Məhkəmə qərarları › İş №3(5-105)-779/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-779/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-779/2026 06.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin X1 polis sahə rəisi, polis mayoru X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Zəngilan rayonunun, Vənətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zəngilan rayonu, Gilətağ Ərazi Dairəsi, Vənədli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin polis sahə rəisi, polis sahə rəisi, polis mayoru Ramil Əliyev izahat verərək bildirdi ki, 05 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya X4 Patrul Xidməti əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, idarə etdiyi avtomobilin hərəkətini davam etdirmiş və beləliklə sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bildirmiş və izahatında göstərmişdir ki, hadisə zamanı ona övladının hərbi xidmətə yola salınması ilə bağlı telefon zəngi daxil olmuş, həmin vaxt evə tələsdiyi üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. O, törətdiyi əmələ görə peşman olduğunu, himayəsində altı azyaşlı övladının olduğunu bildirərək bir daha belə əmələ yol verməyəcəyini qeyd etmiş və barəsində yüngül qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. İnzibati qaydada tutma haqqında 05 mart 2026-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 18:45-də tutulmuşdur;

2. “İnzibati xəta haqqında” 05 mart 2026-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 05 mart 2026-cı il tarixdə DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya X4 Patrul Xidməti əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, idarə etdiyi avtomobilin hərəkətini davam etdirmiş və beləliklə sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama əməlini törətmişdir;

“Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir; 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olması ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır; 33-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hall kimi müəyyən edilməmişdir. Beləliklə məhkəmə Şəxs ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, mübahisə yaradıb ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşına qarşı tabesizlik göstərməsini, həmçinin törədilmiş xətanın birbaşa cəmiyyətin mənafeyi ilə bağlı əməl olmasını, yüngülləşdirici və ağırlaşdırıcı halları, eləcə də tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq cərimənin yetərli təsirinin olmayacağı qənaətinə gələrək onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmasını nəzərə alaraq hesab edir ki, sonuncu tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 16 mart 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar