Məhkəmə qərarları › İş №3(5-107)-192/2026

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-192/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-192/2026 17.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, Protokolu barəsində şikayət verilmiş Ağdam Rayon Polis X5 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdam rayonunun Quzanlı qəsəbəsində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan X2 Ağdam Rayon Polis X5 Polisi Bölməsinin xx.xx.2026-cı il tarixli EQ 33822722 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Q.V.Əliyev məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, Ağdam Rayon Polis X5 Polisi Bölməsi tərəfindən barəsində 33822722 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə baş verən zaman qeyd olunan ərazidə yol-təmir işləri aparılmışdır. Ərazidə aparılan təmir işləri ilə əlaqədar olaraq yolun hərəkət hissəsində yük avtomobilləri tikinti materialları boşaltdığı üçün nəqlivyat vasitələrinin sərbəst və təhlükəsiz dayanması faktiki olaraq mümkün olmamışdır. Mövcud yol nişanları faktiki vəziyyətlə uyğunluq təşkil etməmiş, müvəqqəti hərəkət sxemi və məhdudiyyətlər sürücülər üçün aydın şəkildə göstərilməmişdir. Q.V.Əliyev avtomobilini saxladığı yerdə digər nəqliyyat vasitələri, o cümlədən müxtəlif günlərdə yol patrul xidməti avtomobilləri də hər hansı xüsusi xidmət fəaliyyəti həyata keçirmədən dayanmışlar. Bu faktları təsdiq edən fotoşəkillər mövcuddur və məhkəməyə təqdim edilə bilər. Əgər həmin ərazidə dayanmaq qanunsuz hesab edilirsə, qanun hamı üçün bərabər tətbiq edilməlidir. Buna baxmayaraq, faktiki hallar tam, obyektiv və hərtərəfli araşdırılmadan yalnız Q.V.Əliyev barəsində inzibati protokol tərtib edilmişdir. Bundan əlavə protokol tərtib edilərkən Q.V.Əliyevin müdafiə hüquqları tam təmin edilməmiş, ona hüquqları ətraflı izah olunmamış, təqdim etmək istədiyi sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Yol hərəkətinin təşkili və təhlükəsizliyinə cavabdeh qurum tərəfindən müvəqqəti yol nişanlarının düzgün yerləşdirilməməsi sürücünün təqsirini istisna edən hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən xx.xx.2026-cı il tarixli EQ 33822722 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Q.V.Əliyevə şikayətini müdafiə edərək və ərizəsində göstərilənləri təsdiqləyərək bildirmişdir ki, xx.xx.2026-cı ildə yolun birinci zolağı bağlı olduğundan idarə etdiyi avtomobillə ikinci zolaqla hərəkət etmiş və yolda əsassız olaraq dayanmamışdır. Həmin gün Quzanlı qəsəbəsində asfalt yolda təmir işləri aparıldığından yol bağlı olmuşdur. İnzibatio xəta törətmədiyini qeyd etməklə şikayətinin təmin olunmasını xahiş etmişdir. Q.V.Əliyevin barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Ağdam Rayon Polis X5 Polisi Bölməsinin yol patrul xidməti inspektoru A.Ş.Bayramov məhkəmədə verdiyi izahatda göstərmişdir ki, V.Q.Əliyevin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. V.Q.Əliyev avtomobili yolda saxlayaraq mağazaya getmişdir. Bu halı təsdiq edən videoçəkiliş hazırda saxlanılmır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Polis X5 Polisi Bölməsinin xx.xx.2026-cı il tarixli EQ 33822722 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Q.V.Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib, səksən manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, Q.V.Əliyevin şikayəti təmin edilərək onun barəsində olan Ağdam Rayon Polis X5 Polisi Bölməsinin xx.xx.2026cı il tarixli EQ 33822722 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət və səksən manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. Q.V.Əliyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə baxışında təsdiq olunmamışdır. Q.V.Əliyevin barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Ağdam Rayon Polis X5 Polisi Bölməsinin yol patrul xidməti inspektoru A.Ş.Bayramov xx.xx.2026cı il tarixli protokolun əsaslı olmasına dair heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.4-cü maddəsinin tələbinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Həmin Məcəllənin 38.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən 38-ci maddədə nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X2 Ağdam Rayon Polis X5 Polisi Bölməsinin xx.xx.2026-cı il tarixli EQ 33822722 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilsin. X2 barəsində olan Ağdam Rayon Polis X5 Polisi Bölməsinin xx.xx.2026-cı il tarixli EQ 33822722 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar