Məhkəmə qərarları › İş №3(5-109)-263/2026

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-263/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-263/2026 02.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şamxor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Araz Eyvaz oğlu Şəxs İsmayılov xx.xx.2026-cı il tarixdə saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz E 230” markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomobil ilə Ağstafa şəhəri Qarabağ küçəsində hərəkətdə olarkən manevr hərəkətlərini pozduğu və təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmış, bu zaman o, polis əməkdaşları tərəfindən Ağstafa rayon polis şöbəsinə gətirilən zaman küçədə ucadan ünvansız nalayiq ifadələr işlədib səs-küy salmışdır. Buna görə də onun barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 19:40 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes E200 markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomobillə Ağstafa şəhəri, Qarabağ küçəsində hərəkətdə olan zaman manevr qaydasını pozduğu üçün Ağstafa DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. DYP əməkdaşı ondan sürücülük vəsiqəsini və avtomobilə aid sənədləri istəmişdir. Sənədlərə baxış keçirdikdən sonra ondan spirtli içki və narkotik vasitədən istifadə etməsi barəsində verdiyi sualdan sonra özləri ilə birgə onu Ağstafa RPŞ-nin DYPB-nə gətirmişlər. Polis əməkdaşı onun avtomobilini idarə etdiyi zaman avtomobili kobud şəkildə idarə etdiyi üçün ona etirazını bildirmişdir. DYPB-nin inzibati binasında onu sərxoşluq müayinəsindən və narkotik vasitədən istifadə edib-etməməsini yoxladıqları zaman, o, səmimi şəkildə 3 gün əvvəl narkotik vasitə istifadə etməsini bildirmişdir. O, DYPB-nin əməkdaşları ilə birgə Gəncə şəhərində yerləşən Narkoloji xəstəxanada müayinə olunan zaman onun narkotik vasitədən istifadə etməsi aşkar edilmiş və ona ətraflı izah edilmişdir. O, saxlanılan zaman heç bir nalayiq ifadə işlətməmişdir. Həmçinin xx.xx.2026-cı il tarixdə o, tutulmuş və bu müddət ərzində polis şöbəsində olarkən adlarını bilmədiyi polis əməkdaşları tərəfindən döyülmüşdür. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin DYPB-nin YPXnin inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2026-cı ildə saat 20 radələrində ekipaj yoldaşı X1 ilə birlikdə xidmətdə olarkən Ağstafa şəhəri Qarabağ küçəsində Mercedes markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən manevr hərəkətlərinin pozulması və təhlükəsizlik kəmərindən istifadə edilməməsi faktını aşkar etmişlər. Tərəflərindən həmin avtomobil saxlanılmışdır. Sürücüdən özünə və avtomobilə aid sənədləri tələb etmişlər. Sürücünün üz cizgiləri və hərəkətləri şübhə doğurduğu üçün həmin şəxsin sərxoşluq və narkotik vasitə istifadəçisi olub-olmadığını müəyyən etmək üçün onu Ağstafa RPŞ-nin DYPB-nin inzibati binasına aparmaq istəyən zaman həmin şəxs avtomobildən düşərək küçədə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır.Bundan sonra onu Ağstafa RPŞ-nə gətirmişlər. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması qanunvericiliklə inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, Araz Eyvaz oğlu Şəxs İsmayılov xx.xx.2026-cı il tarixdə saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz E 230” markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomobil ilə Ağstafa şəhəri Qarabağ küçəsində hərəkətdə olarkən manevr hərəkətlərini pozduğu və təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmış, bu zaman o, polis əməkdaşları tərəfindən Ağstafa rayon polis şöbəsinə gətirilən zaman polis əməkdaşı onun avtomobilini kobud şəkildə idarə etdiyi üçün ona iradını bildirmişdir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvansız nalayiq ifadə işlətməmişdir. Faktiki olaraq inzibati xəta hadisəsinin baş verməsi bir izahata əsaslanır ki, məhkəmə bunu yetərli hesab etmir. Həmin izahatı da barəsində inzibati icraat aparılan şəxs qəbul etməmişdir. Şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mötəbər sübutlar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, inzibati materialdan Şəxs xırda xuliqanlıq etməsi faktı müəyyən olunmur. Xırda xuliqanlıq nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 02 fevral 2026-cı il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118 və 510-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar