Məhkəmə qərarları › İş №3(5-109)-337/2026

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-337/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-337/2026 04.03.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva Zərifə Mərdan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1984-cü ildə Gədəbəy rayonunun Qaravəllər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağstafa rayonunun Xətai kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Cəfərov X5 Rayon Məhkəməsinin 2(015)-938/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən ondan 988,07 manat əsas, 209,5 manat faiz, 9 manat cərimə olmaqla, cəmi 1206,57 manat borc və 30 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1096/2021 saylı, 12 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən ondan 907,1 manat əsas, 137,48 manat faiz, 77,05 manat cərimə olmaqla, cəmi 1121,63 manat borc və 30 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması və Ağstafa Rayon Məhkəməsinin 8(015)- 29/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2025-ci il tarixdən başlayaraq X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində olmaqla ümumilikdə 1 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, işləmədiyindən borcunu ödəyə bilməmişdir. Belə ki, o, aliment borcundan biraz ödəniş etmiş, lakin daimi işi olmadığı üçün borcunu tam şəkildə ödəməmişdir. Həmçinin 2023-cü ildən müvafiq polis orqanı tərəfindən axtarışda olduğunu, icra məmurunun onunla mütəmadi əlaqə saxlayaraq icra şöbəsinə dəvət olunduğunu bildirsə də gəlməməsinin səbəblərini izah etməmiş, yalnız maddi imkanı olmadığından gələ bilmədiyini qeyd etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Tələbkar şəxslər məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına Şəxs hər üç icra sənədi üzrə borcunu tam şəkildə ödəməmiş və onun aliment üzrə 5830 manat borcu yaranmışdır. O, borcun ödənilməsi ilə bağlı Ağstafa rayon İcra və Probasiya şöbəsinə dəvət olunsa da, icra şöbəsinə gəlməkdən yayınmış, ona görə də borclunun barəsində axtarış elan edilmişdir. O, polis əməkdaşları tərəfindən tutularaq icra və probasiya şöbəsinə təhvil verilmiş və borclunun barəsində tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını və ona inzibati həbs növündə tənbeh verilməsini xahiş etdi. Müəyyən olunduğu kimi, Ağstafa Rayon Məhkəməsinin 2(015)-938/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 988,07 manat əsas, 209,5 manat faiz, 9 manat cərimə olmaqla, cəmi 1206,57 manat borc və 30 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmuş, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1096/2021 saylı, 12 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 907,1 manat əsas, 137,48 manat faiz, 77,05 manat cərimə olmaqla, cəmi 1121,63 manat borc və 30 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmuş və Ağstafa Rayon Məhkəməsinin 8(015)-29/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində olmaqla ümumilikdə 1 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şəxs alimentdən yaranan borcu 5830 manat təşkil edir. O, hazırda maddi vəziyyətinin kifayət qədər yaxşı olmamasını, işsiz olmasını və ona görə də alimenti tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, aliment öhdəliyi olan şəxs qazancının bir hissəsini aliment borcuna ödəməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxsə qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 mart 2026-cı il saat 17:45-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X4 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cavad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar