Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-37/2026 16.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, Protokolu tərtib etmiş orqanın nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1959-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur ona görə ki, 21 yanvar 2026-cı il tarixdə saat 12:00-da ünvan 2 ünvanında yerləşən obyektdə sahibkarlıq fəaliyyəti göstərən Şəxs Aşıaralı oğlu operativ vergi nəzarətinin həyata keçirilməsinə maneəçilik edərək imkan verməmişdir. 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Şəxs 21 yanvar 2026-cı il tarixdə saat 12:00-da ünvan 2 ünvanında yerləşən obyektdə sahibkarlıq fəaliyyəti göstərmiş və operativ vergi nəzarətininim həyata keçirilməsinə maneəçilik edərək imkan verməmişdir. Onlar həmin tarixdə vətəndaşın şikayəti əsasında həmin ünvana yollanmışlar, onun üzərində qanunvericiliyin tələbinə əsasən müşahidə kamerası olmuşdur. Onlar obyektə daxil olub çıxanadək olan hadisələr video lentə alınmışdır. Onlar Şəxs obyektinin birinci otağına daxil olmuşlar, ora ofis otağı olmuşdur. Bundan sonra Şəxs əynində həkim libası, önlük, ağzında maska, əllərində əlcək onların qarşısına çıxıb onları bayıra çıxartmışdır. O, Şəxs Ədliyyə Nazirliyinin əmri ilə tanış edib, vətəndaşın müraciəti əsasında obyekti yoxlamalı olduqlarını bildirmiş, lakin Şəxs onlarla mübahisə edərək onları obyekti yoxlamağa buraxmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirib obyektin qapısını bağlamışdır. Bununla da Şəxs sahibkarlıq fəaliyyəti üçün istifadə olunan obyektə baxış keçilməsinə maneəçilik törətmişdir. Bundan sonra onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tələblərini pozduğu üçün protokol tərtib edilmişdir. Tərtib olunmuş protokolu müdafiə edir. 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, vətəndaşın şikayəti əsasında Şəxs fəaliyyət göstərdiyi ünvan 2 ünvanına yolanmışlar, həmin zaman şəxs qapının qarşısında durub heç bir yoxlamanın keçirilməyəcəyini bildirib orada operativ vergi nəzarətininin keçirilməsinin qarşısını almışdır. Bundan sonra onun İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tələblərini pozduğu üçün ona protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, vətəndaşın şikayəti tamamilə əsassızdır. O, həmin ofisdə heç bir fəaliyyət göstərmir, sadəcə həkim kimi məsləhətlər verir. O, sahibkar olmadığından onun barəsində həmin maddə ilə icraat başlanıla bilməzdi. Həmin vətəndaşa da məsləhət vermiş, lakin məsləhət verərkən uşağın atası ilə bir qədər yüksək səslə danışmış, bu səbəbdən həmin şəxslər onun barəsində vergi orqanlarına şikayət etmişlər. Vergi idarəsinin əməkdaşlarını obyektə buraxmamasının səbəbi illərdir onlarla çəkişməli məhkəmə proseslərində olmasıdır. Vergi idarəsinin əməkdaşları mütəmadi ona şər atmağa çalışırlar. Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən onun ofisinə baxış keçirilmişdir. Arxada yerləşən otaqda onun avadanlıqları var, həmin vaxt yoldaşı orada olmuş bu səbəbdən onları içəri buraxmamışdır. Həmin vaxt həkim geyimində, üzərində önlük, ağzında maska, əllərində əlcək olmasına səbəb ofisdə yerləşən avadanlıqların texniki baxımını həyata keçirməsi olmuşdur. Tərtib olunmuş protokol qanunsuzdur, bu səbəbdən barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 26 dekabr 2025-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Şəxs fəaliyyət göstərdiyi ünvan 3 ünvanına 26.12.25-ci il tarixdən xx.xx.2026-cı il tarixədək vergi nəzarəti keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 26 dekabr 2026-cı il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən Şəxs obyektinə 26.12.25-ci il tarixdən xx.xx.2026-cı il tarixədək plandankənar vergi nəzarəti keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 21 yanvar 2026-cı il tarixli aktdan görünür ki, Şəxs ünvan 3 ünvanında operativ vergi nəzarətinin keçirilməsinə maneəçilik törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib şəxs barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Şəxs ünvanladığı 02 fevral 2026-cı il tarixli məktubdan görünür ki, Şəxs xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə fərdi sahibkar kimi 9 saylı Ərazi vergilər İdarəsində vergi uçotuna alınmış və rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər və xx.xx.2022-ci il tarixdən xx.xx.2072-ci il tarixə qədər dayandırılmışdır. 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2026-cı il tarixli keçirilmiş Operativ Nəzarət tədbiri zamanı və xx.xx.2026-cı il tarixli müşahidə baxış tədbiri zamanı fəaliyyət göstərdiyiniz müəyyən olunmuş və fəaliyyətiniz aktivləşdirilmişdir. İş materiallarında olan 9 saylı Ərazi vergilər İdarəsi tərəfindən təqdim olunmuş diskə baxış keçirilərkən müəyyən olundu ki, vergi əməkdaşları Şəxs obyektinin girişində olan otağa daxil olurlar, həmin otaq ofis ləvazimatları ilə təchiz olunub, həmin otağın baş tərəfində olan qapı başqa otağa açılır. Həmin otaqdan Şəxs əynində həkim geyimi, geyimin üzərində önlük, ağzında maska, əllərində əlcək 1-ci otağın girişində dayanan vergi əməkdaşlarının qarşısına çıxır, vergi əməkdaşları 2-ci otağı yoxlamaq istədikdə Şəxs onları bayıra çıxarır, yoxlama keçirməyə icazə vermir. Vergi əməkdaşları dəfələrlə ona hüquqlarını izah etməyə çalışsalar da Şəxs buna məhəl qoymayaraq, obyektin üzərində heç bir fəaliyyət nişanı olmadığını, “Bağlıdır” sözü yazıldığını bildirib onları içəri buraxmayacağını bildirir. Məhkəmə Şəxs heç bir inzibati xəta törətmədiyi ilə bağlı izahatına tənqidi yanaşır və həmin izahatı özünü müdafiə xarakteri daşıyır. Onun bu izahatı inzibati orqanın nümayəndələrinin izhatları, inzibati orqan tərəfindən təqdim olunmuş disk və iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, qeyd olunan sübutları tədqiq edərkən Şəxs yoxlama prosesində sahibkarlıq fəaliyyəti üçün istifadə olunan obyektə baxış keçirilməsinə mane olmağı öz təsdiqini tapır. Həmçinin, məhkəmə qeyd edir ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını göstərsə də onun sahibkarlıq fəaliyyəti göstərməsi və fəaliyyətinin aktivləşməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Şəxs ünvanladığı 02 fevral 2026-cı il tarixli məktubla öz təsdiqini tapır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 28-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(5-108)-37/2026
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-37/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver