Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-36/2026 12.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" firmasının nümayəndəsi Nümayəndə1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati protokola və ona əlavə olunmuş materiallara Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi (bundan sonra Gəncə Gömrük İdarəsi) tərəfindən Gömrük xidmətinin “X1 Sistem” xidmətindən əldə olunmuş məlumatlar əsasında ünvan 1 ünvanında qeydiyyatda olan "Orelay” firması tərəfindən **********6941 saylı gömrük bəyannaməsi üzrə Gürcüstan Respublikasına göndərilmiş "xxxx" yükünün müqabilində ödənilməli olan 4077,80 ABŞ dolları pul vəsaiti Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmədiyinə görə sonuncu tərəfindən "xxxx" firması barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 07 yanvar 2026-cı il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" firmasının nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, uzun müddətdir ki, "xxxx" firması Gürcüstan Respublikasında yerləşən “LTD Sofiya” şirkəti ilə əməkdaşlıq edirlər. "xxxx" firması 14077,80 ABŞ dolları məbləğində müxtəlif növ karamellərin qeyd olunan şirkətə göndərilməsi ilə bağlı müqavilə bağlanmış və müqaviləyə əsasən ixrac olunan malın pulu əvvəlcədən "xxxx" firmasının bank hesabına köçürülməli olduğuna görə “LTD Sofiya” şirkəti tərəfindən 10.000 ABŞ dolları əvvəlcədən onların bank hesabına köçürülmüş, bundan sonra Gürcüstan Respublikasında yerləşən “LTD Sofiya” şirkətinin fəaliyyəti dayanmışdır. Həmin şirkətlə əlaqə saxlanılarkən şirkətin yenidən fəaliyyətə başlamasının qeyri müəyyən olduğunu bildirmişlər. Bu səbəbdən də qalan 4077,80 ABŞ dollarını hesabdan hesaba köçürmək mümkün olmamış, həmin şirkətin nümayəndəsi 4077,80 ABŞ dollarını 21 may 2025-ci il tarixdə Gürcüstan Respublikasından poçt vasitəsi ilə Azərbaycan Respublikasına onun adına göndərmişdir. Bundan sonra 26 may 2025-ci il tarixdə gömrük bəyannaməsi tərtib edilməklə 14077,80 ABŞ dolları məbləğində müxtəlif növ karamellər Gürcüstan Respublikasına göndərilmişdir. Onların hesabı “Azərbaycan Beynəlxalaq” Bankına məxsus olduğundan banka yaxınlaşmışlar və bank tərəfindən poçt vasitəsi ilə göndərilən pulun qəbul oluna bilməyəcəyini, həmin pulun qeyd olunan şirkətin əməkdaşı tərəfindən gətirilib hava limanında yerləşən gömrükdən qeydiyyatdan keçirildikdən sonra hesaba daxil edə biləcəklərini bildirmişlər. O, bununla bağlı Gürcüstan Respublikasında yerləşən “LTD Sofiya” şirkətinin rəhbərliyinə məlumat vermiş, ona bildirmişlər ki, yaxın vaxtlarda şirkət fəaliyyətini bərpa edəcək və qeyd olunan pul vəsaitini bank hesabına köçürəcəklər. Lakin “LTD Sofiya” şirkətinin fəaliyyəti bərpa olmamışdır. O, müddətin uzandığını görüb Gürcüstan Respublikasına gedib həmin şirkətin nümayəndələri ilə görüşüb vəziyyəti başa salmış və qayıdan zaman 4078 ABŞ dollarını gömrükdə qeydiyyatdan keçirmişlər, bundan sonra həmin sənədləri “Azərbaycan Beynəlxalaq” Bankının Ağdaş filialına təqdim etmiş və bank tərəfindən pulun hesaba köçürülməsinə dair sənəd verilmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb "xxxx" firması barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. 05 fevral 2026-cı il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Gömrük xidmətinin “X1 Sistem” xidmətindən əldə olunmuş məlumatlar əsasında ünvan 1 ünvanında qeydiyyatda olan "Orelay” firması tərəfindən 26 may 2025-ci il tarixli gömrük bəyannaməsi üzrə Gürcüstan Respublikasına 14077,80 ABŞ dolları məbləğində "xxxx" yükü göndərilmiş, bunun müqabilində 10.000 ABŞ dolları qabaqcadan "Orelay” firmasının müvəkkil bankda olan hesabına köçürülsə də, qalan 4077,80 ABŞ dolları 180 gün müddətində bankda olan hesablarına köçürülməsi təmin olunmamışdır. Həmin müddət bitməmişdən 01 ay əvvəl "Orelay” firmasına məktub və bildiriş göndərilmiş, lakin vəsaitin ödənilməsi ilə bağlı Gəncə Gömrük İdarəsinə heç bir sənəd təqdim edilməmişdir. Qeyd olunan faktla bağlı 11 dekabr 2025-ci il tarixdə Gəncə Gömrük İdarəsinin Təhqiqat bölməsində "Orelay” firmasının barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iş üzrə icraat başlanılmışdır. "Orelay” firmasının nümayəndəsinin izahatı alınması üçün ünvana bildiriş göndərilmiş, lakin nümayəndə idarəyə gəlib izahat vermədiyi üçün toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. 12 fevral 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Gəncə Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iş yüklərinin çöx olması ilə əlaqədar məhkəmədə iştirak edə biməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsi barədə məhkəməyə məlumat vermişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Gəncə Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 avqust 1999-cu il tarixli, 01 saylı əmrdən çıxarışdan görünür ki, Nümayəndə1 "xxxx" firmasının direktoru təyi edilmişdir. 12 fevral 2025-ci il tarixli müqavilədən görünür ki, bu müqaviləyə əsasən satıcı "xxxx" firması bu müqaviləyə 1 saylı əlavədə göstərilən malları satır, Alıcı Firma “LTD Sofiya” şirkəti isə həmin malları alır və bunun müqabilində Satıcıya bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəniş edir. 26 may 2025-ci il tarixli, **********6941 nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" firması dəyəri 14077,80 ABŞ dolları olan 12660 kq yükü ("xxxx") rəsmiləşdirilərək Gürcüstan Respublikasında yerləşən Firma “LTD Sofiya” şirkətinə ixrac etmişdir. Gəncə Gömrük İdarəsi tərəfindən "xxxx" firmasına ünvanlanmış 11 dekabr 2025-ci il tarixli, 3-33-1600/2-001535/2025 saylı məktubdan görünür ki, Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində barələrində aparılan araşdırma zamanı tərəflərindən bir gömrük bəyannaməsi üzrə Gürcüstan Respublikasına göndərilmiş "xxxx" yükünün müqabilində ödənilməli olan 4077,80 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsi təmin olmadığından qeyd olunan faktın araşdırılması üzrə izahat verilməsi və digər hərəkətlərin yerinə yetirilməsi üçün səlahiyyətli nümayəndənin Gəncə Gömrük İdarəsinə gəlməsi tələb olunmuşdur. 21 may 2025-ci il tarixli, ********* saylı bildirişdən və poçt qəbzindən görünür ki, Gürcüstan Respublikasından Jahchvadze Nikoloz ad və soyadlı şəxs tərəfindən göndərilmiş 4078,00 ABŞ dollar poçt vasitəsi ilə Azərbaycan Respublikasına X3 adına göndərilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı tərəfindən "xxxx" firmasının direktoru Nümayəndə1 ünvanlanmış 02 fevral 2026-cı il tarixli, 6-2-67/2-12/2026 saylı məktubdan görünür ki, 07 may 2025-ci il tarixdə “LTD Sofiya” şirkəti tərəfindən “ABB ASC Ağdaş filialında olan cari hesabına avans təyinatı ilə 10000 ABŞ dolları köçürülmüşdür. 10 dekabr 2025-ci il tarixdə isə “İxrac əməliyyatı üzrə nağd şəkildə ölkə xaricindən gətirilən vəsait” təyinatı ilə 4078 ABŞ dolları cari hesabına mədaxil olmuşdur. İxrac əməliyyatı ilə bağlı təqdim etdikləri **********6941 saylı yük gömrük bəyannaməsinə əsasən hesabına daxil olan hər iki vəsaitin gömrük portalında qeydiyyatı aparılmışdır. Məhkəmə, proses tərəflərinin izahatlarını dinləyib, inzibati xəta haqqında protokol, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs "xxxx" firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Konstitusiya Məhkəməsinin qərarındadan göründüyü kimi, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özüözlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir "xxxx" firması 14077,80 ABŞ dolları məbləğində müxtəlif növ karamellərin Gürcüstan Respublikasında yerləşən “LTD Sofiya” şirkətinə göndərməsi ilə bağlı müqavilə bağlanmış, müqaviləyə əsasən “LTD Sofiya” şirkəti tərəfindən 07 may 2025-ci il tarixdə 10.000 ABŞ dolları əvvəlcədən "xxxx" firmasının müvəkkil bankda olan hesabına köçürülmüşdür və bu, işin mübahisəsiz halıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" firmasının nümayəndəsi X5 Respublikasında yerləşən “LTD Sofiya” şirkətinin fəaliyyətinin dayandırılmasına dair dəlil irəli sürüb bununla bağlı sübut təqdim edə bilməsə də, irəli sürüdyü dəlili belə əsasladırmışdır ki, “LTD Sofiya” şirkəti 10.000 ABŞ dollarını əvvəlcədən "xxxx" firmasının müvəkkil bankda olan hesabına köçürmüş, bundan az müddət keçdikdən sonra fəaliyyəti dayandırıldığına görə qalan 4077,80 ABŞ dollarını həmin hesaba köçürmək mümkün olmamışdır. Bu səbəbdən də, həmin şirkətin nümayəndəsi 4078 ABŞ dollarını 21 may 2025-ci il tarixdə Gürcüstan Respublikasından poçt vasitəsi ilə Azərbaycan Respublikasına onun adına göndərmiş, bundan sonra 26 may 2025-ci il tarixdə gömrük bəyannaməsi tərtib edilməklə 14077,80 ABŞ dolları məbləğində müxtəlif növ karamellər Gürcüstan Respublikasına ixrac edilmişdir. “LTD Sofiya” şirkətinin nümayəndəsi tərəfindən 4078 ABŞ dollarını 21 may 2025-ci il tarixdə Gürcüstan Respublikasından poçt vasitəsi ilə Azərbaycan Respublikasına Namiq Adilovun adına göndərilməsi, məhkəmə baxışında tədqiq edilmiş 21 may 2025-ci il tarixli poçt qəbzi və bunun əsasını təşkil edən bildirişlə öz təsdiqini tapmışdır. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı tərəfindən "xxxx" firmasının direktoru Nümayəndə1 ünvanlanmış 02 fevral 2026-cı il tarixli, 6-2-67/2- 12/2026 saylı məktubdan da görünür ki, ixrac əməliyyatı üzrə ölkə xaricindən nağd şəkildə gətirilən 4078 ABŞ dolları məbləğində vəsait təyinatı üzrə cari hesaba 10 dekabr 2025-ci ildə mədaxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, əsasən malların idxalı zamanı gömrük orqanlarında malların bəyan olunması üçün tələb olunan məlumatlardan biri idxal olunan malların məbləğinin hansı üsullarla və necə ödənilməsidir. Ödənişlər əsasən nağdsız olaraq banklar vasitəsi ilə və xüsusi hallarda nağd formada həyata keçirilir. Qaydaların 12.1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Bu qayda bazar iqtisadiyyatının tələbləri baxımından müəyyən edilmişdir. Əks yanaşma, yəni xarici iqtisadi fəaliyyətin həyata keçirilməsindən əldə edilmiş valyuta vəsaitlərinin qaytarılmaması ölkənin maddi sərvətlərinin qanunsuz olaraq xaricə axmasına və valyuta sisteminin fəaliyyətinə mənfi təsir göstərilməsinə səbəb ola bilərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırdığı hüquqi mövqedən yanaşdıqda, hazırki iş üzrə müəyyən olunan hal bundan ibarətdir ki, hüquqi şəxs "xxxx" firmasının Gürcüstan Respublikasında yerləşən “LTD Sofiya” şirkətinə ixrac etdiyi müxtəlif növ karamellərin dəyəri olan 14077,80 ABŞ dollar ayrı-ayrı vaxlarda, hətta mallar ixrac olunmazdan öncə ifaktiki olaraq ölkəyə daxil olmuş və hüquqi şəxsin qanunsuz olaraq xarici valyuta vəsaitlərinin ölkə xaricində saxlaması və ya valyuta sisteminin fəaliyyətinə mənfi təsir göstərməsi kimi niyyətinin olması sübuta yetirilməmişdir. Əksinə hüquqi şəxsin ixrac etdiyi malların müqabilində 4077,80 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesablara köçürülməsi hüquqi şəxs "xxxx" firmasının səlahiyyətli şəxsinin iradəsindən asılı olmayan səbəblərdən baş tutmamış, həmin vəsait poçt vasitəsi ilə nağd şəkildə ölkəyə daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs "xxxx" firması barəsində 07 yanvar 2026-cı il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə (inzibati xəta tərkibi olmadıqda görə) əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(5-108)-36/2026
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-36/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver