Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(5-106)-54/2026 25.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Fövqəladə Hallar Nazirliyi Qarabağ regional DYNİ-nin DYNŞ-nin inspektoru X1 tərtib etdiyi 30 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2026-cı il tarixdə Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən “Kontakt Home” filialında YTQ-01-2001, B-1.9.11-1.9.12; B-2.1, B-2.3, B-2.5, B-5.1-5.6; B-6.1-6.10, YTQ-03-2002, B-2.2.17; B-6.7.2 tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən Şəxs MMC-nin barəsində Qarabağ regional DYNİ-nin böyük inspektoru X2 tərəfindən 30 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur. Səlahiyyətli orqan Fövqəladə Hallar Nazirliyi Qarabağ regional DYNİ-nin DYNŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti X4 Yanğın Nəzarəti İdarəsinin 29 dekabr 2025-ci il tarixli, Q-2701 nömrəli qərarından və yoxlama suallarının siyahısından görünür ki, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə 26 yanvar 2026-cı il tarixdən 30 yanvar 2026-cı il tarixədək – Yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili (YTQ № 01-2001 bənd 2.1-2.6, Sual 249); Ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 3.1-3.12, Sual 250); Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 4.14.- 4.17, Sual 251); Təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti, köçürmə yollarına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 5.1-5.6, Sual 252); Elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılması və istismar vəziyyəti (YTQ № 01-2001 bənd 6.1-6.10, Sual 253); Yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər (Köçürmənin (təxliyyənin) idarə olunmasına və insanların yanğın barədə xəbərdar edilməsinə, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiyası qurğularına olan tələblər) (YTQ № 01-2001 bənd 9.1-9.12, Sual 256); Ticarət, ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazaların və anbarların bina və otaqların yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılması (YTQ № 03-2002 bənd 2.2-2.2.17, Sual 260); Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarların ərazisinin yanğın texnikasının və rabitə vasitələrinin saxlanılma vəziyyəti (YTQ № 03-2002 bənd 6.1-6.7.5 Sual 275); Planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2026-cı il tarixdə tərtib edilmiş Q- 2701 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə keçirilən yoxlama zamanı aşağıda qeyd olunan qanun pozuntuları aşkar edilmişdir: 1) “Kontak Home”-nin filialı binasının zirzəmi-anbar hissəsində əlavə otaqlar quraşdırılmış, layihə və təxliyyə planında öz əksini tapmamışdır. YTQ 01-2001, B 1.9.11-1.9.12; 2) Yanğın təhlükəsizliyi xidmətlərinin çağırış nömrələri olan löhvələr görünən yerlərdən asılmayıb. YTQ 01-2001, B 2.1; 3) Könüllü yanğından mühafizə dəstəsinin yaradılması haqqında sənədlər təqdim olunmadı. B-2.3; 4) Təxliyyə planı piləkən qəfəsində görünən yerdən asılmayıb. B-2.5; 5) Anbar hissədə yerləşən 2-ci təxliyyə çıxışına gedən yol malları ilə darlaşdırılıb, həmçinin tez açılan cəftə ilə təmin olunmayıb. B-5.1-5.6: 6) Elektrik xətlərinin izolyasiya aktı təqdim olunmadı. B-6.1-6.10; 7) Yanğın xəbərverici siqnalizasiya qurğusunun sazıq sənədləri təqdim olunmadı və panel hissədə nasazlıq mövcuddur. YTQ 03-2002, B-2.2.17; 8) Taxta konsturuksiyaların odadavamlı məhlulla hopturulma sənədi təqdim olunmadı 2.2.17; 9) Od söndürən balonlar asılmayıb B-6.7.2. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterindən Çıxarışdan görünür ki, FHN X5 Xidməti "xxxx" MMC-də xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək yanğın təhlükəsizliyi haqqında cari fəaliyyətlə bağlı yoxlama həyata keçirmək üçün qeydiyyatdan keçmişdir. - 22.12.2025-ci il tarixli Azsığorta ASC tərəfindən verilmiş Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsindən görünür ki, Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən Şəxs MMC-yə məxsus Kontakt Home mağazası sığorta edilmişdir. - 17.04.2024-cü il tarixli Şəxs MMC-nin direktorunun 0084 nömrəli əmrindən görünür ki, həmin cəmiyyətin Ağcabədi şəhərində yerləşən “Kontakt Home” mağazasında yanğın təhlükəsizliyinə cavabdeh şəxs X3 təyin edilmişdir. - 28.01.2026-cı il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən normalara uygun olaraq Yanğın xəbərverici-siqnalizasiya sisteminin servis işləri həyata keçirilmiş və sistem tam işlək vəziyyətdə Şəxs MMC-yə təhvil verilmişdir. - 05.01.2026-cı il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş kabellərin və naqillərin izolyasiyası üzrə hesabatdan görünür ki, Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən Şəxs MMC-yə məxsus “Kontakt Home” mağazasında kabellərin izolyasiyası qənaətbəxşdir, istismara davam etmək olar. - 05.01.2026-cı il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş elektrik avadanlıqlarının mühafizə torpaqlanması müqavimətinin yoxlanılması və ölçülməsi üzrə hesabatdan görünür ki, Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən Şəxs MMC-yə məxsus “Kontakt Home” mağazasında torpaqlama konturunun müqaviməti normaldır. - 23.12.2025-ci il tarixli "xxxx" MMC və Şəxs MMC arasında olan təhvil təslim aktından görünür ki, yanğınsöndürmə avadanlıqları və xidmətləri təhvil verilmişdir. - əlavə edilmiş mağazanın fotoşəkillərindən görünür ki, mağazada yanğınsöndürməyə dair siqnalizasiyalar, həmin siqnalizasiyanın mərkəzi sistemi, mərtəbələrin təxliyyə planları, yanğınsöndürən balonları mövcuddur. Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən elektron məhkəmə vasitəsi ilə təqdim edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, müəssisədə yoxlama həyata keçirildiyi müddətdə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun tələblərinə əsasən yerinə yetirilməli olan xidmətlər və əldə edilməli olan avadanlıqlar müəssisədə quraşdırılmışdır. Bu xidmətləri göstərən şirkət tərəfindən tərtib edilmiş təhviltəslim aktları da təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən yoxlama zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №3(5-106)-54/2026
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(5-106)-54/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver