Məhkəmə qərarları › İş №3(5-108)-44/2026

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-44/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-44/2026 24.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 187 b olan Şəxs QSC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1ci maddəsi ilə 27 yanvar 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Ağdaş rayonunun Xosrov kəndində “Azərenerji ASC-nin sifarişi ilə Şəxs QSC tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan “Qanunsuz tikinti-quraşdırma işlərinin aparılmasına dair” 19 yanvar 2026-cı il tarixli aktdan görünür ki, Ağdaş rayon İcra hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin mələhətçisi Orxan Niftalıyevin, Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Xosrov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əlqadir Qurbanovun, Xosrov Bələdiyyəsinin sədri Ramil Rəsulovun iştirakları ilə akt tərtib olunmuşdur ona görə ki, Ağdaş rayonunun Xosrov kənd inzibati ərazi dairəsinin ərazisində hüquqi şəxs Şəxs QSC tərəfindən heç bir tikintiyə icazə və ya məlumatlandırma icraatı tətbiq etmədən özbaşına (qeyri-yaşayış) tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Fotoşəkillər akta əlavə edilmişdir. Beləliklə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar