Məhkəmə qərarları › İş №3(5-106)-35/2026

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(5-106)-35/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(5-106)-35/2026 27.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 27 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-489/2025 saylı, xx.xx.2025-ci il tarixli və Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-715/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və onun ümumilikdə 5266,50 manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərdi ki, o, hazırda maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmiş, icra məmurunun qanuni tələbindən heç vaxt imtina etməmişdir. Borcunu hər ay hissə-hissə ödəyəcəyinə söz verir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-489/2025 saylı, xx.xx.2025-ci il tarixli və Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-715/2025 saylı, xx.xx.2025-ci il icra sənədləri üzrə 5266,50 manat məbləğində pulun Şəxs tutularaq cavabdehlərin xeyrinə ödənilməlidir. Lakin, Şəxs bu günə kimi borcundan ödəməmişdir. Odur ki, qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 27 yanvar 2026-cı il tarixdən saat 14:45-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar