Məhkəmə qərarları › İş №3(5-109)-93/2026

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-93/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-93/2026 29.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş 15 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş 15 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli qərarla X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini, inzibati məsuliyyətdən azad olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, o, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərir, Ağstafa şəhəri, H.Əliyev prospekti giriş 65 A ünvanında yerləşən özünə məxsus obyektdə bərbərxana dükanı var. O, 30 ildən çoxdur ki, bərbər kimi fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi sahə xidmət sahəsidir, Təsnifat Kodp 030210, Məşğulluq Təsnifatında kodu 5141-dir. Vaxtlı-vaxtında rüblük və illik bəyannamələrini verir, təsnifata uyğun vergi, sosial sığorta ödənişləri və icbari tibbi sığortanı vaxtında ödəyir. Heç bir qanun pozuntusuna yol vermir. Lakin Səhiyyə Nazirliyi obyektdə lazer epilyasiya cihazının (aparatının) olmasını əsas gətirib ona qanunsuz tibbi fəaliyyətlə və qanunsuz əczaçılıqla məşğul olmaqda günahlandıraraq cərimə yazmışdır. Həm də onu vəzifəli şəxs kimi qeyd etmişdir ki, bu isə tamamilə yanlış yanaşmadır. O, heç bir tibbi fəliyyət, yaxud hansısa əczaçılıq sahəsi ilə məşğul olmur. O sahə ilə məşğul olmaq üçün tibbi təhsili də yoxdur. İXM-nin qeyd edilən maddəsində yazılanlar özəl tibbi fəaliyyətlə məşğul olanlara aiddir. Ona görə də, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayət ərizəsini müdafiə edib, bildirdi ki, şikayət verdiyi qərarda onun işlətdiyi yer tibb mərkəzi kimi yazılmış, lakin ora kişilər üçün bərbərxana dükanıdır. Dükanda avadanlıqlar isə tibbi avadanlıqlar deyil. Odur ki, şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətçini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir Belə ki, 11 dekabr 2025-ci il tarixli, ******* saylı protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş 15 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli qərarla X2 AR İXM-nin 210.1-ci maddəsi üzrə 5000 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 15 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 11 dekabr 2025-ci il tarixdə Ağstafa şəhəri, Heydər Əliyev prospekti 65 A ünvanında yerləşən “bərbərxana” dükanında fərdi sahibkar X1 lisenziya olmadan özəl tibb fəaliyyəti (“kosmetoloji" lazer epilyasiya) göstərilməsi faktı aşkar olunmuşdur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə elə öhdəlik müəyyən edir ki, məhkəmə proses iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlarla müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə ilk öncə bildirmək istəyir ki, özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrin fəaliyyətinə nəzarət edilməsi səlahiyyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə məxsusdur. Öz səlahiyyətləri çərçivəsində qeyd edilən obyektlərdə müvafiq yoxlamaların həyata keçirilməsi və müvafiq araşdırmaların aparılması Mərkəzə məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 10-cu bəndinə görə dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Dövlət orqanları arasında səlahiyyət bölgüsünün olmaması hüquqlardan sui-istifadə hallarına səbəb olmaqla, insan və vətəndaşın konstitusion hüquqlarının pozulması ilə nəticələnəcəkdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya– müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müavini X3 tərərfindən qəbul edilmiş 15 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 11 dekabr 2025-ci il tarixdə Ağstafa şəhəri, Heydər Əliyev prospekti 65 A ünvanında yerləşən “Bərbərxana” dükanında fərdi sahibkar X1 lisenziya olmadan özəl tibb fəaliyyəti (“kosmetoloji" lazer epilyasiya) göstərilməsi faktı aşkar edərək, X1 lisenziya tələb edən özəl tibbi fəaliyyətlə məşğul olmasını müəyyən etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli protokol tərtib etmiş, daha sonra isə həmin protokol əsasında İXM-in 210.1-ci maddəsinə əsasən 15 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, lisenziya tələb olunan fəaliyyətin sırasına özəl tibbi fəaliyyəti ilə məşğul olmaq da qeyd edilmişdir. Belə ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın 1 nömrəli Əlavəsinin 2.13.2-ci yarımbəndində kosmetoloji xidmət lisenziyalaşdırılmış tibbi xidmətlər sırasına aid edilmişdir. Həmçinin, “Özəl tibb fəaliyyəti haqqında” Qanun 4-cü bəndinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Göründüyü kimi, kosmetoloji xidmət lisenziyalaşdırılmış tibbi xidmətlər sırasına aid edilmiş, həmçinin həmin fəaliyyətin özəl tibb fəaliyyəti sahəsində həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı X1 Ağstafa şəhəri, Heydər Əliyev prospekti 65 A ünvanında yerləşən “Bərbərxana” dükanında lisenziya olmadan özəl tibb fəaliyyəti (“kosmetoloji" lazer epilyasiya) ilə məşğul olması aşkar olunmuşdur. Bu səbəbdən onun barəsində 11 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş 15 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli qərarla X2 AR İXM-nin 210.1-ci maddəsi üzrə 5000 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa, X4 ona vəzifəli şəxs kimi deyil, fiziki şəxs kimi inzibati tənbeh verilməsini xahiş etmişdir.. Məhkəmə bununla bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxsə hüquqi qiymət verilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsində isə göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, X4 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan vəifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Həmin Məcəllənin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X4 barəsində qərar qəbul olunarkən qanunvericiliyin maddi və prosessual tələblərinə riayət olunaraq heç bir hüquq və ya qanun pozuntusuna yol verilməmiş, inzibati tənbeh tətbiq edilərkən işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar faktiki sübutlarla müəyyən edilərək düzgün qərar qəbul edilmişdir. Ona görə də, şikayət təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 15 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X1 barəsində qəbul edilmiş 15 dekabr 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar