sübuta yetirilmişdir. Bununla da DMC KOMPANİ” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi və MMC-nin məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs DMC KOMPANİ” MMC-nin barəsində əməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi xarakretizə edən halları nəzərə alaraq edir ki, DMC KOMPANİ” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində şərti olaraq inzibati cərimə edilməli, törədilmiş hüquqpozmanın aradan qaldırması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məlumat verilməsi üçün 20 gün müddət təyin edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılmadıqda cərimə növündə inzibati tənbeh tədbiri icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 114-116 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: DMC KOMPANİ” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-cü maddəsi ilə təqsirli bilinərək şərti olaraq 2.000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. DMC KOMPANİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi hüquqpozmanın aradan qaldırması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məlumat verilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilsin. Həmin müddətdə hüquqpozma aradan qaldırılmadıqda 2.000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar