Məhkəmə qərarları › İş №3(5-106)-159/2026

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(5-106)-159/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(5-106)-159/2026 04.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1982-ci il tarixdə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Ağcabədi rayonunun Qaraxanlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 04 mart 2026-cı il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Ağcabədi Rayon Məhkəməsinin 2(017)-474/2019 saylı, 04 aprel 2019-cu il tarixli icra sənədini könüllü icra etməkdən yayınmışdır və onun 12150 manat borcu vardır. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-474/2019 saylı, 04 aprel 2019-cu il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və Şəxs ödəniş gününə dolların manata olan məzənnəsi ilə 24800 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. Şəxs icra məmurunun bütün çağırışlarına gəlmişdir. Lakin, icra sənədi üzrə borcunu tamamilə ödəmədiyindən hazırki inzibati protokolla məhkəməyə müraciət edilmişdir. Hazırda Şəxs 12150 manat borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-474/2019 saylı, 04 aprel 2019-cu icra sənədinə əsasən X1 və ondan ödəniş gününə dolların manata olan məzənnəsi ilə 24800 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. Ağcabədi Rayon Məhkəməsinin 8(017)-27/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərardadı ilə qeyd edilən icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi qərara alınmışdır. Borcundan 30000 manata yaxın hissəsini ödəmiş, qalıq 12150 manatını da hissə-hissə ödəyəcəkdir. Borcundan sonuncu dəfə 26 fevral 2026-cı il tarixdə 250 manat ödəmişdir. Maddi imkanı olmadığı üçün borcunu birdəfəyə ödəyə bilmir. İcra məmurunun bütün çağırışlarına vaxtında gəlmişdir, iki azyaşlı uşağının olmasını, onlara aliment ödəməsini və anasının da xəstə olmasının nəzərə alınmasını və məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 8(017)-27/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-474/2019 saylı, 04 aprel 2019-cu icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi qərara alınmışdır. Şəxs icra sənədi üzrə mütəmadi ödənişlər etmiş və sonuncu dəfə 26 fevral 2026-cı il tarixdə 250 manat ödəniiş etmişdir. Eyni zamanda icra məmurunun bütün çağırışlarına gəlmişdir. Belə olan halda yuxarıda qeyd olunan icra sənədinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Alməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar