Məhkəmə qərarları › İş №3(5-108)-76/2026

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-76/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-76/2026 26.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Hüquqi ünvanı Ağdaş rayonu, Ləki ŞTQ "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində 05 fevral 2026-cı il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Mərkəzi Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2026-cı il tarixli, 6-1-26/2-H-41-204/2026 saylı məktub ünvanlayaraq Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-H-41-19293/2025 saylı məktubu ilə ASC-dən tələb edilən sənədlərin (2025-ci ildə səhmdarların ümumi yığınacağının keçrilib-keçrilməməsi barədə məlumat, keçrilibsə həmin yığınacağın protokolu və sözügedən yığınacağa səhmdar Hüseyn Hüseynovun dəvət edilməsini təsdiq edən sənədin (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməsini xahiş etmişdir. Tələb edilən sənədləri ASC məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2026-cı il tarixdə törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 6-1-26/2-H-41-19293/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankına vətəndaş Hüseyn Hüseynovun xx.xx.2025-ci il tarixli müraciəti daxil olmuşdur. Bununla əlaqədar olaraq vətəndaşın müraciətində qeyd edilən məsələnin araşdırılması və nətcəsi barədə məlumatı, zəruri ənədlər (2025-ci ildə səhmdarların ümumi yığınacağının keçrilib-keçrilməməsi barədə məlumat, keçrilibsə həmin yığınacağın protokolu və sözügedən yığınacağa səhmdar Hüseyn Hüseynovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş) əlavə edilməklə 7 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan poçt bildirişindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin məktubu 6 dekabr 2025-ci il tarixdə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 6-1-26/2-H-41-204/2026 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2025-ci il tarixli, 6-1-26/2-H-41-19293/2025 saylı sorğu məktubu ilə istənilən sənədlər bugünədək təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq sözügedən sorğu məktubunda qeyd edilən sənədləri 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunur. Əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna bilərsiniz. İş materiallarında olan poçt bildirişindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin məktubu 17 yanvar 2026-cı il tarixdə almışdır. Beləliklə, «Ağdaş-Pambıq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alıb hesab edir ki, «Ağdaş-Pambıq” Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: «Ağdaş-Pambıq” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar