Məhkəmə qərarları › İş №3(5-108)-70/2026

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-70/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-70/2026 24.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1988-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsinin) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş rayonu İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Ağdaş rayon Məhkəməsinin 16(014)-55/2025 saylı xx.xx.2025-ci il tarixli və 2(014)-1663/2025 saylı xx.xx.2026-cı il tarixli icra sənədləri üzrə cəmi 1360 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir və icra məmurunun qanuni tələbini yerinə yetirmir. Nəticədə Məmmədov X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahat verərək Şəxs barəsində tərtib etdiyi protokolda onun yol verdiyi xətanı göstərdiyini və buna görə də inzibati məsuliyyətə cəlb edilməli olduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, icra sənədi üzrə borcu tam ödəməyə maddi imkanı olmasa da icradan yayınmır, tələbkarla razılığa gəlmişdir, hər ay da aliment borcundan hissə-hissə ödəyir, odur ki, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında Şəxs borcundan ödəniş etdiyini, odur ki, barəsində iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini göstərdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli,16(014)-55/2025 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməli, müvəqqəti alimentin tutulması Ağdaş rayon Məhkəməsinin icraatında olan 2(014) 1663/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alanadək müəyyən edilməlidir. xx.xx.2026-cı il tarixli,2(014)-1663/2025 saylı icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla,hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50(sıfır tam yüzdə əlli) misli həddində sabit pul mələğində aliment tutulmalı, aliment ödənişlərinin hesablanması zamanı Ağdaş rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(014)-55/2025 nömrəli qərardadı üzrə ödənilmiş aliment nəzərə alınmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq,xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 3 yaşına çatanadək hər ay 60 manat sabit pul məbləğində aliment Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. “İcraata başlamaq haqqında” qərarlardan görünür ki, xx.xx.2026-cı il və xx.xx.2025ci il tarixlərdə icra sənədləri üzrə icraat başlanılmışdır. xx.xx.2026-ci il, xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, borcluya icra sənədində göstərilən tələbin könüllü icra etməli olduğu bildirilmiş, tələbi icra etmədikdə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı hissə-hissə ödəniş etməklə borcun çox hissəsini ödəmiş, qalan borcu ödəyəciyini bildirmiş, bu barədə zərərçəkmiş şəxslə razılıq da əldə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, zərərçəkmiş şəxslə Şəxs arasında razılıq əldə edilmişdir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxsnın əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 77 (yetmiş yeddi) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar