Məhkəmə qərarları › İş №3(5-109)-313/2026

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-313/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-313/2026 20.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ağstafa RPŞ-nın İTB-nin polis sahə rəisi polis kapitanı X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Ağstafa rayonu, Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 3-cü qrup əlil, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206 və 510.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:45 radələrində Ağstafa şəhəri, Şəhidlər xiyabanının yaxınlığında ucadan ünvansız nalayiq ifadələr işlədərək səs-küy salmış, polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə o öz əməlini davam etdirmişdir. Daha sonra polis əməkdaşları onu Ağstafa RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra həmin şəxsin narkotik vasitələr istifadəçisi olduğu məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, dostları Səfər və Arazla birlikdə qəbristanlıqda Arazın atasının qəbrinin qapısının qırıldığını onu düzəltmək üçün getdiklərini bildirdi. Daha sonra onlar qəbiristanlıqdan çıxarkən “Şəhidlər xiyabanı” qarşısında polis əməkdaşları onları saxlamışdır. Bundan sonra polis əməkdaşları onu tutaraq Ağstafa RPŞ-nə gətirmişlər. Daha sonra onun narkotik vasitə istifadə edib-etməməsini müəyyən etmək üçün Gəncə şəhərində yerləşən narkoloji dispanserə aparmışlar. Orada müayinə olunduqdan sonra onun narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. O, marixuana adlı narkotik vasitəni əvvəllər istifadə etmişdir, əməlindən peşmandır. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:45 radələrində Ağstafa şəhəri, Şəhidlər xiyabanının yaxınlığında ucadan ünvansız nalayiq ifadələr işlədərək səs-küy salmış, polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə o öz əməlini davam etdirmişdir. Daha sonra onu Ağstafa RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra həmin şəxsin narkotik vasitələr istifadəçisi olduğu məlum olmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2026-cı il tarixli rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heriondən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:45 radələrində Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:45 radələrində Ağstafa şəhəri, Şəhidlər xiyabanının yaxınlığında xırda xuliqanlıq etməsi, yəni ictimai qaydanı pozması, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, inzibati materialdan Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa, Məhkəmə qeyd edir ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələr qəbul edilməsidir. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitə qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Beləliklə, Şəxs tərəfindən İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, raport, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, şahid ifadələri, ekspert rəyi və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətmişdir və həmin hal onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş materiallarında onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada həbs olunmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 13:30-da tutulmuşdur. Məhkəmə hesab edir ki, onun həbsdə saxlanma müddəti həmin tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 37, 53, 105, 114.1.1, 115, 117, 206 və 510.1ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2026-cı il tarixdə, saat 13:30-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X2 Saxlama Yerində saxlanılsın. Şəxs inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar