Məhkəmə qərarları › İş №3(5-109)-305/2026

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-305/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-305/2026 12.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ağstafa rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Qazax rayonu, Poylu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair materiala Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:40 radələrində Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində ov etmək qaydalarının kobud şəkildə pozaraq özünə məxsus ov tüfəngi ilə bir ədəd çöl ördəyi ovlamışdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon Polis Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, onun silahının şəhadətnaməsi olsa da, ov etmək üçün lisenziya almamışdır. O, xx.xx.2026-cı il tarixdə saat 09:40 radələrində Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində özünə məxsus ov tüfəngi ilə bir ədəd çöl ördəyi ovlamış, həmin ördəyi isə Ağstafa RPŞ-nin əməkdaşlarına təhvil vermişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, qeyd etdiklərinin nəzərə alınaraq ona ən yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən Ağstafa rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 göstərdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:40 radələrində Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində ov etmək qaydalarının kobud şəkildə pozaraq özünə məxsus ov tüfəngi ilə bir ədəd çöl ördəyi ovlamışdır. Bu barədə raport tərtib olunmuş, həmin raport əsasında Şəxs izahatı alınmış, silaha, edilmiş ova baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, edilmiş ov “Tezgəl” mağazasına satılaraq pulu Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə ödənilmiş, silah və iki ədəd patron isə Ağstafa RPŞ-də saxlanılır. Ona görə də, qeyd etdiklərini nəzərə alıb onların inzibati məsuliyyətə cəlb olunmalarını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə xidmətdə olarkən Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində silah səsi eşitmiş, həmin əraziyə yaxınlaşarkən bir nəfər şəxsin dayanmasını görmüşlər. Həmin şəxsə silahla ov etməsini bildirsələr də o, silahının olmamasını bildirmiş, sonradan ərazidə olan qamışlıqdan silahı aşkar etmişlər. Bundan sonra həmin şəxs silahının ona məxsus olmasını, sənədinin olmasını, silahla bir ədəd ördək vurmasını, lakin ov etmək üçün icazə almamasını bildirmiş, bundan sonra həmin şəxsi, silahı və ovladığı ördəyi Ağstafa RPŞ-nə gətirmişlər. Şöbədə olan zaman ov edən şəxsin Ağstafa rayonu, Poylu qəsəbə sakini Şəxs olmasını müəyyən etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:40 radələrində Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində ov etmək qaydalarının kobud şəkildə pozaraq özünə məxsus ov tüfəngi ilə bir ədəd çöl ördəyi ovlamışdır. Bu barədə raport tərtib olunmuş, həmin raport əsasında Şəxs izahatı alınmış, silaha, edilmiş ova baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, edilmiş ov “Tezgəl” mağazasına satılaraq dəyəri Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə ödənilmiş, Şəxs mülkiyyətində olan 16 kalibirli, qoşa lüləli, Ya-00015 nömrəli ov silahı isə Ağstafa RPŞ-də saxlanılır. Məhkəmə qeyd edir ki, xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır Beləliklə, Şəxs tərəfindən İXM-nin 272-1-ci maddəsidə nəzərdə tutulan inzibati xətanın törədilməsi təqsirləndirilən şəxsin, polis əməkdaşlarının izahatı, inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, onlar İXM-nin 272-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətmişdir, əməlindən peşmandır və həmin hallar onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə, Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə, həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Eyni zamanda iş materiallarından görünür ki, 1 ədəd 16 kalibrli, qoşa lüləli, Ya- 00015 nömrəli ov silahı maddi sübut kimi tanınaraq Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta törədərkən istifadə edilmiş 16 kalibrli, qoşa lüləli, Ya-00015 nömrəli ov silahının Şəxs mülkiyyətində olmasını və həmin silahın cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, Ağstafa RPŞ-də saxlanılan 16 kalibrli, qoşa lüləli, Ya-00015 nömrəli ov silahı sahibi Şəxs qaytarılmalı, ovlanmış 1 ədəd Avrasiya yaşılbaş ördəyin isə satılaraq dəyərinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ödənilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 117 və 272-1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə görə 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilmiş 16 kalibrli, qoşa lüləli, Ya-00015 nömrəli ov silahı sahibi Şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd Avrasiya yaşılbaş ördəyin isə satılaraq dəyərinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ödənilməsi nəzərə alınsın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar