Məhkəmə qərarları › İş №3(5-110)-6/2026

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(5-110)-6/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(5-110)-6/2026 14.01.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Abasxanlı kəndində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında mübahisələr gedir, onlar bir-birilərindən şikayət edirlər. xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bu səbəbdən, Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, barəsinda şikayət edən Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. O, 2016-cı ildə Zərərçəkmiş şəxs ilə evlənmiş və ailə həyatı qurmuşdur. Evlilik müddətində 3 övladları dünyaya gəlmişdir. Evli olduqları müddətdə aralarında ailədaxili mübahisələr olsa da, bu baradə heç vaxt polisdə araşdırma aparılmamışdır. 24 dekabr 2025-ci il tarixdə, saat 13 radələrində evdə olarkən Mətanət azyaşlı övladı vasitəsilə ona xəbər göndərərək anasıgilə gedəcəyini bildirmişdir. Həmin vaxt o, çöldən həyətə daş daşıyırmış. Daş daşıyarkən Mətanət övladları ilə birlikdə evdən çıxıb getmişdir. Bir qədər sonra azyaşlı qızı Leylanın xalasının qızı ilə birlikdə görmüşdür. O, Leyladan hara getdiklərini soruşmuşdur. Leyla çantasını götürüb hazırlığa getdiyini bildirmişdir. O da niyə nənəsigildən hazırlığa getdiyini, gəlib niyə buradan getmədiyini soruşmuş, Mətanətin anasının Kürdəmirdəki falçıya apardığını deyərək, falçını nalayiq ifadə ilə söymüşdür. Bir qədər sonra Mətanət gəlmişdir. Həyətdən çöldə olarkən Mətanət niyə övladının yanında nalayiq ifadə işlətdiyini soruşmuşdur. O, kənar şəxslərin görməsindən utandığı üçün Mətanətin qolundan yapışaraq onu həyətə dəvət etmişdir. Mətanətə söyūş söymədiyini, öz qohumuna niyə söyüş söyməli olduğunu bildirdikdə, Mətanət nalayiq ifadələrlə onu söyərək təhqir etmişdir. Bundan sonra o, əsəbləşərək şillə ilə Mətanətin sifət nahiyəsindən vurmuşdur. Mətanət ona əl atdıqdan sonra onun saçından yapışaraq yerə yıxmışdır. Mətanət söyüş söyməyə davam etdiyindən əlinin içi ilə onun baş nahiyəsindən vurmuşdur. Bundan sonra Mətanət evə gedərək sənədlərini və sosial kartını götürmüş, onu süründürəcəyini deyərək çıxıb getmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 2016-cı ildə Ağsu şəhər sakini Şəxs ilə evlənmiş və ailə həyatı qurmuşdur. Evlilik müddətində 3 övladları dünyaya gəlmişdir. Evli olduqları müddətdə aralarında ailədaxili mübahisələr olsa da, bu barədə hec vaxt polisə şikayət etməmişdir. Azyaşlı övladında nitq problemi olduğundan, 24 dekabr 2025-ci il tarixdə səhər saatlarında övladını Ağsu şəhər Tədris Mərkəzində işləyən psixoloq-loqopedin yanına aparmışdır. Saat 13 radələrində yaşadığı evə geri qayıtmışdır. Onun evdə olmadığı vaxt Valeh digər övladlarının yanında yalan danışaraq guya onun loqopedə yox, anası ilə Kürdəmir rayonuna getdiyini demiş və övladlarının yanında nalayiq ifadələr işlətmişdir. Evin həyətində olarkən o, Valehə ayıb olduğunu və niyə azyaşlı uşaqların yanında söyüş söydüyünü deyərək iradını bildirmişdir. Sonra Valeh səs-küy salmış, qarşılıqlı sözlü mübahisə zamanı Valeh onun saçından yapışaraq yerə yıxmış və yıxılarkən sifət nahiyəsi yerdə olan betonun üzərinə dəymişdir. Sonra Valeh onu şillə ilə baş və sifət nahiyələrindən vurmuşdur. Daha sonra Valeh onun qolundan yapışaraq evə aparmışdır. Evin içərisində olarkən Valeh yenidən onu şillə ilə sifət və baş nahiyələrindən vurmuşdur. Bundan sonra Valehin anası Rəsimə araya girərək onları ayırmışdır. Daha sonra ondan evi tərk etməsini tələb etmişdir. O da evi tərk edərək anasının yaşadığı evə getmiş və həmin yerdə 102 xidmətinə zəng edərək şikayət etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu rayon X4 Bölməsinin xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün Ağsu RPŞ-in X1 göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 287 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün bayır bucağı nahiyəsində qançırlar küt-bərk əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin və şahidin izahatı, Ağsu rayon X5 Bölməsinin qərarı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar